Akademik Hüquqi Yazının “Resepti”: İddialı Hüquqi Yazı Necə Olmalıdır?
Bloqumu əvvəldən izləyən üzvlərimiz bilir ki, vebsaytda “Akademik Yazı” kateqoriyası altında akademik yazının, ümumilikdə, yazının incəlikləri haqqında öyrəndiklərimi paylaşıram. Hovard S. Bekerin sosial elmlərdə akademik yazı haqqında düşüncələrini və həmin kitabda deyilənlərə öz yanaşmamızı paylaşmışdım. Bloqumu izləyənlər arasında hüquqşünasların çox olduğunu nəzərə alaraq düşündüm ki, akademik yazıya ümumi girişdən sonra akademik hüquqi yazıdan yazmaq zəruridir. Bu dəfə Yevgeni Voloxun (Eugene Volokh) “Akademik Hüquqi Yazı” kitabından öyrəndiklərimi bir neçə bloq şəklində yazacam. Kitabın ingilis dilində "pdf" versiyasını saytımıza üzv olaraq “Kitabxana” bölməsindən götürə bilərsiniz.
Kitab maraqlı bir ön sözlə başlayır. Volox haqqında fikirlərini yazan hakim Aleks Kozinski (Alex Kozinski) onunla ilk görüşündən danışır. Nüfuzlu bir universitetdən yüksək balla məzun olan, tanınmış professorlardan tövsiyə məktubları alan bir tələbə olan Yevgeni Volox Aleks Kozinskinin yanında işləmək üçün müsahibəyə gəlir. Kozinski yazır ki, Voloxun göstəriciləri ürəkaçan olsa da, axır-əvvəl subyektiv qiymətləndirmədən başqa bir şey deyildi. Volox haqqında obyektiv məlumat mənbəyi axtaran Kozinski müsahibədə Voloxun yanında gətirdiyi akademik yazını oxumadan qərar vermək istəmir. Həqiqətən də, göstəricilərimiz nə qədər yüksək olur olsun, yazdığımız yazı bizim haqqımızda universitetdə topladığımız baldan və nə qədər obyektiv olursa olsun, aldığımız tərif və təşəkkürnamələrdən daha çox şey deyir. Düşüncəmizin (saf) məhsulu yazıdır.
Hüquqi Yazının Düsturu: Yeni Faktlar Yoxsa Yeni Yanaşma?
Yazı yazmaq çətindir, lakin yazının düsturunu bildikdən sonra atacağınız mərhələli addımlar sizi uğurlu və yayımlana biləcək yazıya apara bilər. Düsturu təqdim edirik: iddia (tezis), yenilik, qeyri-aşkarlıq, aydınlıq və oxucunun bunları görə bilməsi.

Akademik hüquqi yazının onurğa sütunu onun iddiasıdır. Əgər siz bir yazı yazanda mövcud yanaşmaları və məhkəmə qərarlarını bir yerə toplayıb heç bir iddia irəli sürmürsünüzsə, yazınınız akademik dəyərindən danışmaq olmaz. Belə bir yazı yalnız müxtəlif yazıların toplamından ibarət olan ensiklopediya ola bilər. Yazınızı sizlə bağlayan element “Giriş” hissəsində ortaya qoyduğunuz və yazıda müdafiə etdiyiniz iddianızdır. İddia təsviri (descriptive) və ya “reseptli” (prescriptive) ola bilər.
Təsviri İddia Nədir?
Təsviri iddiada yazıçı mövcud olan bir tendensiyanı təsbit edir və ona fikir bildirir. Bu, qanunvericiliyin bir maddəsi haqqında irəli sürdüyünüz yanaşma və ya məhkəmələrdəki müsbət və ya mənfi bir təcrübə haqqında fakt ola bilər, məsələn:
“Fərdi Məlumatların Qorunması Haqqında” Qanun konstitusiyaya ziddir, çünki qanun şəxsi həyatın gizliliyini daha çox qoruyaraq ifadə azadlığını ciddi təhlükə altına atır.
Bu iddiada yazıçı Qanunun konstitusiyaya zidd olduğunu düşündüyünü qeyd edir və iddianın əsaslarını əlavə edir. Əgər yazıçı bu nümunədə olduğu kimi problemi təsbit etməklə kifayətlənib onun çarəsindən danışmırsa, bu təsviri iddiadır. Həm təsviri, həm də “reseptli” iddia bir-iki cümlədən uzun olmamalıdır.

