top of page

Banandan Əsər Olar? Müəlliflik Hüququnda Əsər və Mənimsəmə Sənəti

Updated: Apr 11, 2020

İncəsənət nədir? Əsər nədir? Nələri əsər kimi qoruyuruq və ya qorumalıyıq? Bu anlayışları ilk dəfə eşidəndə hər birimizin gözünün qarşısına “Mona Liza”, “Ulduzlu gecə” tablosu, “David” heykəli kimi kultlaşmış bəzi əsərlər gəlir. Bəs əsər və incəsənət bizim subyektiv baxışımıza görə formalaşır, yoxsa əsəri hüquqi mənada “əsər” edən obyektiv kriteriyalar var? İncəsənət və əsər anlayışımızı kim və yaxud nə formalaşdırır?


1. Divara Yapışdırılmış Banan Hüququ Sorğulayır!


Bu sualları cavablandırmaq asan deyil. Tarix boyu bir çox sənətşünas, filosof və hüquqşünas bu sualın izindən gedib, lakin hələ də bu suala birmənalı cavab verə bilməmişik. Hüquqi cəhətdən də bu sual qəliz olduğu qədər maraqlıdır, hərçənd ki, qanunvericilikdə əsərin xüsusiyyətləri sadalanır. Ötən ilin sonlarında Mayamidə İtalyan rəssam Maurizio Kattelanın müəllifi olduğu və sərgidə 120 min dollara satılan "Comedian" (bizə tanış olan adı ilə, divara lentlənmiş banan) əsərini, yəqin ki, xatırlayırsınız. O vaxt bir çoxunun ağlına eyni sual gəldi: indi bu əsərdimi və bu qiyməti ödəməyə dəyərmi? İkinci sual bloq yazımızın mövzusundan kənara çıxsa da, bizi maraqlandıran sual aydındır: Əsər nədir? Hər hansı əşyanı olduğu kimi təqdim etsəm, o, mənim əsərim olacaq? Bu bloqda sualınıza cavab tapmağa çalışacağıq.


"Comedian" by Maurizio Cattelan

2. Qanunlarda əsər və incəsənət necə tənzimlənir?


Qanunvericiliyə baxmadan əvvəl, əsər və incəsənət arasındakı fərqi bilmək zəruridir. İncəsənət subyektiv, dəyişkən və qeyri-müəyyəndir. İncəsənət mövcud olduğu zamanın şərtlərinə, dinamikasına uyğun formalaşır, eyni zamanda zamanla dəyişir. Əsər isə qanunun anlayış verdiyi nisbətən obyektiv kriteriyalarla müəyyən olunan əqli fəaliyyətin məhsuludur. Əsər anlayışımızın dəyişməsi üçün zamanın yox, qanunvericinin baxışının dəyişməsi tələb olunur. Əlbəttə, qanunvericinin baxışındakı dəyişikliyin təbiəti də subyektiv deyil, zamana və cəmiyyətə bağlıdır. Bu, tamamilə, başqa yazının mövzusudur.


Azərbaycan Respublikasının Müəlliflik Hüquqları və Əlaqəli Hüquqlar haqqında Qanununun 5-ci maddəsinin 1-ci bəndi əsər haqqındadır. Həmin bəndə görə, əsər, yaradıcılıq fəaliyyətinin nəticəsi olan həm açıqlanmış, həm də açıqlanmamış, obyektiv formada mövcud olan elm, ədəbiyyat və incəsənət əsərləridir. Başqa sözlə, əsər yaradıcılıq fəaliyyətinin nəticəsi olmalıdır. Bəs yaradıcılıq fəaliyyəti nədir? Dükandan alınan bananın divara yapışdırılması yaradıcılıq fəaliyyətidir? Bu sualın cavabı isə doktrinaya və konkret məhkəmə işində hakimlərə qalıb.


