top of page

Cızmaqara Fəlsəfəsi: Bir Sosioloqdan Akademik Yazı Dərsi

Updated: May 14, 2020

Keçən dəfəki bloqda düzgün yazı qaydaları haqqında danışmağa başlamışdım. Bloqa artan maraq məni həvəsləndirdi ki, yazıya davam edim. Bu yazıların sizin akademik yazı bacarıqlarınızı inkişaf etdirəcəyinə ümid edirəm.

 

3.3.Haradan Başlamalı? Düşüncələri Kağıza Boşaltmaq


Yazıya haradan və necə başlamalı?. Hamı bilir ki, yazının giriş bölməsini yazmaq necə çətindir. Hələ yazıya başlamadan, giriş cümlələrini, o ilk paraqrafı yazmağa başlayan yazıçı düzgün terminləri seçməyə səy göstərir. Hər söz üzərində dəfələrlə düşünür, düşündükcə yazdıqlarını silib yenidən başlayır. Düşüncələrin xaotik, qarmaqarışıq dünyasından real dünyaya necə keçmək olar? Həll yolu çox sadədir - yazmaqla. Beker burada Coy Çarltonun ''qusmaq cızmaqara'' deyə ifadə etdiyi bir fenomenə istinad edir. Yazmağa başlaya bilmirsinizsə, yazmağınıza mane olan, sizi qorxudan o düşüncələri "necə gəldi" yazmağa çalışın.


“Yazı qusmaq” struktura və qaydaya ciddi riayət etmədən, sadəcə ağlındakıları kağıza köçürməkdir. Onsuz da, unutmayın ki, bu cümlələr son deyil, dəyişdirilə bilər. Ağlınızdakıları kağıza köçürdükdən sonra görəcəksiniz ki, əslində fikirləriniz xaotik görünsə də, əlaqəsiz deyil. Bu əlaqəni görəndən sonra onları bir sistemə uyğun olaraq qruplaşdırmaq asandır. Düşüncələri yazarkən yazınızı düzəltməyə çalışmayın. Unutmayın ki, o yazıya bir də dönəcək və artıq sözləri çıxarıb onu yığcam və məzmunlu bir mətnə çevirəcəksiniz.

3.4. Qüsurları Ört-basdır Etmək yoxsa Səmimiyyət?


Beker maraqlı və çoxumuzun dilə gətirməyə cəsarət etmədiyi bir mövzuya toxunur: səmimiyyət. Yazarkən əldə etdiyiniz mənbə və fikirlərdən bir nəticəyə gəlmək, həmin nəticəylə razılaşıb razılaşmadığınıza qərar vermək çətindirsə, bunu yazıda da qeyd etmək olar. Oxucu sizin yazınızı oxuyarkən nəticədə bir fikrə gəlmək üçün çəkdiyiniz əziyyəti görməli, ən vacibi isə sizin bir qüsursuzluq abidəsi olmadığınızı başa düşməlidir. Bir əsərdə yazıçı uzun illər müşahidə etdiyi hippi yaşam tərzini şərh etmək üçün uyğun bir çərçivə tapa bilməməyindən şikayətlənir, hətta bu səbəbdən yazısını uzun müddət ertələdiyindən, yazma həvəsinin qırıldığından danışır. Bax buna deyərlər səmimiyyət! Bunlar yazının reallığıdır və reallıqlar təhrifsiz formada yazıda yer almalıdır. Oxucu bunları bilməli və sizin möhtəşəm, qüsursuz yazıçı olmadığınıza şahidlik etməlidir. Bu tabuları yıxmaq həm oxucu, həm də yazıçı üçün əhəmiyyətlidir.



