top of page

Cənubi Koreya Əqli Mülkiyyət Sahəsində Niyə Dünya Liderlərindəndir?

Updated: Jul 27, 2020

29 iyun – 10 iyul tarixlərində Ümumdünya Əqli Mülkiyyət Təşkilatının və Koreya Əqli Mülkiyyət Ofisinin birgə təşkilatçılığı ilə həyata keçirilən onlayn yay məktəbində iştirak etdim və həm əqli mülkiyyət sahəsində mütərəqqi biliklərə yiyələndim, həm də Koreyanın bugünkü uğurunun sirlərinə fikir verdim. Düşündüm və ümid etdim ki, yay məktəbində öyrəndiyim maddi biliklərdən daha çox, bu uğurun sirlərindən yazsam, Azərbaycanın da bir gün bu yolu izləməsində vasitəçi rolunu oynaya bilərəm. Qatıldığım yay məktəbində maraqlı idi ki, təlimçi ölkəsinin uğurlarından danışanda Şimali Koreya ilə müqayisə edir və qürurlanırdı; bu qürur çəkilən zəhmət və görülən böyük işlərin təbii nəticəsi idi.


Əqli Mülkiyyətə Biçilən Dəyər


Koreya Respublikasında əqli mülkiyyət yönümlü sənaye sahələrinin ümumdaxili məhsula verdiyi fayda bu gün 43.1% təşkil edir ki, bu göstərici ABŞ (38.2%) və Avropadan (42.3%) daha çoxdur. Bu sübut edir ki, Koreya iqtisadiyyatının təməlində onun təxminən yarısını formalaşdıran əqli mülkiyyət və ona verilən dəyər dayanır. Bu ölkə ilk üç sənaye inqilabında liderliyi qaçırsa da, hədəf dördüncü sənaye inqilabında (özünüidarə edən maşınlar və süni intellektin yüksəlişi) liderlikdir. Koreyalı fərd əqli mülkiyyətə, innovasiyaya verdikləri dəyərin qarşılığını artıqlaması ilə alır. Belə ki, əqli mülkiyyət yönümlü sənaye sahələrindəki işlər yüksək keyfiyyət və maaşlı işlər sayılır. Bu sənayeyə verilən diqqət sayəsində işsizlik problemi böyük ölçüdə həll edilir. Rəqəmlər deyir ki, Koreyada əqli mülkiyyət yönümlü sənaye sahələrinin məşğulluğa verdiyi fayda 29.1 % təşkil edir və bu Avropada 27.8 % , ABŞ-da isə ancaq 18.2 %-dir.



Yüksəliş Uğrunda Edilən Fədakarlıqlar


Koreya Respublikası 1948-ci ildə qurulub və respublika qurulanda ölkədəki savadsızlıq 78% idi. Müharibədən sonra ABŞ-dan alınan yardımların və Yaponiyadan gələn reparasiyanın təhsil və maarifləndirməyə yatırılması bu rəqəm 20 il sonra 15%-ə düşdü, bu gün isə sadəcə 5% təşkil edir. Reparasiyaların sosial və iqtisadi məqsədlərdən kənar korrupsiya və siyasi gözləntilər üçün xərclənməsini qadağan edən qanun qəbul edilmişdi. Bundan əlavə, verilən torpaqlar sayəsində kasıb fermer varlandı və övladlarını məktəbə, universitetə göndərə bildi. Savadlı nəsil yaradıcılıq və istehsalçılıq deməkdir. Xüsusilə, bu dövrdə keçmiş düşmən Yaponiya ilə münasibətlərin normallaşması etirazlara səbəb olsa da, ölkə iqtisadiyyatını canlandırdı və ölkəyə texnologiyanın idxalına gətirib çıxardı. Yaponiyadan alınan texnologiya və maşınlarla istehsal etdikləri tikiş və digər məhsulları ABŞ-a ixrac etməyə başladılar. Korrupsiyaya qarşı mübarizə uğurun əsas memarlarındandır. Prezident Parkın dövründə “Qızılı Daş Kimi Gör” devizi ilə vergi orqanları yüksək və orta rütbəli məmurları daxil olmaqla, yenidən təşkil olundu, korrupsiya minimal həddə endirildi.



