top of page

Davam Edir Akademik Yazı: Peşəkar Kimi Yazmaq və Həmyaşıd Rəyi

Akademik və digər yazıların incəlikləri haqqında yazmağa davam edirik. Bu mövzuda birinci ikinci bloqumuzda olduğu kimi bu bloqun mənbəyi Amerikalı sosioloq alim Hovard S. Bekerin “Sosial Elmi İşçilər üçün Yazmaq: Tezis, Kitab və ya Məqaləyə Necə Başlamalı və Bitirməli?” adlı kitabıdır. Bu, həmin silsilədən üçüncü yazımdır. Tövsiyə edirəm ki, oxumadan əvvəl vebsaytımızın əvvəlki iki yazıya nəzər yetirəsiniz.

 

BEŞİNCİ HİSSƏ


5.1. Peşəkar Yazının Dili: Ağır, Sadə Yoxsa Vulqar?


Beker bu hissədə yazı stilindən danışır. Anlaşılmaz, qəliz cümlələrdən ibarət yazı stili yerinə bəsit yazı yaxşı yazıdır. Bəsitlik deyəndə nə başa düşülür? Beker bəsitlik deyəndə dilin ağır olmadığı, bəzi terminlərin sırf diqqət çəkmək üçün istifadə olunmadığı yazını başa düşür. Ancaq bəsitliyin də bir ölçüsü var. Yazıda akademik dilin imkan verdiyi hər cür məqbul olsa da, akademik dil məişət dili deyil. Kitabın bu hissəsində ağlımda qalan bir nümunəni yazmaq istəyirəm. Bekerin yazıb-yaratmağa başladığı illər ötən əsrin ortaları, başqa sözlə, təəssübkeş redaktorların yazı ilə bağlı ciddi qərəzlərinin olduğu vaxtlar idi. O vaxtın redaktorları inanırdılar ki, akademik yazı sanballı, ciddi və ağır olmalıdır. Redaktorlar yazıda akademik məqsədlə olsa da, söyüşlərdən, küçə söhbətlərindən yazmağı xoş qarşılamır, bu cür sözləri çapda senzuralayırdı. Beker o vaxtın caz musiqiçiləri haqqında yazdığı magistratura dissertasiyasını məqalə kimi çap etdirmək istəyəndə caz musiqiçilərinin ağzından vulqar ifadələri olduğu kimi yazmışdı. Başdan-ayağa istinaddan ibarət olsa da, Bekerin dediyinə görə, belə yazı tərzi qəbuledilməz olduğu üçün çapda söyüşlər “a-“, “b-“ şəklində qısaldılıbmış. Bu gün akademiya bu sərhədləri aşa bilib, lakin yeni problemlərlə bizi qarşı-qarşıya qoyub.



Peşəkar yazıdan danışanda Beker özünün tənbəl olduğunu etiraf edir. Yayımlanmış bir çox məqaləsi, kitabları olsa da, onları yazmağa başlayanda hamımız kimi tənbəllik edib. Ancaq bunun öhdəsindən gəlmək üçün özünəməxsus rituallar formalaşdırıb. Bunlardan yadda qalanı dayanmadan yazmaqdır. Beker bəzən oturub gec saatlara qədər düşündüklərini yazır, ideyalar gəlməyəndə ya da hansısa fikri necə sona çatdıracağını bilməyəndə onu elə oradaca buraxıb başqa mövzu ilə davam edirmiş. Yarımcıq qalan hissələrdə qeyd götürüb sonra onlara bir də qayıdarmış. Beləcə, davamlı yazırmış. Çoxumuz yazı yazanda elə bilirik ki, tək cəhddə mükəmməl bir yazı yazmalıyırıq. İlişiriksə, deməli, yaza bilmirik və bilməyəcəyik. Halbuki düşüncələrimizin qarışıq olması normaldır, bəzi yazıları bir gün, bir həftə ya da bir ayda yazmaq olmur. Yazının cızmaqarasını bir kənara qoyub ona aylar sonra qayıtmaq, o arada öyrəndiklərinlə yazını təkrar oxuyub yazmaya çalışmaq lazımdır. Yazını “dəmlənməyə” qoymaq lazımdır. Yaxşı yazı kifayət qədər “dəmlənmiş” yazıdır. Yazınıza qayıdanda onu ikinci dəfə oxuyan, əminliklə demək olar ki, əvvəlki siz olmayacaqsınız. Əlbəttə, hazır mətni həm də dostlarınıza göstərib dəfələrlə tənqid süzgəcindən keçirmək lazımdır.


