Franz Kafka – Məhkəmə: Təqsirsiz Bir Təqsirli Şəxsin Hekayəsi
Bu yaxınlarda F. Kafkanın “Məhkəmə” əsərini oxuyub bitirdim. Əsərin melanxolik ruhu mənə təsir etmədi desəm, yalan olar. Bu təsirlə yanaşı, “Məhkəmə” məni heç birimizin sığortalanmadığı insan faciələrini “yaşamağa” vadar etdi, düşünməyə və sorğulamağa dəvət etdi. Düşündüm ki, fikirlərimi bu bloqda sizlərlə bölüşüm.
Bir Gün Gözünü Açırsan və Sən Artıq Məhkəməyə Çıxmalısan!
Əsərin baş obrazı Cozef K. bir səhər oyananda evində tanımadığı insanları görür və təlaşlanır. Məlum olur ki, Cozef barəsində tutulma haqqında qərar var, yaxında məhkəməsi keçiriləcək. Ancaq qəribədir ki, onu tutan polislər nə polisə bənzəyir, nə də onun niyə tutulduğunu bilirlər. Bir az məqsədsiz söhbətdən sonra Cozefi buraxıb çıxıb gedirlər. Əsər məhz belə gözlənilməz və qeyri-müəyyən epizodla başlayır. Əlbəttə ki, Cozefin ağlında bu andan etibarən ardı-arası kəsilməyən suallar yaranır.

“Məhkəmə” sanki həyatımızdakı qeyri-müəyyən anlardan və onların verdiyi izdirabdan danışır. “Məhkəmə” insanın suallarının cavabsız qoyulması, qeyri-müəyyənliyə düçar olması və bundan qurtulmaq üçün çırpınması haqqındadır. Cozefin içinə sürükləndiyi məhkəmə bu mənada bir metaforadır. Cozef şəxsi həyatında da insanlarla münasibət qurarkən, daima onlarla danışıb bir şeyləri aydınlaşdırmağa çalışır, sanki suallara cavab taparaq əzablarını yüngülləşdirmək istəyir. Qonşusu xanım Bürnsterin dostu bu mövzuda Cozefə sitəm edir, sonra onu bu qeyri-müəyyənlikdən xilas etmək üçün əlini uzadır.
Insanın haqlı olduğunu bilə-bilə sanki haqsızmış kimi davranılması, tutulması, məhkəmə qarşısına çıxarılması, yəqin ki, olduqca ağır hisdir. Cozef də ''məhkəmə'' qarşısında buna çalışır, ona qarşı qurulan planı ortaya çıxarmaq istəyir. Ancaq cəhdləri nəticəsiz qalır, hakim elə öz bildiyini sayır, bank işçisi olan Cozefi rəngsaz kimi tanıdır. Cozefin məhkəmədə birdən hər şeydən əlini üzüb hakimin ona taxdığı ''rəngsaz'' peşəsini qəbul etməsi, bir növ təslim olması, bank işçisi olsa da, özünə ''rəngsaz'' kimi xitab etməsi təsirli idi.
Kafkanın “Məhkəmə”sində Hakimlərin Yeri
F.Kafkanın “məhkəmə”si insanları heç nədən tutan, həbs edən, barəsində məhkəmə işi açan, təqsirsiz insanları olmayan təqsiri etiraf edənə qədər süründürən çürük bir sistemə işarə edir. İnsanları haqsız yerə mühakimə edən bu sistemdə də hər şey qaydasında deyil. Bu barədə Cozefin özünü hakimlə müqayisə etdiyi epizodda maraqlı nüans var. Cozef özünə qarşı haqsız məhkəmə işini aparan hakim qarşısında əzilmiş hiss etsə də, hakimin məhkəmənin içində, tavanın arasında yaşadığını görəndə özünü daha şanslı sayır. Əslində Cozefə qarşı edilən haqsızlıq sistemin saxtakarlığıdır və eyni sistemin köləsi də hakim və məhkəmə işçiləridir.