3.5. Yazmadığın Bir Şey Haqqında Necə Giriş Verə Bilərsən?


Beker doktorantura tələbəsi ikən, E.Hughes ona bir məsləhət verir: girişi ən sona saxla. Çünki giriş mövzunu, yazılanı tanıtmaq üçündür; əgər hələ heç nə yazmamısansa, onu necə tanıda bilərsən? Hughes nə dərəcədə haqlıdır? Yazının girişini ən sonda yazsaq da, yazının skeletini, nələri araşdıracağımızı əvvəlcədən bilməliyik – “tək doğru yolumuzu” seçməliyik. Bekerin tövsiyə etdiyi yazı metodunda giriş hissədə həm də yazının gəldiyi nəticə qısaca xatırlanır. Yazıda sonrakı bölmələrdə bu nəticə müxtəlif arqumentlərlə dəstəklənir. Başlanğıcda yazı haqqında gəldiyi nəticə haqqında danışmadan, sübutlarını bir-bir masaya qoyan ve nəticəyə çatan əsərlər bu metoddan uzaqdır.

Lakin burada bir nüansın üstündən keçməmək lazımdır. Yazının nəticəsini girişdə yazmaq o demək deyil ki, nəticədə nəyi əldə etdiyiniz haqqında oxucunu başda bilgiləndirməlisiniz. Əks halda, oxucu nəticəni girişdə oxusa, güman ki, yazıya olan marağını artıq tətmin etmiş olacaq, oxucuya belə desək, “spoiler” vermiş olacaqsınız. Burada Bekerin demək istədiyi odur ki, giriş bölməsində yazıda nələrdən danışılacağını bir xəritə kimi oxucuya təqdim etmək lazımdır. Yaxşı bir xəritəsi olan oxucu heç vaxt yazıda itib-batmaz. Yaxşı xəritə yazmaq bacarığına yazını tamamilə bitirdikdən sonra yiyələnirsiniz. Ona görə də, girişi sona saxlamaq faydalıdır.

DÖRDÜNCÜ HİSSƏ


4.1. Yazıya Oxucu Kimi Baxmaq: Lazımsız Cümlədən Xilas Olmağın Yolu


Gəldik, çıxdıq praktiki həllərə. Necə gəldi yazdıqdan sonra, yazını “qulağa görə düzəltmək” lazımdır. Yazını düzəltmək üçün müəyyən qaydalar var, amma bu qaydalar dəqiq və ətraflı deyil. Ona görə, tövsiyə olunur ki, yazını oxuyaraq yazdıqlarınızı qulağa xoş gələn şəkildə düzəldəsiniz. Misal üçün, Beker bir yazını oxuyarkən məchul növdə olan cümlələrə diqqət yetirdiyini, əgər varsa, dəyişdirməyə çalışdığını etiraf edir. Ancaq hansısa qaydaya görə yox sırf qulağına xoş gəlir deyə yazısını düzəldir. Əslində qulağımıza nəyin xoş gəldiyini, yəni subyektiv standardı oxuduğumuz kitablar, fərqli sahələrdən keyfiyyətli akademik məqalələr formalaşdırır. Deməli, çoxlu və keyfiyyətli oxumaq lazımdır.


Bu hissədə Beker praktiki misallarla yazını necə düzəltmək lazım olduğunu, bunu necə etdiyini izah edir. Əvvəllər yazdığı bir mətndən çıxarış edir və onu necə düzəltdiyini göstərir. Mətn belədir:


"Fotoqrafların bir insanı necə təmsil etməsindən asılı olmayaraq, istifadə etdikləri strategiya bir qayda və metoddan ibarətdir. Bu bəsit bir qaydadır; amma necə işlədiyini görə bilməyimiz üçün bu qaydanın mərhələlərini izah etmək əhəmiyyətlidir''.


Sitatda Beker ikinci cümləni tənqid edir və deyir ki, cümlənin sonunda ''izah etmək əhəmiyyətlidir'' ifadəsi sanki nitqdən əvvəlki öskürəyə bənzəyir. İzah etmək əhəmiyyətlidirsə, izah et, onun əhəmiyyətini vurğulama. Bundan başqa, Beker qısa cümlələləri birləşdirərək dili sadələşdirir:


''Əgər bu bəsit qaydanın mərhələlərini izah etsək, necə işlədiyini görə bilərik".

