Hüquqi Analitik: Haşiyə, Haşiyədə Düşünmək və Hüquqşünasa Faydaları
Yaponiyada Kyushu Universitetində aldığım məcburi dərslərdən biri Hüquqi Araşdırmanın Əsasları (Legal Studies Primer) adlanırdı. Bu dərsdə hüquqa iqtisadi, mənəvi, texnoloji, sosial, institusional və hibrid baxışları öyrəndik. Etiraf etməliyəm ki, indiyə qədərki hüquq təhsilimdə aldığım ən vacib dərs idi. Dərsdə istifadə etdiyimiz materiallardan biri Vard Farnsvortun (Ward Farnsworth) müəllifi olduğu “Hüquqi Analitik” (The Legal Analyst) adlı kitab oldu. Düşündüm ki, bu kitabdan müəyyən hissələri tərcümə edərək bloqda paylaşsam, ingilis dilini bilməyən və ya bu kitaba çıxışı olmayan azərbaycanlı hüquq tələbələrinə faydalı olar. Kitab, əsasən, hüquqa iqtisadi baxışlar üzərində qurulub. Bu cür tərcümə yazılarım rəğbət görsə, ardını paylaşacağam. Xoş oxumalar!
“Siqaret çəkən” sözü özlüyündə sadə səslənsə də, düşünəndə bir çox cəhətini kəşf edirsən; gündə neçə ədəd və hansı növ siqaret çəkirsən. “İşə maşınla getmək” də sadə səslənir, amma düşünəndə bir çox seçimdən ibarətdir, məsələn, hansı növ maşını sürürsən, hansı tezliklə yeni maşın alırsan, işə neçədə və hansı marşrutla gedirsən və sair. Bu cəhətlərin hər birini haşiyə (margin) adlandırmaq olar. Saydığımız hər bir hərəkətin – siqaret çəkməyin, maşın sürməyin və sair – bir formasının olduğunu təsəvvür edin, saydığımız seçimlər isə həmin fiqurun kənarları olsun. Əvvəla, burada (red. pozitiv mənada) hüquq, stimulları (red. stimul, müəyyən davranışı tənzimləyərkən hüququn çatmaq istədiyi maraqlarıdır) düşünərək hərəkət etsə, bu haşiyələrdən bəzilərinə digərlərindən daha asan təzyiq göstərə bilər: məsələn, nə qədər yox, harada siqaret çəkdiyinizə təzyiq göstərmək üçün restoranlarda siqaret çəkməyi qadağan edə bilər və yaxud hansı növ yox, nə qədər siqaret çəkdiyinizə təzyiq göstərmək üçün bütün siqaret satışlarına vergi tətbiq edə bilər.

Haşiyələrin digər cəhəti odur ki, birini digəri ilə əvəz edə bilirsən: birinə təzyiq göstərəndə digər haşiyənin çevrəsi genişlənə bilir. İşdə siqaret çəkə bilmirsənsə, onda evdə əvvəlkindən daha çox siqaret çəkməyə ya da ümumiyyətlə, evdən işləməyə qərar verə bilərsən. Bu halda əvvəlki qədər çox siqaret almağa pulun çatmırsa, daha ağır bir siqaret çəkməyə başlaya bilərsən. Nəhayət, sadalanan hərəkətlər – siqaret çəkmək, maşın sürmək – daha geniş bir anlayışın haşiyələri kimi çıxış edə bilər. Ümumiyyətlə, siqaret çəkə bilmirsənsə, bəlkə, daha çox saqqız çeynəyə bilərsən.
Ona görə də, haşiyələrdə düşünmək az iş deyil. Ən vacibi odur ki, haşiyələrdə düşünəndə problemlərə ümumi baxış bucağından – ya hamısı, ya da heç biri və ya siqaret çəkmək və ya çəkməmək – şəklində yox, xırda detalları ilə baxırsan: davranış, nə vaxt bir cəhəti azaldıb digərini artırmaq haqqında düşündürən bir qrup seçim görünür. Eyni düşüncə şəkli əhaliyə tətbiq oluna bilər. Bir qrupun ortalama üzvünün qanunun təzyiqinə necə reaksiya verəcəyini tapmaq üçün baş sındıra bilərsən ya da haşiyələrə baxa bilərsən: qrupun ən həssas üzvləri buna necə reaksiya verir. Bəlkə də, siqaretə qoyulan vergi, ayrılıqda götürəndə, hər bir şəxsin davranışında cüzi dəyişikliyə səbəb olmur; amma, ola bilsin, qrupun bir neçə ən az qətiyyətli və ya ən az əzmkar üzvünün siqareti tərgidib saqqıza keçməsinə səbəb olur, beləcə, qrupun davranışında dəyişiklik yaradır. Fərdlərin hərəkətləri haşiyələrə söykənir, başqa sözlə, qrupların marjinal üzvləri olur. Belədirsə, bu düşüncə şəkli bəsit məsələlərə dair, o cümlədən, əlavə cəza nəzərdə tutan və ya davranışda əlavə dəyişiklik tələb edən hüquqi qaydaların özünə də tətbiq oluna bilər.

Haşiyə məsələsinin niyə faydalı olduğunu araşdıraq. Qaydaların yaratdığı stimulları başa düşmək üçün haşiyənin mənasından başlamalısan, çünki haşiyələr stimulların “dişlədiyi” (red. birbaşa yönəldiyi) nöqtələrdir. Hüquqi qaydalar heç kimin davranışında köklü dəyişikliyə səbəb olmaya bilər və ya hər kəsin davranışını cüzi dəyişdirə bilər; ancaq hüquqi qayda haşiyələrdə dəyişiklik yaradanda işə yarayır. Haşiyələri başa düşmək həm də ona görə lazımdır ki, hüquqi stimulların hansı yerdəyişmələrə səbəb ola biləcəyini soruşasan. Stimullar haqqında elə düşünülür ki, onlar bir haşiyədən digərinə yaxşı yerdəyişmə yaratmaq üçün lazımdırlar, lakin əldə olunan yerdəyişmənin tərs və qeyri-məhsuldar olması riski həmişə var. Nəhayət, haşiyələri öyrənmək lazımdır, çünki bir problemin ən yaxşı həlli sadəcə nəyisə etmək və ya etməmək kimi bir qərardan çox, əksər hallarda, xırda dəyişiklik – bəlkə də, fərqli insanlara aid olan bir neçə haşiyədə dəyişiklik – tələb edir. Bu nüansların hər biri ayrılıqda araşdırılmalıdır.
Source: W. Farnsworth, The Legal Analyst (2007)
Əziz oxucu,
Bloqumuzu oxuduğunuz üçün təşəkkür edirik. Yazının davamını oxumaq istəyirsinizsə, fikirlərinizi və suallarınızı saytda şərh bölməsində bildirməyinizi və sosial şəbəkə hesablarınızda paylaşmağınızı xahiş edirik. Bizi Facebook hesabımızdan izləməyi unutmayın.