top of page

Ən Yaxşı Təcrübə: Yeni Texnologiyalar və Ədliyyə Sistemi

Texnologiya transferi çoxumuzun biznes kontekstində eşitdiyi bir anlayışdır. Şirkətlər məhsuldan az xərclə çox bəhrə götürmək üçün texnologiyanın yardımına qaçır, ixtiraçı və ya istehsalçı şirkətlərdən texnologiya transfer edir. Son illərdə bu hadisə dövlət sektorunda, xüsusilə, ədliyyə sistemində özünü göstərir. Ədliyyə sistemində yeni texnologiyaların artması texnologiya transferində milli maraqların alovlanmasına işarə edir.


Ədliyyə sisteminin yeni texnologiyalara alışması asan deyil. Yetkinlik yaşına çatmayan işlərdə təqsirləndirilən və ya ittiham olunan şəxs haqqında həyati əhəmiyyətli qərarları qəbul edəndə ədliyyə sisteminin işçiləri, əksər hallarda, yeni texnologiyalardansa, müşahidəyə əsaslanan intuisiyaya üstünlük verirlər. Şübhəli şəxslərin dairəsini müəyyən etmək, onları izləmək üçün də istintaq taktikasının yanında müstəntiq və ya təhqiqatçının əvvəlki təcrübələri və hisləri vacib rol oynayır. Bu gün isə texnologiya hisləri kənara qoyaraq daha effektiv həll yolları təklif etməkdə israrlıdır. Cinayət prosesində intiutiv düşüncəyə təsir etmək üçün yeni texnologiyaların tətbiqində ən yaxşı təcrübəni aşkar etməli və yaymalıyıq.


Onlayn Tətbiqetmələr: Yardım Müəssisələrinə Asan Çıxış


Yuvenal (yetkinlik yaşına çatmamış şəxslərin işləri bağlı) ədliyyə sistemində tətbiq edilən texnologiyalardan ən məşhuru onlayn tətbiqetmələrdir. Misal üçün, ABŞ-da istifadəyə verilən Philly onlayn tətbiqetməsi vasitəsilə, xüsusilə, yetkinlik yaşına çatmayanlar və gənclər ətrafdakı sığınacaq, yeməkxana və ya tibbi xidmətlər təklif edən yerlər haqqında asanlıqla, Google-da axtarış etmədən məlumat ala bilirlər. Yetkinlik yaşına çatmamış şəxslər və gənclər azadlıqdan məhrum etmə növündə cəzanı çəkdikdən sonra azadlığa buraxılanda hələ də risk qrupuna aid edilirlər, çünki bu şəxslərin bəzən yaşayacaqları evi, sabit gəlir üçün imkanı və ya qayıdacağı ailəsi olmur. Cəza müddəti başa çatsa da, təkrar cinayətlərin qarşısını almaq üçün tədbirlərin görülməsi də yuvenal ədliyyə kontekstində başa düşülür. Bu halda cəza müddətini başa vurmuş şəxsləri təkrar cinayət törətməkdən çəkindirmək üçün sığınacaqlar, tibb müəssisələri və digər yardım ocaqları ilə tanış etmək və yönləndirmək həyati əhəmiyyət daşıyır.



Sürətli Məlumat Mübadiləsi və Ani Tərcümə Xidməti


Texnologiyanın ədliyyə sistemində mövcud tətbiq formalarından biri ortaq cinayət işi kataloqlarının yaradılması, müəssisələrarası ani tərcümə xidmətləri və vəzifəli şəxslərin ehtiyac duyduğu informasiyanı dinamik şəkildə təmin edən ekranlardır. Vəzifəli şəxslərin bu texnologiya ilə işləmə qabiliyyətini formalaşdırmaq üçün maarifləndirilməsi bura daxildir.


Tərcümə və interpretasiya ilə əlaqədar bir neçə il əvvəl Microsoft şirkətinin ticari dövriyyəyə buraxdığı ingilis dili – ispan dili ani tərcümə cihazları misal göstərilə bilər. Yolda bir ispan sürücünü saxlayan ingilis dilli polis, sürücünün ingilis dilini bilmədiyini aydınlaşdırdıqdan sonra əlindəki cihaza, məsələn, “problem yoxdur, zəhmət olmasa, sürücülük vəsiqənizi yoxlanış üçün təqdim edin” deyir və cihaz elə o dəqiqə həmin cümlənin ispan dilinə tərcümə edib səsli oxuyur. Bu cihaz vəzifəli şəxslə vətəndaş (həm də əcnəbilər) arasındakı dil bariyerini ortadan qaldırır və problemsiz ünsiyyətə xidmət edir.


