top of page

Blok Zənciri və Seçkilər: Texnologiya Bizi Saxtakarlıqdan Xilas Edə Bilərmi?

Updated: May 20, 2021

Bitcoin, Ethereum, Ripple kimi virtual valyutaların çıxıb yayılmasından sonra məşhurlaşan blok zənciri haqqında Azərbaycanda, təəssüf ki, məlumat əskikliyi var. Halbuki, bu innovasiyanın dünyada tətbiq sahələri çoxdan bankçılığı ötüb keçib, kənd təsərrüfatı və siyasətə qədər gedib çıxıb. Bəs blok zənciri sadə izahla nədir və seçki sisteminə necə tətbiq olunub (və ya oluna bilər)? Bu dəfəki bloqda sizlərə seçki sistemini xilas etməyə çalışan bir xilaskardan - blok zəncirindən danışacam.


Blok Zənciri Nədir?


Blok zəncirinə ümumi anlayış vermək yerinə, onu fərqləndirici xüsusiyyətləri ilə anlamağa çalışaq. Hər şeydən əvvəl, normal şəbəkələrdən fərqli olaraq, blok zənciri mərkəzsizləşdirilmiş şəbəkədir. Şəbəkəyə qoşulan iştirakçıların aralarındakı hesablaşmalar mərkəzi provayderlə ötürülmür ya da orada saxlanılmır. Çünki belə bir mərkəzi element (güc), ümumiyyətlə, yoxdur. Bunun əvəzinə, blok zənciri tərəflərarası (peer-to-peer) şəbəkədir. Siz, məsələn, şəbəkə üzərindən başqa iştirakçıya ödəniş etmək istəyirsinizsə, ödənişinizi təsdiqləyən və ya icazə verən vasitəçi qurum yoxdur; hesablaşmalar iştirakçıların mütləq çoxluğunun təsdiqi ilə aparılır. Ödəniş sizin hesabınızdan çıxır, qarşı tərəfin hesabına daxil olur. Hesabların tutulduğu dəftərlər yenilənir. Belə olanda sistem etibarlılığını necə təmin edir?


Blok Zəncirindəki Blokların Təmsili

Bunun birinci cavabı şifrələnmədir. Aparılan bütün hesablaşmalar şifrələnərək bloklara yığılır və hər bloka özünəməxsus kod verilir. Hər sonrakı blok əvvəlkinin şifrəsini öz şifrəsinə əlavə edir və beləcə zəncir qurulur. Ona görə də, bu şəbəkə blok zənciri adlandırılır.

Sualın ikinci cavabı isə paylanmış dəftərlərdir (distributed ledgers). Yerinə yetirilən hesablaşmanın həqiqiliyi şəbəkə iştirakçıları tərəfindən təsdiqlənərsə, (iştirakçılara açıq) dəftərlərə yazılır. Bu dəftərlər hər iştirakçının hesabında eyni vaxtda mövcud olur və daima yenilənir. Bu o deməkdir ki, bütün iştirakçılar aparılan əməliyyatların hamısının qeydini aparır. Nəticədə, hər bir iştirakçı əslində “mərkəz” rolunu oynayır, sistem razılıq üzərində qurulur və qeydlər hər iştirakçıda tutulur. Blok zəncirini ələ keçirmək məhz bu səbəbdən, demək olar ki, qeyri-mümkündür. Şifrələrlə bir-birinə “zəncirlənən” bloklardan birinə müdaxilə bütün bloklara müdaxilə deməkdir. Bu isə dəftər mexanizmi sayəsində mümkün deyil, çünki dəftərlərə dəyişiklik etmək üçün mütləq çoxluğun razılığı lazımdır.


Blok Zənciri Seçkilərə Necə Tətbiq Olunur?


Artıq aydın oldu ki, blok zənciri Bitcoin-dən ibarət deyil. Blok zənciri dünyada tayı-bərabəri olmayan tək şəbəkə də deyil. Bir-birindən fərqli sahələrdə tətbiq olunan, müxtəlif protokollarla çalışan istər hər kəsə açıq, istər özəl blok zəncirləri mövcuddur. Blok zəncirinin ən çox nəzərə çarpan cəhəti isə mükəmməl və etibarlı, dayanıqlı qeydiyyat mexanizmasıdır. Açıq blok zəncirlərində bu, həmçinin, şəffaflıq deməkdir.

Seçicinin də seçkidən gözlədiyi məhz bu cür müdaxiləyə davamlı, şəffaf sistem deyil? Dünyanın, demək olar, hər yerində seçkilərin saxtakarlıqla müşayiət olunduğuna dair xəbərlər yayılır, bu xəbərlər video-sübutlarla dəstəklənir. Bəzi ölkələrdə seçki saxtakarlıqları iğtişaşa və təəssüf ki, insan ölümünə səbəb olur. Blok zənciri buna çıxış yolu ola bilər?


Elektornik seçkilər mövzusu nəzəri sual kontekstindən çoxdan çıxıb. Misal üçün, Estoniya (2005 və 2007), Norveç (2011), ABŞ (Vaşinqtonda pilot seçkilər – 2010) və Avstraliya (2015) elektron səsvermə ilə tanışdır. Seçkilərin blok zəncirində keçirilməsi isə, hələ ki, mübahisə mövzudur. İlk dəfə məhdud sayda şəxslər üçün blok zənciri 2018-ci ilin mayında ABŞ-ın Qərbi Virciniya ştatındakı seçkilərdə tətbiq olundu. İki qəsəbədəki hərbi hissədə hərbçilərin səsləri Voatz şirkətinin hazırladığı protokollarla çalışan mobil tətbiqetmələrlə toplandı. Seçkilər uğurla keçirildi. Ancaq bu uğur blok zəncirinin ilkin, kiçik ölçülü uğuru idi. Sistem daha da uğurlu olmaq üçün üstünlüklərinə fokuslanmalı, çatışmazlıqları aradan qaldırmalıdır.


