top of page

Devalvasiyaya Uğrayan Əqli Mülkiyyət: Əvvəl Bethovenin Bəstəsi, İndi Shield Markın Brendi

Yaponiyada Kyushu Universitetində magistr proqramı çərçivəsində yazdığım dissertasiyam üçün araşdırma apararkən qarşıma çıxan maraqlı yanaşmalardan biri əqli mülkiyyət sisteminin daxilində sistemin komponentlərinin zamanla dəyərsizləşməsidir.


Xüsusilə, son illərdə qeyri-ənənəvi əmtəə nişanlarının (rəng, səs, üç-ölçülü dizayn və sair) getdikcə qəbul edilməsi müəlliflik hüququ ilə qorunan və ya vaxtilə qorunmuş əsərlərin dəyərinə mənfi təsir göstərə bilər. Əqli mülkiyyət hüququnda bu cür əks-təsirlər, təəssüf ki, az araşdırılıb. Bunun əsas səbəbi odur ki, əqli mülkiyyət hüququnda müasir araşdırmalar, əksər hallarda, hüquqların genişləndirilməsini təşviq edən, əqli mülkiyyətin sərhədlərini əqli mülkiyyətin xeyrinə “zorlayan” istiqamətlərə yönəlir. Misal üçün, geniş tanınmış nişanların nişanın ticarətlə əlaqədar olmayan istifadəsi hallarına qarşı irəli sürülə bilməsini, nişandan üçüncü şəxslərin sərbəst istifadəsinə icazə verən normaların dar təfsirini dəstəkləyən araşdırmalar buna örnəkdir. Halbuki, əmtəə nişanının sərhədləri genişlədikcə, böyümə heçliyin içində baş vermir. Sərhədlərin kənarında ictimai varidat başlayır ki, burada mövcud olan nişanları hər kəs əmtəə nişanı kimi və ya ticarətdən kənar sərbəst istifadə edə bilər. Lakin əmtəə nişanına tanınan hüquqi mühafizə genişlədikcə, ictimai varidatın dairəsi sürətlə daralır.


Bəs bu necə baş verir? Əqli mülkiyyət hüququnun oturuşmuş sistemi elə işləyir ki, heç bir ixtira və ya əsər əbədi mühafizə əldə etmir. Tanınan mühafizə müddəti bitdikdən sonra əsərlər ictimai varidata daxil olur. Əsər sahibi və ya varisləri əmlak hüquqlarını üçüncü şəxslərə qarşı irəli sürə bilmirlər. Məsələn, son dövrlərdə çəkilmiş və hələ də müəlliflik hüququndan faydalanan bir əsəri əsər sahibinin icazəsi olmadan əmtəə nişanı kimi istifadə etmək olmaz. Çünki bu halda əsər nişan formasında çoxaldılır və yayılır ki, əsəri çoxaltma və yayma əsər sahibinin müstəsna hüquqlarına daxildir. Düzdür, mühafizə müddəti bitmədən də əsər sahibinindən əmlak hüquqlarını lisenziya ilə alaraq əmtəə nişanı kimi istifadə etmək nəzəri-praktiki baxımdan mümkündür. Ancaq əmtəə nişanı axtaran tacir üçün bu, əlverişli deyil. Çünki tacir sadəcə əmtəə nişanında həmin əsərin görünməsi üçün mütəmadi olaraq əsər sahibinə haqq ödəməli olacaq ki, bu da əlavə xərcdir.


Əlverişli variant artıq mühafizə müddəti ötmüş, klassikləşmiş, hüquqi dillə ifadə etsək, ictimai varidata daxil olmuş əsəri götürüb istifadə etməkdir. Ən məşhur rəsm əsərlərindən Leonardo da Vinçinin “Mona Liza” tablosunu nəzərimizdə canlandıra bilərik. Bu əsər çoxdan ictimai varidata daxil olduğu üçün, əsər üzərində Da Vinçinin şəxsi hüquqlarını zədələyəcək dəyişikliklər etməmək şərtilə, heç bir icazə almadan “Mona Liza”nın əmtəə nişanı kimi təsvir olaraq istifadə olunmasına yol verilir.