Axtarış və Qərar Qəbul Edici Kompüter Proqramları


Texnologiya və ədliyyənin qovuşduğu nöqtədə ən maraqlı hadisələrdən biri ağıllı proqramlardan istifadədir. Cinayət prosesində kompüter proqramları iki mövzuda vəzifəli şəxslərə kömək edir; birincisi, vəzifəli şəxs bir şəxsdən şübhələnərsə, bu proqramlar vəzifəli şəxsə lazım olan məlumatı həddindən artıq geniş məlumat bazalarından axtarır və tapıb çıxarır, ikincisi, proqram çeşidli məlumatları statistik alqoritmlər vasitəsilə analiz edərək bir qərara gəlir və vəzifəli şəxsə verəcəyi qərarla bağlı məsləhət verir. Birinci tip proqramlar, əsasən, şübhəli şəxs haqqında onun sosial şəbəkə hesabları və ümumi cinayət işi kataloqları vasitəsilə məlumatların toplanmasına xidmət edirsə, ikinci proqramlar, adətən, hakimlərə ev dustaqlığı və ya girov həbs qətimkan tədbirini seçməkdə kömək edir.



Gələcək üçün Əşyaların İnterneti və Avtomat Maşınlar


Bu günün və gələcəyin ən böyük innovasiyalarından sayılan əşyaların internetinin (Internet of Things – IoT) ədliyyə sisteminə tətbiqi gündəmdədir. Xüsusilə, vəzifəli şəxslərin (o cümlədən, polislərin) biotibbi sensorlarla təchiz olunması və sağlamlıq və təhlükəsizliyinin izlənməsi, bu sensorlar vasitəsilə hadisə yerinə yaxın olan vəzifəli şəxslərin aşkar olunması gözlənilən tətbiq sahələridir. Əşyaların internetinin digər tətbiq forması isə, maraqlıdır ki, barəsində ictimai və ya islah işi növündə cəza seçilən və ya cəzadan şərti olaraq vaxtından əvvəl azad edilən şəxslərdir. Bu şəxslərin olduğu yer haqqında məlumatların sensor cihazları ilə izlənməsi təcrübəsi artıq tətbiq olunur. İnsansız və avtomatlaşdırılmış nəqliyyat vasitələrinin polis sistemində istifadə olunması nəzərdən keçirilən texnologiyalardandır.



Şəxsin olduğu yer haqqında məlumatları izləyən cihazlar və üz tanıma texnologiyalarının tətbiqində mülki hüquqlar, şəxsi həyatın gizliliyi və kibertəhlükəsizliyə dair narahatlıqlar nəzərə alınmalıdır. Bu cür texnologiyalar işə salınmazdan əvvəl, informasiyanın necə toplanacağı və ya istifadədən sonra məhv edilməsi haqqında standart, prosedur və siyasət dəqiq müəyyən olunmalıdır. Hesab edirik ki, şəxsi həyatın gizliliyinə dair narahatlıqlar yeni texnologiyalardan uzaq durmaq üçün bir səbəb olmamalıdır. Hər bir halda, cəmiyyət olaraq ən yeni texnologiyalarla birlikdə yaşamağa alışmalı, ancaq bu avadanlıqların gizlilik və kibertəhlükəsizlik protokollarından xəbərdar olmalı, şəffaflıq tələb etməliyik.


Mənbə:


1. Jessica Snow, Technology on the Inside: Inside the Juvenile Justice System, YALSA Blog, March 6, 2018.

2. John S. Hollywood et al., Emerging Technology Trends and Trends on Criminal Justice, RAND Corporation, 2018.

3. John S. Hollywood et al., Using Future Internet Technologies to Strengthen Criminal Justice, The U.S. Department of Justice, National Institute of Justice, 2014.

 

Əziz oxucu,

Bloqumuzu oxuduğunuz üçün təşəkkür edirik. Yazını bəyənməyi, fikirlərinizi və suallarınızı şərh bölməsində bildirməyinizi və sosial şəbəkə hesablarınızda paylaşmağınızı xahiş edirik. Bizi Facebook hesabımızdan izləməyi unutmayın

41 views0 comments
bottom of page