"Reseptli" İddia Nədir?
“Reseptli” iddiada yazıçı mövcud olanı dəyişdirmək üçün cəhd edir, de lege ferenda tövsiyələri ilə çıxış edir. Digər ifadə ilə, yazıçı bir problemdən şikayətlənsə də, onun həlli üçün "resept" haqqında fikirləşir və təkliflər irəli sürür. Çox vaxt akademik hüquqi yazıda bu iki metod iç-içə olur, başqa sözlə, yazıçı problemi təsbit və təsvir etdikdən sonra onun həlli üçün qanunvericiliyə dəyişiklik və ya yeni bir qanunun qəbulunu, bir Konvensiyaya qoşulmağı təklif edir. Oxucuda maraq doğuran, akademiya və praktikaya fayda verən hüquqi yazılar, adətən, həm təsviri, həm də “reseptli” iddiaya söykənir, məsələn:
Məhkəmələr “Fərdi Məlumatların Qorunması Haqqında Qanunu” ifadə azadlığını təhlükə altına atacaq şəkildə tətbiq edir, ona görə də, fərdi məlumatların təsbit edilməsində məhkəmələrə geniş mülahizə səlahiyyəti tanıyan 4-cü maddənin 2-ci bəndi Qanundan çıxarılmalıdır. (hər iki nümunəmizdə qanun və maddələr şərtidir)
İddia Nədir Və Onu Harada Tapmaq Mümkündür?
İddia nədir? İddia sizin akademik hüquqi yazınızla – kitab, məqalə və ya seminar işinizlə demək istədiyiniz sözün canıdır. Girişdə yazdığınız lakonik iddianız oxucuların diqqətini çəkməli və sizin sonradan səhifələrlə izah etməyə çalışdığınız mövqeyinizi bir cümlədə oxucuya çatdıra bilməlidir. Nəzərə alsaq ki, oxucuların əksəriyyəti məqalənin “Xülasə” və “Giriş” hissələrini oxuyur, iddianızı ortaya qoymaq vacibdir. Əgər yazıya başlamazdan əvvəl iddianızı bir-iki cümlə şəklində yazmamısınızsa, yazını bitirdikdən sonra da bunu etmək olar. Bunun üçün sizə tövsiyə edirəm ki, yazını bitirdikdən və ya ideyanı ağlınızda formalaşdırdıqdan sonra onu özünüzə və ya bir dostunuza kifayət qədər sadə bir dillə izah edin. Yazınız nədən bəhs edir? Yazınızda demək istədiyiniz şeyi bir cümlədə necə deyərdiniz? Həmin bu izahatınızı qısaldaraq, bir-iki cümlədə ifadə edərək təsviri və ya “reseptli” iddianızı (tezisi) yaza bilərsiniz.

Unutmayın ki, oxucu yeni arqumentləri eşitməkdənsə, yeni faktlar haqqında oxumağı sevir. Misal üçün, məhkəmələrin məişət zorakılığına dair işlərdəki barışdırıcı, sülhpərvər yanaşmasını tənqid edən yanaşmanızdansa, oxucu sizdən məhkəmələrin belə mövqeyini faktlarla ortaya qoymağınızı gözləyir. Bunu isə təsviri iddia ilə etmək mümkündür. Təsviri iddianızı şəxsi tənqidinizlə və qanunvericiliyə, praktikaya və ya doktrinaya istiqamətlənmiş tövsiyələrinizlə tamamlaya bilərsiniz. “Reseptli” iddianızı problemin təsbit edilməsini ilə başladın və mütləq bir təsviri iddia ilə birləşdirin. Qanunvericiliyə təklif etdiyiniz dəyişikliklərin faydalı olduğuna oxucuları məhz belə inandıra bilərsiniz.
Bəs iddianı haradan tapmalı? İddia dediyimiz hüquqi problemlər gündəlik həyatınızda şəxsi təcrübələrinizdə və ya iş yerində üzərində çalışdığınız bir məhkəmə mübahisəsində qarşınıza çıxa bilər. Bundan başqa, bir tələbə kimi dərsdə oxuduğunuz kazuslarda və sinifdaxili müzakirələrdə ağlınıza sizi maraqlandıran suallar gələ bilər. Adətən, bir məhkəmə qərarını oxuyursunuz və aydın olmayan ya da razılaşmadığınız bir məqam haqqında “niyə?” sualı ortaya çıxır. Həmin “niyə” sualını izləmək lazımdır. “Niyə hüquq-mühafizə orqanları məişət zorakılığının qurbanlarının şikayətlərini araşdırmaq yerinə, onları zorakılığı törədən şəxslə barışdırmağa çalışırlar?” kimi bir sual ağlınıza gəlibsə, ardından bunun sosial-mənəvi səbəblərinin yanında hüquqi səbəblərinin olduğunu, məsələn, hüquq-mühafizə orqanlarının daxili qaydalarının bu problemə səbəb olduğuna ehtimal verə bilərsiniz. Buraya qədər artıq iddianızın təsviri hissəsi hazırdır:
Hüquq-mühafizə orqanları məişət zorakılığına qarşı mübarizədə şikayəti araşdırmaq yerinə, barışdırıcı mövqe sərgiləyir, çünki daxili işlər orqanlarının məişət zorakılığı ilə mübarizə üçün xüsusi qaydaları hələ də mövcud deyil.
Təsviri iddianı yazmaq sırf oxucuya xitab etmək məqsədi güdmür. Yazıya başlamazdan əvvəl. iddianızı yazsanız, araşdırmanızı hansı istiqamətdə apara biləcəyinizi də təyin edə bilərsiniz. “Niyə?” sualı bizi daxili işlər orqanlarının daxili qaydalarına apardı və araşdırmaya da oradan başlamaq olar. Bu təsviri iddianızı xüsusi qaydaların hazırlanmasına dair təklifinizlə genişləndirə bilərsiniz və həmin qaydaların əsas prinsiplərini qeyd edərək bir tövsiyə ilə çıxış edə bilərsiniz. Beləliklə, iddianızla təsviri və “reseptli” elementlərdən ibarət olan və diqqət çəkən bir araşdırmanın bünövrəsini qoyacaqsınız.
Bu yazımda kitabdan oxuduğum hissəyə dair öyrəndiklərimi və fikirlərimi sizlərlə paylaşdım. İstəyirəm ki, kitabı oxuduqca, yeni yazılarla qarşınızda olum. Əgər bu kitab və blog sizə maraqlıdırsa, zəhmət olmasa, şərhdə mənə bildirin. Oxuduğunuz üçün təşəkkür edirəm.Bizi Facebook hesabımızdan izləməyi unutmayın.