Əqli mülkiyyət hüququnun sistemi buna yol verir. Hətta bu gün dünyada, xüsusilə, üç-ölçülü fiqur və səs də əmtəə nişanı kimi qəbul edildiyi üçün, bir vaxtlar heykəltaraşlıq nümunəsi və ya musiqi kompozisiyası kimi qorunmuş əsərləri də əmtəə nişanı kimi görsək, təəccüblənməməliyik. Hələ 2003-cü ildə Avropa Ədalət Məhkəməsinin Shield Mark v. Joost Kist işində iddiaçı, Bethovenin məşhur “Für Elise” bəstəsini əmtəə nişanı kimi qeydiyyata aldırmış, bu qeydiyyatı cavabdehə qarşı irəli sürməyə çalışırdı. Məhkəmədə, əmtəə nişanının texniki tələblərindən tutmuş səs nişanının hansı formalarda qorunacağına qədər müzakirələr getsə də, ictimai varidat üzərində təsirləri danışılmadı. Klassikləşmiş əsərlərin əmtəə nişanı kimi istifadəsi isə ictimai varidatı dəyərsizləşdirə bilər.



Bu, əlbəttə, sadə bir iddiadır və hansısa təcrübi araşdırmalarla təsdiqini tapmayıb. Üstəlik, yazının əvvəlində izah etdiyimiz kimi artıq ictimai varidata daxil olmuş əsərlərin çoxaldılması, yayılması, dəyişdirilməsi, törəmə əsərlər üçün istifadə olunması üçün müəllifin və ya varislərinin razılığına ehtiyac yoxdur. Eləcə də, əsərin əmtəə nişanı kimi istifadəsi sərbəstdir. Əqli mülkiyyət hüququnun pozitiv sistemi buna mane olmur.


Lakin əmtəə nişanı mühafizəsinin əsərin dəyərsizləşməsindəki rolu sırf hüquqdan mücərrəd bir müzakirə mövzusu deyil. Əsərin dəyərsizləşməsi, maddi dəyərindən çox, cəmiyyətin gözündəki dəyərinin düşməsi, əsəri dəyərli qılan müəllif ruhunun unudulmasıdır. Əsər ilkin incəsənət dəyərindən uzaqlaşaraq ticari mal və ya xidmətləri fərqləndirən nişana çevrilir. Əsərin incəsənət dəyərinin gizləndiyi detallarından çox, ümumi görüntüsü kifayət edir ki, müştəri alacağı mal və ya xidməti seçsin. Daha dəhşətlisi, on illər keçdikcə, marketinq siyasətinin də uğuru kimi əsər artıq müəllifin əsəri - bir klassik kimi yox, onu cəmiyyətlə hər gün görüşdürən brendin məhsulu kimi xatırlana bilər.


Əqli mülkiyyətin belə devalvasiyası əslində bir riskdən, narahatlıqdan ibarətdir, amma bu riskin nə qədər real olduğunu daha dəqiq müşahidələrlə öyrənmək olar. Problemin hüququ maraqlandırmalı tərəfi odur ki, ictimai varidatın əmtəə nişanı kimi qorunması onu texniki olaraq qeyri-məhdud müddətə sahibkarın inhisarına buraxır. Bu halda ictimai varidatın öz funksiyasını yerinə yetirməsi sual doğurur. Əgər əmtəə nişanının sahibi ictimai varidatın qeyri-ticari istifadəsinə qarşı da hüquqlarını uğurla irəli sürə bilirsə, bunu, həqiqətən, müzakirə etməyə dəyər.


Mümkündür ki, sonrakı yazımda bu məsələyə toxunum.

 

Əziz oxucu,


Bloqumuzu oxuduğunuz üçün təşəkkür edirik. Bu cür yazılar oxumaq istəyirsinizsə, fikirlərinizi suallarınızı saytda şərh bölməsində bildirməyinizi sosial şəbəkə hesablarınızda paylaşmağınızı xahiş edirik. Bizi Facebook hesabımızdan izləyərək və paylaşaraq təşəkkürünüzü bildirə bilərsiniz.

28 views0 comments
bottom of page