Hələ əqli mülkiyyət sisteminin oturuşmadığı vaxtlarda belə Koreya ixtiraçılığı təşviq etmək üçün faydalı modellərə tanınan mühafizə mexanizmindən istifadə edirdi. Patent hüququ ilə qoruna bilən yeni texnologiyalar istehsal olunmasa da, o yolda irəliləyən ixtiraçı və sahibkarların yaratdığı məhsullar faydalı model kimi qorunur, pozuntulara görə məsuliyyət və təzminat təyin olunurdu. Hələ patent sistemi formalaşmadan belə, yaradıcı əməyi qorumaq üçün mümkün olan bütün hüquq-müdafiə mexanizmlərinə imkan verilirdi.


Yuxarıdan Aşağıya Həmrəy Çalışmanın Nəticəsi


Gömrük sahəsində ixracatın təşviqi üçün tarif güzəştləri və aşağı faiz dərəcələrinin köməyi ilə ixtiraçılar istehsal etdikləri texnologiyanı asanlıqla ixrac edərək ölkə iqtisadiyyatını canlandırmağa başladı. Üstəlik, ixracatçılar dolayı vergilərdən azad olunurdular. İxracatın təbliği üçün Koreya Respublikasının Prezidentinin sədrliyi ilə hər ay qanunvericilər və sənaye ekspertlərinin, firmaların iştirakı ilə keçirilən iclaslarda məlumat mübadiləsi aparılır və aylıq və illik ixracatda böyümə hədəfləri müəyyən edilirdi. Xüsusilə, bu təcrübə diqqətimi çəkdi. Ölkə prezidentinin işçi qrupunun üzvü və sədri kimi ixracatın genişləndirilməsi üçün aylıq iclaslar təşkil etməsi və görülməli tədbirləri birbaşa ixracatçılardan eşitməsi yaxşı təcrübədir. Hətta belə iclaslara başqa ölkələrin səlahiyyətli səfirləri qonaq kimi dəvət olunur, Koreyanın istehsalatındakı yüksəlməyə şahidlik edirdilər. Əgər hansısa regiona qoyulan hədəf yerinə yetirilməyibsə, həmin regiondakı Koreyalı səfirlər çağırılır və problemləri aşkar etmək tapşırılırdı. Hökumətin birbaşa iştirakı və nəzarəti ilə 70-ci illərdə bu iclaslar artıq fayda verməyə başladı və Koreya Respublikası 1977-ci ildə ixracat həcmini 10 milyard dollara çatdırdı.

From the 98th Anniversary of the Republic of Azerbaijan and 24th Anniversary of the establishment of diplomatic relations between the Republic of Azerbaijan and Korea

Şübhəsiz, əqli mülkiyyətin qorunmasının təşviqi problemsiz ötüşməyib. Koreyada əqli mülkiyyət hüququnun pozuntusuna dair məhkəmə mübahisələrində hakimin zərəri az hesablaması, isbat yükünün pozuntunu iddia edən hüquq sahibinin üzərində olması və ağırlığı, qeydiyyatlı və qeydiyyatsız hüquqlar arasında zəif balans bu problemlər arasındadır. Hər bir halda, bu ölkədən öyrəniləcək çox şey var. Azərbaycanda bənzər uğura aparan yol əvvəlcə vergi, gömrük və iqtisadiyyat sahəsində korrupsiyanın yığışdırılması, bu istiqamətdə siyasi iradənin gücləndirilməsi və təhsil və maarifləndirməyə verilən dəstəyin artırılmasından keçir. Bu mərhələləri keçmədən atılan addımlar əqli mülkiyyətin təşviqinə xidmət edə bilməz, sadəcə kosmetik xarakter daşıya bilər. İstehsalçı və yaradıcı təfəkkür məktəblərdən başlayaraq təbliğ olunmalı, mükafatlandırılmalı, ölkə idxalçıdan ixracatçı ölkəyə çevrilməlidir. Bu yolda dördüncü sənaye inqilabını izləmək, süni intellekt və robot texnologiyasına milli səviyyədə dövlət dəstəkli investisiyaların qoyulması olduqca əhəmiyyətlidir.

 

Əziz oxucu,

Bloqumuzu oxuduğunuz üçün təşəkkür edirik. Yazını bəyənməyi, fikirlərinizi və suallarınızı şərh bölməsində bildirməyinizi və sosial şəbəkə hesablarınızda paylaşmağınızı xahiş edirik. Bizi Facebook hesabımızdan izləməyi unutmayın

37 views0 comments
bottom of page