Hakimlər təqsirləndirilən şəxsləri mənasız sorğu-suallarla süründürüb, detallarla tükəndirib, təqsirini etiraf etməyə məcbur edirlər. Hakimliyin bu qədər iyrənc vəziyyətinə baxmayaraq, hakimlərin Cozefin tanış olduğu rəssama möhtəşəm portretlər sifariş verməsi, həmin portretlərdə özlərini taxtda əyləşən, iri, güclü bir məmur kimi təsvir etmələri, həm ədalətin, həm də qələbənin rəmzi saymaları isə əsərin işlədiyi uğurlu paradokslardandır.
Məhkəmədə Müdafiə Hüquqdur yoxsa Lütf?
Məhkəmədə müdafiə vəkillərinin vəziyyəti də acınacaqlıdır. Vəkillər daxmaya bənzər darısqal otaqlarda qalır. Cozef də hər kəs kimi özünə bir vəkil tutur. O, əvvəl müdafiə vəkilinin aparacağı işə inamlı olsa da, onların bu vəziyyətini görüb ümidini üzür. Deyilir ki, vəkillərin bu vəziyyətə salınmasında məqsəd ittiham haqqında nəinki xalqı, hətta təqsirləndirilən şəxsi də məlumatsız qoymaq idi. Xüsusi diqqətimi çəkəm məqam o oldu ki, əsərin ilk hissəsində Cozef tutulanda yaşadığı dövləti hüquqi dövlət kimi qələmə verir, belə qanunsuzluqlara ehtimal vermir. Ancaq sonradan aydın olur ki, Cozefin ölkədəki ədalət mühakiməsindən xəbəri yoxdur. Cinayət işlərində müdafiə qanunun icazə verdiyi mexanizm deyil, ittiham tərəfindən müdafiəyə verilən bir lütfdür. Təqsirsiz bir insanı sistem detallarla çürüdərək təqsirli insana çevirə bilir. Əsərdə Cozefin dilindən deyilən, vəziyyəti izah edən, xüsusilə, bu replika xoşuma gəldi:
''O qədər çox xırda detal var ki, ədalət bunların arasında yoxa çıxır. Axırda əslində heç bir şeyin mövcud olmadığı bir nöqtəyə çatır və heç nədən böyük bir təqsiri meydana gətirir''.

Əsərdə bu detalların arasında sürünən, beş ildir məhkəmə işinə görə bürolarda yatıb duran bir tacir obrazı var. Cozefdən fərqli olaraq, işi ciddi qəbul edib, bir yox beş vəkil tutub və hələ də nələrinsə olacağına ümidlidir. Cozefin düşdüyü vəziyyəti və qarşısında olan seçimləri anlamaq üçün bu obrazla tanış olmaq vacib idi. Cozef ya onun kimi sonu görünməyən məhkəmə korridorlarında mübarizəsini səngimədən davam etdirməliydi, ya da hər şeyi necə varsa, elə də buraxmalıydı. Cozefin qarşısında iki seçim var, amma hər iki seçim onu eyni yere aparır – ucsuz-bucaqsız məhkəmə korridorlarına.
Əsəri oxuduqca Cozefin düşdüyü vəziyyətlə empatiya qurmağa çalışdım, istər-istəməz. Hiss etdiklərim məni çox sıxdı. Anladım ki, bəzən hər detalına qədər çürük sistemdə mübarizə tamamilə mənasız ola bilər. Təqsirli olduğunu sübut etməyən, edə bilməyən sistem səndən təqsirsiz olduğunu sübut etməyi istəyir. Mövcud olmayan təqsirinin yoxluğunu sübut etməlisən. Elə tragikomediya da budur ki, nədə təqsirinin olub-olmadığı sənə deyilmir. Yaxşı insan olduğunu sübut etməlisən, amma heç birimiz yaxşı deyilik. Hələ Cozefin yaşadığı sistemdə Cozef kimi biz də yaxşı insanlar arasında qətiyyən deyilik. Belə bir məhkəmədə müdafiə olunmağın mənası varmı? Bilmirəm, bəlkə də, var. Bir şeylərin baş verməsi üçün yox, öz vicdanın qarşısında doğru olduğunu bildiyin üçün, bəlkə, mübarizə aparmağa dəyərdi.
Əsərdə ən çox bəyəndiyim hissə sonda Cozeflə kilsə keşişinin söhbəti oldu. Həmin söhbətdə keşiş bir kəndli ilə qanun keşikçisi arasındakı uydurma hekayəni danışır. Kafka o hissədə hekayə içində hekayə danışır və əslində Cozefin mübarizəsini və qarşı-qarşıya qaldığı seçimləri hekayə üzərindən mükəmməl izah edir. Düşündüm ki, həmin hekayəyə ayrı bir yazı həsr edim. Gələn yazıda hekayəni, keşişin və Cozefin hekayəyə baxışını tərcümə etməyi və öz fikirlərimi bölüşməyi düşünürəm.
Əziz oxucu,
Bloqumuzu oxuduğunuz üçün təşəkkür edirik. Yazını bəyənməyi, fikirlərinizi və suallarınızı şərh bölməsində bildirməyinizi və sosial şəbəkə hesablarınızda paylaşmağınızı xahiş edirik. Bizi Facebook hesabımızdan izləməyi unutmayın.