Bekerin izlədiyi yazı metodunda bəsit, daha az kəlimədən ibarət, ancaq zəngin məzmunlu cümlələrdən istifadə olunur, lazımsız sözlər çıxardılır. Məsələn, Beker, ''anlayışı verilən metoda görə'' ifadəsini ''anlayışı verilən metodla'' ilə, ''gizlilik qavrayışında yaşanan dəyişiklik'' ifadəsini isə ''gizlilik qavrayışındakı dəyişiklik'' ilə əvəz edir.


Beker yazıda məchul yerinə məlum növ istifadə etməyi, daha az sözlə yazmağı, təkrarlardan qaçmağı, ideyaların mətn daxilində bir-birini izləməsini və mücərrəd yox, konkret ifadələrdən istifadə etməyi tövsiyə edir. Əgər bir cümlədəki filan söz olmadan cümlədəki məna dəyişməyəcəksə, o sözü çıxarın. Xüsusən, ilk cızmaqarada insanlar çox vaxt mücərrəd, ''bir-biri ilə əlaqəlidir'' kimi mənası qaranlıq qalan ifadələrə üstünlük verir. Azərbaycanda hüquq dərsliklərində “bir-biri ilə qarşılıqlı əlaqəlidir” ifadəsini çox görmək olar. Beker deyir ki, bir az dərin düşünsək, hər şey bir-biri ilə əlaqəlidir. Yazıçıdan gözlənilən bu əlaqəni dəqiq və aydın formada ortaya qoymaqdır. Əslində belə cümlələrdə yazıçı oxucudan yazdığı şeyin əhəmiyyətini hiss etməyi xahiş edir. Lakin oxucuya heç nə verməyən bu cür gücləndirici, mücərrəd ifadələr yorucu ola bilər.



4.2. O Kainat Qədər Sonsuz Metaforalar, Təşbehlər...


Hər birimiz nə vaxtsa bir şey yazarkən yazdığımız hadisə və ya faktları bir şeyə bənzətmək üçün metaforalardan istifadə etmişik. Misal üçün, qeyri-müəyyən bir şeyi izah etməyə çalışarkən onu kvant fizikasının qanunauyğunluqları ilə yaşayan elektronlara bənzətmək metaforadır, özü də uğursuz metafora. Çoxumuz bu metaforaların məcazi mənaları ilə yazdıqlarımız arasında ciddi əlaqə qurmuruq, bəzən yazımız monoton görünməsin, bəzən də yaradıcılığımızı göstərmək üçün onlardan istifadə edirik. Ancaq bir çox metafora yazının ruhu ilə qaynayıb-qarışmadıqca oxucuya eyni mənanı ötürmür, söz yığınına çevrilir. Əlbəttə, metaforaları istifadə etmək olar, bir halda ki, onu ciddən düşünüb yazıya əlavə edəsiniz. Hər metaforanızın arxasında onu yazınızla birləşdirən hekayəsi olmalıdır. Yazını düzəlmək məhz buna görə vacibdir. Düzəlişdə hər cümləyə ciddiyyətlə yanaşmaq, lazımsız, cümləyə məna əlavə etməyən ifadə və qəliblərdən qurtulmaq lazımdır.

Ardı var...

 

Bu yazımda kitabdan oxuduğum hissəyə dair öyrəndiklərimi və fikirlərimi sizlərlə paylaşdım. İstəyirəm ki, kitabı oxuduqca, yeni yazılarla qarşınızda olum. Əgər bu kitab və blog sizə maraqlıdırsa, zəhmət olmasa, şərhdə mənə bildirin. Oxuduğunuz üçün təşəkkür edirəm.Bizi Facebook hesabımızdan izləməyi unutmayın.

63 views0 comments
bottom of page