5.2. Yazılacaq Mövzu Haqqında Danışmaq, Danışmaq, Yenə Də Danışmaq...


Yazı haqqında danışmaq? Kitabda diqqətimi bu məqam cəlb etdi. Beker iştirak etdiyi konfranslarda ya da dostlarla yığışdığı məclislərdə yazmağı planlaşdırdığı mövzuları danışırmış. Yazacağınız mövzu haqqında danışmağın birinci faydası odur ki, siz danışdıqca mövzunun mərkəzindəki arqumentləri müəyyən edə bilərsiniz. Sizin üçün əhəmiyyətli bir məsələ müzakirənin gedişatında itib-bata bilər və ya yeni bir mövqe sizə daha yaxın gələ bilər. Auditoriyanız yaxşıdırsa, adekvat geri dönüş ala bilərsiniz və potensial oxucularınızın məqalənizdən gözləntilərini öyrənə bilərsiniz. Bu vaxt mütləq qeydlər götürmək, layihənizin güclü və zəif tərəflərini yazmaq lazımdır.



Mövzunu danışmağın ikinci faydası bir az fəlsəfi ola bilər. Beker bir şair və tənqidçiyə istinad edərək deyir ki, yazı maşını ya da bugünkü kompüterlərlə yazanda, onlarla “danışanda” qəribə hiss edir. Yazmaq da bir növ danışmaqdır, ünsiyyətdir. Yazanda ünsiyyətimizi, fikirlərimizi, baxışımızı yazı ilə ifadə edirik. Bu fikirlərimizi niyə ilk dəfə bir insanla yox, bir maşınla bölüşməliyik? Kompüterdə yazanda düşdüyümüz boşluqdan çıxa bilməməyimizin səbəbi də budur. Kompüter bizə kömək edə bilməz. İnsanlarla ünsiyyətdə isə geri dönüş almadan belə, danışdıqlarınızdaki uyğunluq və tutarsızlıqları görə və qeyd götürə bilərsiniz. Yazacaqlarımızı bir auditoriya ilə paylaşmaq həm psixoloji, həm də taktiki-strateji baxımdan faydalıdır.


ALTINCI HİSSƏ


Həmyaşıd Rəyinin (Peer-Review) Əhəmiyyəti


Yazınızı iki mərhələdə auditoriyanızla tanış eləməlisiniz. Birincisi, yazının hələ ideya mərhələsidir ki, bu zaman auditoriya ilə söhbət məcburi deyil. Lakin yazacağınız mövzuda gələcək oxucularınızın fikrini öyrənmək, strukturu və qoyulacaq sualları müəyyən etməkdə faydalı ola bilər. İkincisi isə yazını çap üçün göndərməzdən əvvəl yaxın ətrafınızla paylaşmaqdır. Kitabda buna risk deyilir, çünki düşüncələri açıqlamaq ilə yazınızı bölüşmək eyni deyil; yazmaq daha risklidir. Düşüncələriniz tez unudulur, söhbət əsnasında tənqid edilsə də, düşüncə olduğu üçün sizə yapışmır. Yazı isə düşüncələrinizin əyani sübutu, cana gəlmiş halıdır. İndiyə qədər yazdığınız işlər sadəcə sizin akademik və ya peşəkar bacarıqlarınız deyil, şəxsiyyətiniz haqqında da çox şey deyir. Yazınıza verdiyiniz əmək, istifadə etdiyiniz üslub, istinadlar kimi amillər sizi fərdiləşdirir.



Digər tərəfdən, hər kəs tənqid eşitməyə hazır deyil. Xüsusilə, şəxsi və peşəkar tənqidi bir-birindən ayıra bilməyən Azərbaycan cəmiyyətində tənqid bəzən təhqir kimi qəbul olunur, tənqidçi “əks-tənqid”ə, hücuma məruz qalır. Ona görə də, bilməliyik ki, yazınızı çapa göndərməzdən əvvəl dostlarınızın, müəllimləriniz tənqidi süzgəcindən keçirmək labüddür. Bunun sayəsində siz yazınızın çatışmazlıqlarını müzakirə edəcək və göndərəcəyiniz jurnalın redaksiya heyətindən tənqid eşitmək yerinə, sizə tanış insanlardan eşidəcəksiniz.


İstənilən halda yazınızı oxumaq üçün verdiyiniz insanların tənqidi bacarığına və dürüstlüyünə inanmalısınız. Bu sizin yazınıza yeni bir baxış bucağı qazandıra bilər, oxucu mövqeyində olan insanlarla yazınızı yenidən və uğurla yaza bilərsiniz. Ona görə də, həmyaşıdlarınızı seçəndə sizə qərəzi və ya xüsusi rəğbəti olan, ona görə də obyektivliyindən şübhələndiyiniz insanları seçmək olmaz. Obyektivlik birinci kriteriya olmalıdır.

Ardı var...

 

Bu yazımda kitabdan oxuduğum hissəyə dair öyrəndiklərimi və fikirlərimi sizlərlə paylaşdım. İstəyirəm ki, kitabı oxuduqca, yeni yazılarla qarşınızda olum. Əgər bu kitab və blog sizə maraqlıdırsa, zəhmət olmasa, şərhdə bildirin. Oxuduğunuz üçün təşəkkür edirəm.Bizi Facebook hesabımızdan izləməyi unutmayın.


64 views0 comments
bottom of page