top of page

Ənənəvi Biliklər və "Ənənəvi" Hüquq: Necə Qorumalı?

Ənənəvi biliklər mədəniyyətin bir hissəsi kimi nəsildən nəsilə ötürülən yaradıcılıq məhsullarıdır. Ənənəvi biliklər deyəndə ağla köhnəlmiş, dəyişikliklərdən uzaq biliklər gəlsə də, onlar əslində kifayət qədər canlı və dinamik yaradıcılıq məhsullarıdır. Mədəniyyət(lər)in müəyyən texniki problemləri həll etmək, xəstəlikləri müalicə etmək üçün istifadə etdiyi üsullar, ovçuluq və yığıcılıq alətləri, endemik bitki və heyvan aləminin genetik materialları, o cümlədən, xalq yaradıcılığı məhsulları (xalq mahnıları, rəqslər, ayinlər və sair) ənənəvi biliklərə daxildir. Ənənəvi biliklər, adətən, hansısa reyestrdə qeydə alınmır, hətta yazı ilə ifadə olunmur, ağızdan-ağıza ötürülərək yerli icmaların həyat tərzinin bir hissəsinə çevrilir. Azərbaycanda türkəçarə - tibbi müalicə üsulları və ya Azərbaycanın xalq mahnıları ənənəvi biliklərə misal ola bilər.

Ənənəvi biliklər bir yerli icmanın ictimai varidatı hesab olunur. Bir çox hallarda bu biliklər icmanın uzun illər sağ qalmasına, torpaqdan məhsul əldə etməyə və düşmənlərə qarşı mübarizəyə kömək edir. Bəzən isə bir icmanı birləşdirən dəyərlər kimi çıxış edir. Ona görə də, ənənəvi biliklərin ələ keçirilməsi və ya icmanın bu biliklərdən dayanıqlı şəkildə istifadə etməsinə əngəl törədilməsi icmanın kimliyini itirməsinə, məhvinə səbəb ola bilər. Digər tərəfdən, ənənəvi biliklər bütün bəşəriyyət üçün dəyərli ola bilər, müalicəsi mümkünsüz hesab olunan xəstəliklərin əlacı ənənəvi biliklərdə gizli ola bilər. Ənənəvi biliklərin “qiymətini bilən” şirkətlər çox vaxt bu bilikləri oğurlamaq və lazım gələrsə, patentləşdirmək üçün əlindən gələni edir. Bu cür qanunsuz müdaxilələrə qarşı ənənəvi biliklərin qorunması zəruridir. Lakin uyğun mühafizə mexanizminin tapılması çətindir, çünki ənənəvi biliklər hüququn formalaşdırdığı qəliblərə sığmır (əşya, hüquq və sair). Üstəlik, ənənəvi biliklərin sahibinin müəyyən olunması, hüquq subyektinin ayrı-ayrı şəxslər yox, icma olması mühafizəni daha da çətinləşdirir. Bir çox yurisdiksiyada ənənəvi biliklər ya əqli mülkiyyət hüququnun obyekti kimi ya da özünəməxsus normalarla (sui generis) qorunur. Mühafizə, əksər hallarda, müdafiə xarakterlidir; qanun icmaya ənənəvi bilikləri qanunsuz ələ keçirənlərə qarşı irəli sürə biləcək hüquqlar verir. Ənənəvi bilikləri əqli mülkiyyət kimi tanıyan yurisdiksiyalarda isə hüquq sahibinə ənənəvi bilikləri müqavilə qaydasında güzəşt etmək və ya istifadəyə vermək hüququ tanınır. Subyekt problemi olduğu üçün icmanın pozitiv hüquqlarını dövlət orqanları təmsil edir, ənənəvi biliklərin istifadəsindən əldə olunan gəlirlər istifadəçi və təminatçı (icma) arasında bölüşdürülür. Lakin mövcud hüquqi mexanizmlər kifayət etmir. Çünkü bəzi hallarda birdən çox icma eyni anda ənənəvi biliklərin sahibi olur ki, bu hallarda ənənəvi biliyə sahib olan bütün icmaları müəyyən etmək və prosesə cəlb etmək çətinləşir. Dünyadan təcrid olunmuş halda yaşayan qəbilələr, adətən, danışıqlara girmir, nə bahasına olursa olsun, ənənəvi biliklərini paylaşmırlar.

Ənənəvi biliklərin qorunması üçün hüquqi mexanizmlər olsa da, əlavə üsullara ehtiyac var. Bəşəriyyətin faydalana biləcəyi ənənəvi biliklərə çatımlılıq təmin olunmalıdır, ancaq ənənəvi biliklər yerli icmanın özünün və ya mədəniyyətinin məhv olması hesabına istismar edilməməlidir. İnformasiya-kommunikasiya texnologiyalarının (İKT) yayılması ənənəvi biliklərin qorunması baxımından həm imkan, həm də təhlükəyə çevrilə bilər. Biliyə çatımlılığın asanlaşması, ənənəvi biliklərin məlumat bazalarında toplanması mühafizəyə kömək edə bilər. Digər tərəfdən, İKT ənənəvi biliklərin qanunsuz yayıldığı platformalara da çevrilə bilər. Bir yerə toplanmış ənənəvi bilikləri elektron resurslardan oğurlamaq və yaymaq asanlaşdığından, texnoloji müdafiə mexanizmlərinə ehtiyacın artacağı güman olunur.

 

Əziz oxucu,

Bloqumuzu oxuduğunuz üçün təşəkkür edirik. Yazını bəyənməyi, fikirlərinizi və suallarınızı şərh bölməsində bildirməyinizi və sosial şəbəkə hesablarınızda paylaşmağınızı xahiş edirik. Bizi Facebook hesabımızdan izləməyi unutmayın.

57 views0 comments
bottom of page