3. Dadaizmdən Sürrealizmə: Post-modernistlərin Əsərə Baxışı


Müəlliflik hüququ nəzəriyyəsində belə bir anlayış var – “mənimsəmə sənəti” (appropriation art). Bu sənətin ardıcılları, xüsusilə post-modernistlər gündəlik həyatda bizə tanış olan şeyləri götürüb (mənimsəyib) təqdim edirlər. Sənətkarın yaradıcılıq fəaliyyəti isə əşyanı seçməkdən, bəzi hallarda, məsələn yuxarıdakı banan örnəyində ona xırda elementlər əlavə etməkdən ibarət olur. Mənimsəmə sənətinin öncüllərindən olan Marsel Düşamın “Velosiped təkəri” bir stulun üzərinə tərsinə şəkildə qoyulmuş velosiped təkərindən ibarətdir. Mənimsəmə sənətində sənətkar real əşyaları olduğu kimi istifadə edir, onu təqdim edərək yaradıcılığını nümayiş etdirir.


"Bicycle Wheel" by Marcel Duchamp

Post-modernizm İkinci Dünya Müharibəsindən sonra doğulan, 80-ci illərdə incəsənət aləmində dominantlıq edən cərəyan idi. Elə həmin illərdə bu cərəyanı “divara jelatin mıxlamağa çalışmaq” kimi izah edirdilər. Post-modernist düşüncə isə hələ XX əsrin əvvəllərində Pablo Pikassonun, Marsel Düşamın, dadaistlərin gündəlik əşyaları təqdimatından ibarət əsərlərində özünü göstərirdi. Sonralar sürrealistlərin, xüsusilə, Meret Oppenhaymın ifasında adi əşyalar əlaqəsiz bir şəkildə başqa əşyalarla birlikdə təqdim edilir və yeni məna qazanırdı. M. Oppenhaymın özünün rentgenindən ibarət avtoportreti buna misal ola bilər.


Post-modernist incəsənət nümayəndələri əsərin qorunması üçün lazım olan “yaradıcı fəaliyyət” və “orijinallığın” nə olduğunu sorğulayırlar, başqa sözlə, “orijinallığa” meydan oxuyurlar. Qanunverici nəyin orijinal əsər sayılacağını tənzimləməsə də, ümumi qəbul edilən yanaşma belədir ki, orijinal əsər “sırf cüzi dəyişiklikdən” ibarət olmamalı, əvvəlkiləri kopyalamayacaq, təkrar etməyəcək səviyyədə yaradıcı olmalıdır. Post-modernistlər isə, xüsusilə, özlüyündə əsər kimi qorunan bəzi şeyləri götürərək bəzən bir qədər fərqli formada yenidən təqdim edir, yaradıcılığın bu təqdimatda olduğunu iddia edirlər. Həqiqətən belədirmi?


Self-portrait by Meret Oppenheim (Negative of X-Ray)

4. Analitik Fəlsəfənin və Hüququn Əsəri Başa Düşmək Cəhdləri


Yaradıcılığı analitik filosoflar iki cür başa düşür; əsərin yaradıcı xüsusiyyəti və əsərin müəllifinin yaradıcılığı. Birinci düşüncə üçün əsərin özündən əvvəlki əsərləri təkrarlamaması, ikinci düşüncə üçün isə əsərdə müəllifin fərdi azadlığının, dəst-xəttinin ortaya çıxması vacibdir. Hər iki düşüncə əsərə fərqli baxış bucağından baxır, amma bir əsərin qorunması üçün onda iki xüsusiyyətin ikisi də olmalıdır. O, əvvəlki əsərlərin tamamilə eynisi olmamalı və müəllifinin əməyinin məhsulu olmalıdır. Bu mənada təsadüfi meydana gələn əsərləri qanun qorumamalıdır. Əsər müəllifinin “alın tərinin məhsulu” (sweat of the brow) olmalı, onun yaradıcılığını əks etdirməlidir.


Hüquqi aspektdən başqasının əsərinin fərqli formada təqdim edilməsi, məsələn, bir fotoşəkilin özünün fotoaparatla çəkilməsi və əldə olunan şəklin əsər kimi qələmə verilməsi törəmə əsər anlayışına daxildir. Tərcümə, iqtibas, icmal, aranjeman və s. törəmə əsər növləridir. Bir əsərdən törəmə əsərlərin meydana gətirilməsi isə müəllifin müstəsna hüququdur. Ona görə də, post-modernist mənimsəmə sənəti mövcud əsəri müəllifin icazəsi olmadan obyektləşdirirsə, bu halda yaradıcı fəaliyyət yox, müəlliflik hüququnun pozuntusu var. Lakin istifadə olunan şey bir əsər yox, adi əşyadırsa (meyvə və ya mətbəx ləvazimatı), bu sualın cavabı eyni olmayacaq.