Blok Zəncirinin Üstünlükləri


Əvvəla, mərkəzsiz struktur və şifrələnmə sayəsində blok zəncirində keçirilən seçkilərə hər hansı müdaxilə bütün sistemə müdaxilə deməkdir və beləcə, həmin dəqiqə müdaxilə olduğunu təsbit etmək olur. Müqayisə üçün, normal seçkilərdə N saylı seçki məntəqəsində edilən saxtakarlıq video lentə alınmasa, seçki komissiyasının və ya seçicilərin diqqətindən yayınır və bülletenlər sayılaraq yekun nəticəyə əlavə olunur. Ona görə ki, hər bir seçki məntəqəsi səsləri sayıb rəqəmləri əsas mərkəzə ötürən mərkəz rolunu oynayır və müdaxilədən sığortalanmayıb. Blok zəncirində isə bu mümkün deyil; saxtakarlıq üçün bütün şəxslərin səslərini ayrı-ayrı dəyişdirmək lazımdır. Mərkəzi qurum olmadığından səslərin toplu dəyişdirilməsi və ya sayılmaması halları da ortadan qalxır.



İkincisi, blok zənciri seçicilərə açıq olduğundan, seçici səs verdikdən sonra səsinin qeydə alınıb alınmadığını yoxlaya bilər. Misal üçün, İsveçin blok zənciri əsaslı seçki sistemi Agora seçicilərə belə şəraiti yaradır. Şəffaflıq baxımından bu kifayət qədər önəmlidir. Normal seçkilərdə mərkəzi komissiyaya duyulan güvən, blok zəncirində şifrələnmə mexanizminə və açıq dəftərlərə duyulur.

Üçüncüsü, elektron səsvermə üçün üstünlük sayıla biləcək vaxtdan qənaət, məhdud fiziki imkanları üzündən seçkidə iştirak etməyənlərə bərabər imkanlar blok zənciri üçün də aktualdır.


Blok Zəncirinin Çatışmazlıqları


Blok zənciri heç də tamamilə təhlükəsiz və ideal mexanizm deyil. Blok zəncirində aparılan və ya digər növ elektron səsvermə elektron cihazlar (telefon, kompyuter və s.) ilə keçirildiyindən bu cihazların ələ keçirilməsi (hacking) riski mövcuddur. Bu sahədə fəaliyyət göstərən şirkətlər sistemin təhlükəsizliyini barmaq izləri və üz tanıma texnologiyası ilə həyata keçirir, bu isə şəxsi məlumatların oğurlanması riskini yaradır.


Üz Tanıma Texnologiyasının Təmsili

Ancaq bu çatışmazlıq blok zəncirinə deyil, elektron mühitin yaratdığı çatışmazlıqdır, mən deyərdim ki, çətinlikdir. Ona görə də, səs veriləndən sonrakı mərhələlərdə blok zəncirini təhlükəsiz və şəffaf hesab etmək olar.


Görünən odur ki, hələ ki, blok zənciri əsaslı səsvermə gəncdir və Kaspersky Lab, Voatz və ya Agora kimi şirkətlər tərəfindən hazırlanıb dövlətlərə təklif edilir. Çox az sayda dövlətin bu sistemə marağı var, maraqlı olan ölkələr isə bunu dövlət səviyyəsində ilk dəfə tətbiq edən ölkə olmaqdan çəkinirlər. Bəzi şirkətlər isə bu sistemi illik idarə heyəti iclaslarındakı seçkilərdə tətbiq edirlər. Hesab edirəm ki, bilinməyəndən qorxmaq vərdişimiz burada da özünü göstərir. Ancaq bir gün blok zəncirinin vəd etdiyi şəffaflıq və təhlükəsizlik öz təsdiqini taparsa, ənənəvi bülletenlərlə sağollaşmağın vaxtı gəlib çatacaq.

 

Mənbə:

1. Ahmed Ben Ayed, “A Conceptual Secure Blockchain-based Electronic Voting System”, International Journal of Network Security & Its Applications, Vol:IX, No:3, May 2017.

2. Darryn Pollock, “Blockchain for Elections: Advantages, Cases and Challenges, 17 May 2018.

3. Melih Sefa Yavuz, “Ekonomide Dijital Dönüşüm: Blockchain Teknolojisi ve Uygulama Alanları Üzerinde Bir İnceleme”, Finans Ekonomi ve Sosyal Araştırmalar Dergisi, C:IV, No:1, 2019.

4. Rumeysa Bulut et al., “Blockchain-based Electronic Voting System for Elections in Turkey”, 4th International Conference on Computer Science and Engineering, Samsun, Turkey: IEEE, 11-15 September 2019.

5. Signe Agerskov, Pros and Cons in Blockchain-based Voting System, 5 November 2019, Accessed through this link.

6. Zibin Zheng et al., “An Overview of Blockchain Technology: Architecture, Consensus, and Future Trends”, 6th IEEE International Congress on Big Data, Honolulu, United States of America, 25-30 June 2017.


 

Əziz oxucu,

Bloqumuzu oxuduğunuz üçün təşəkkür edirik. Bəyəndinizsə, paylaşımı bəyənməyi, fikirlərinizi və suallarınızı şərh bölməsində bildirməyinizi və sosial şəbəkə hesablarınızda paylaşmağınızı xahiş edirik. Bizi Facebook hesabımızdan izləməyi unutmayın.

61 views0 comments
bottom of page