Hüquqşünassan Yoxsa İqtisadçı? Yeganə Sahibin Beynini Oxumaq

Yaponiyada Kyushu Universitetində aldığım məcburi dərslərdən biri Hüquqi Araşdırmanın Əsasları (Legal Studies Primer) adlanırdı. Bu dərsdə hüquqa iqtisadi, mənəvi, texnoloji, sosial, institusional və hibrid baxışları öyrəndik. Etiraf etməliyəm ki, indiyə qədərki hüquq təhsilimdə aldığım ən vacib dərs idi. Dərsdə istifadə etdiyimiz materiallardan biri Vard Farnsvortun (Ward Farnsworth) müəllifiolduğu “Hüquqi Analitik” (The Legal Analyst) adlı kitab oldu. Kitab, əsasən, hüquqa iqtisadi baxışlar üzərində qurulub. Düşündüm ki, bu kitabdan müəyyən hissələri tərcümə edərək bloqda paylaşsam, ingilis dilini bilməyən və ya bu kitaba çıxışı olmayan azərbaycanlı hüquq tələbələrinə faydalı olar. Kitab, əsasən, hüquqa iqtisadi baxışlar üzərində qurulub. Bu cür tərcümə yazılarım rəğbət görsə, ardını paylaşacağam.


Xoş oxumalar!

Bilirik ki, bir çox hüquq qaydası o vaxt bir məna ifadə edir ki, onu israfdan çəkindirən bir vasitə kimi görəsən. İlk baxışda sual yarana bilər ki, müsriflərə qarşı qaydalar niyə lazımdır və kimin belə qaydalara ehtiyacı var? Cavab budur ki, heç kim israf etmək istəmir - israf edilən şeyin sahibi özü olduqca. Lakin insan tez-tez özünə fayda vermək uğrunda başqaları üçün israfa səbəb olur. Elə bir qəza təsəvvür edin ki, səbəbi cavabdehin bəzi ehtiyat tədbirlərinə məhəl qoymaması olsun: məsələn, oyun sahəsinin ətrafına hasar çəkmir, beləcə, oyunda istifadə olunan toplar bəzən qonşu evlərin pəncərələrini sındırır. Oyun sahəsinin sahibi hasar çəkməməklə xeyir götürür; bir az pula qənaət edir. Qonşular isə vəziyyəti tamamilə fərqli bir şəkildə təcrübə edirlər: sınıq pəncərələr. Vəziyyətə bir az kənardan baxsaq, hasarın tikilməməsi ilə əldə olunan xeyir sındırılan pəncərələrə dəyən ziyandan azdırsa, israfla üz-üzəyik.


Təcrübədə, adətən, belə hadisələrə cəm halında baxırıq; hər kəsə dəyən xeyirlə ziyanı müqayisə edərək israfın olub-olmamasına qərar veririk. Problem odur ki, bu cür toplu yanaşma oyun sahəsinin sahibini pəncərəsinə ziyan dəyənlərlə bir tutur. Sınıq pəncərələrə dəyən ziyana görə oyun sahəsinin sahibinin məsuliyyətini müəyyən edəndə hüquq məhz buna nail olur. Qonşulara dəyən ziyanı ona (red. oyun sahəsinin sahibinə) dəyən ziyan kimi qələmə veririk; daha texniki bir dillə ifadə etsək, onu, hasara məhəl qoymamağın gətirdiyi xərci özününküləşdirməyə məcbur edirik. Sınıq pəncərələr üçün məsuliyyət daşımasaydı, pəncərələri sındırmaqdan çəkinməzdi və buna xarici xərc və ya xaricilik deyərdik - onun davranışının səbəb olduğu amma ona dəyməyən ziyan. Bunu bir çox hüquq qaydasının və insanları səbəb olduğu xərcə görə məsuliyyətə cəlb etməyin başlıca məramı kimi düşünün: məqsəd, seçimlərinin səbəb olduğu bütün xərcləri məhəl qoymadıqları başqalarının boynuna yükləmək yerinə onların özünə ödətməkdir.


Bu cür hallar haqqında düşünmək üçün yaxşı bir vasitə var. Çox vaxt bu vasitə yeganə sahib adlanır. Burada "yeganə" (red. ingiliscə, "single") ailə vəziyyətinə işarə etmir; tək, yalnız mənasındadır. Burada bütün maraqları yeganə sahibdə cəmləşdirmək və bu maraqları özündə cəmləşdirən yeganə sahibin nə edəcəyini soruşmaq lazımdır. Oyun sahəsi haqqında problemi bir də düşünək. Bu problem ona görə ortaya çıxır ki, oyun sahəsinin sahibi qonşularından fərqli və ayrıdır və ona görə də, onların itkilərini özünün gəlirləri qədər ciddiyə almır. Biz o halda oyun sahibinin hasarı tikməli olduğunu güman edərək hərəkət etdik, ancaq, bəlkə də, elə deyil; bəlkə də, hasarın tikilməsi çox baha başa gələrdi, halbuki, pəncərələr nadir hallarda sınır. Faydalı bir düşüncə eksperimentində sizdən oyun sahəsinin və qonşu evlərin yeganə sahibi olduğunu təsəvvür etməyiniz tələb olunur. O halda, oyun sahəsinin sahibi hasarı tikərdi?


Bu problemin necə həll olunduğuna fikir verin. Bütün mülklərin yeganə sahibi sınıq pəncərələrə dəyən ziyanı hasarın məsrəfi qədər ciddiyə alardı. Əgər hasarı tikmək pəncərələri dəyişdirməkdən ucuz başa gəlirsə, hasarı tikərdi, yoxsa, tikməzdi. Daha sadə ifadə etsək, bütün maraqların yeganə sahibi israfı maksimal dərəcədə azaltmaq üçün çalışardı və yaxud ən səmərəli şeyi edərdi. Bu cür düşünsək, hüququn məqsədi elə bir qayda yaratmaqdır ki, həmin qayda oyun sahəsinin sahibini məcbur etsin ki, hansı ehtiyat tədbirlərini görmək haqqında düşünəndə yeganə sahibin nə edəcəyini düşünərək hərəkət etsin. Onu hər sınmış pəncərə üçün ziyanı ödəməyə məcbur etmək (hasarı tikib-tikməməsindən asılı olmayaraq) işə yaraya bilər; bunu biz tam məsuliyyət (red. qeyd-şərtsiz, ingiliscə "strict liability") kimi bilirik. Bununla belə, onu yalnız yeganə sahib kimi düşünə bilmədiyi hallarda xərci ödəməyə məcbur etmək, yəni bu halda, hasara xərclənən məsrəfin gələcəkdə sınması qarşısı alınan pəncərələrin xərci ilə ödənmiş olduğunu nəzərə alsaq, hasarı tikməsə, ödəməyə məcbur etmək də, yəqin ki, işə yarayardı. Buna da səhlənkarlığa görə məsuliyyət (red. etinasızlıq, ingiliscə "liability for negligence") deyərdik.


Mənbə: W. Farnsworth, The Legal Analyst (2007), pp. 37-38.

Əziz oxucu,


Bloqumuzu oxuduğunuz üçün təşəkkür edirik. Bu cür yazılar oxumaq istəyirsinizsə, fikirlərinizi suallarınızı saytda şərh bölməsində bildirməyinizi sosial şəbəkə hesablarınızda paylaşmağınızı xahiş edirik. Bizi Facebook hesabımızdan izləməyi unutmayın.

12 views0 comments