Bloqumuzun əvvəlindəki M. Kattelanın “Divara lentlənmiş banan”-ına qayıdaq. Bu əsərin əvvəlki əsərləri təkrar etmədiyi, orijinal olduğu şübhə doğurmur. Müəllif əsəri meydana gətirmək üçün az-çox əmək sərf edib ki, hüquq bunun üçün müəllifdən gözlənilən əməyin həddini müəyyən etmir. Digər tərəfdən, əsərin hazırlanmasında gündəlik ərzaq və ya əşyaların istifadə olunması əsərin orijinallığına xələl gətirmir. Bir halda ki, əsər özü sadəcə o əşyadan ibarət olsun. Post-modernizmin gətirdiyi “təqdimatdakı orijinallığı” müəlliflik hüququ istisna etmir, yəni yaradıcılıq əşyanın özündə yox, təqdimatında mövcud ola bilər.


Lakin, hesab edirəm ki, M. Düşamın “Fəvvarə” təqdimatındakı kimi olduğu kimi sərgilənən əşyanın əsər kateqoriyasına daxil edilib qorunması mülkiyyət və müəlliflik hüququ baxımından ciddi problemlərə səbəb ola bilər. Beləcə, hər kəs ev əşyalarını öz əsərlərinə çevirə və mülkiyyət hüququndan daha güclü mühafizə - müəlliflik hüququ əldə edə bilər. Bu hüququnu isə bənzər əşyaları istifadə edən hər kəsə qarşı məhkəmə qarşısında irəli sürə bilər ki, yaranacaq vəziyyət hüququn “proqnozlaşdırıla bilən olması” prinsipini ortadan qaldıra bilər. Ona görə də, bu cür “mənimsəmə sənətinin” məhsullarının mühafizəsinə diqqətlə yanaşmalı, əsərdəki (onun tərkib hissələrinin kombinasiyasındakı) yaradıcılıq diqqət mərkəzində saxlanılmalıdır.


"Fountain" by Marcel Duchamp (1917)

Düşünürəm ki, bu cür əsərlərin artıq qlobal səviyyədə müzakirə olunmasının iki səbəbi var; əvvəla, onları meydana gətirmək asandır, xüsusi əl qabiliyyəti tələb etmir, ikincisi isə onlar çox baha qiymətə satılır. Bu səbəbləri başa düşmək olar, amma hüququn təmin etdiyi mühafizə üçün bu faktorlar heç bir rol oynamır.

 

Mənbə:

1. Debra L. Quentel, “”Bad Artists Copy, Good Artists Steal.”: An Ugly Conflict between Copyright Law and Appropriationism”, UCLA Entertainment Law Review, Vol:IV, No:1, 1996, pp. 39-80.

2. Julie C. Van Kamp, “Originality in Postmodern Appropriation Art”, The Journal of Arts Management, Law and Society, Vol:XXXVI, No:4, 2007, pp. 247-258.

3. Kadir Baş, “Fikir ve Sanat Eserleri Hukuku Kapsamında Resim ve Heykeller Üzerinde Eser Sahipliği ve Bu Eserlerden Doğan Hakların Kapsamı”, Hukuk ve Sanat, 3. bs., Ed. Yener Ünver ve Özlem Yenerer Çakmut, Ankara, Seçkin Yayıncılık, 2017.

4. Richard H. Chused, “The Legal Culture of Appropriation Art: The Future of Copyright in the Remix Age”, Tulane Journal of Technology & Intellectual Property, Vol:XVII, 2014, pp. 163-215.

 

Əziz oxucu,

Bloqumuzu oxuduğunuz üçün təşəkkür edirik. Yazını bəyənməyi, fikirlərinizi və suallarınızı şərh bölməsində bildirməyinizi və sosial şəbəkə hesablarınızda paylaşmağınızı xahiş edirik. Bizi Facebook hesabımızdan izləməyi unutmayın.

107 views0 comments
bottom of page