Harper Lee - Bülbülü Öldürmək: Mühakimə Etdiklərimizi Nə Qədər Tanıyırıq?

Updated: Mar 24

Bu dəfəki yazımda Harper Linin “Bülbülü öldürmək” əsərindən və irqçilikdən yazacam. Etiraf edim ki, əsərini oxuyanda əsərin mövzusuna gəlmək üçün, doğrusu, çox səbr etməli oldum. Təxminən 75 səhifəmi aldı. Ancaq sonda anladım ki, buna dəyərdi.


“Qalib gəlməyəcəyini bilmək o demək deyil ki, mübarizə aparmamalısan”.


Əsərdəki hadisələr Alabamanın Maykomb qəsəbəsində yaşayan Atticus adlı nüfuzlu vəkil və onun Skout və Cem adlı iki övladı ətrafında cərəyan edir. Attikus Tom Robinson adlı qaradərili şəxsi müdafiə edir. Tomun təqsirləndirildiyi əməl Mayella xanıma cinsi təcavüz etməkdir. Vəkil Attikusun həm özü, həm də övladları cəmiyyətin qınağına məruz qalır. Xüsusilə, övladları Cem və Skout bu təzyiqlərin mərkəzindədir. Onlar atalarının bir məhkəmə işinə görə alçaldılmağını əvvəl anlamır, sonra qəbul etmir və daima bunu üçün dava edirlər. Attikusun mövqeyi isə aydındır; qalib gəlməyəcəyini bilmək o demək deyil ki, mübarizə aparmamalısan. Atticus həmin işi götürərkən, vicdanını dinləmiş, çoxluğun fikrini yox, öz vicdanı və Tanrı qarşısında necə cavab verəcəyini düşünmüşdü. Övladlarına belə mübahisələrə girməməyi, onların da fikirlərinə hörmətlə yanaşmağı məsləhət bilir, Cem və Skoutun həmin insanlara sərt cavablarına hirslənir.



Attikus əsərdə sadəcə yaxşı hüquqşünas kimi yox, həm də örnək insan kimi təsvir olunub. Onu ''zənci sevən'' sözləri ilə təhqir etməyə çalışanlara belə, təmkin və hörmətlə yanaşır. Bu insanlardan biri olan Dubose xanımla olan münasibəti, onun xəstəliyinin ağırlaşan zamanlarında istəksiz oğlu Cemi ona kitab oxumağa göndərməyi təsirli idi. Oğlu ondan Hitler haqqında soruşanda Attikusa onun elədiklərinin dəhşətli olduğunu qəbul edir, amma deyir ki, heç kimə nifrət etmək olmaz. Maraqlıdır ki, əsərdə Attikusun zəncilərə xüsusi rəğbətini göstərən epizod da yoxdur, o sadəcə heç kimə nifrət etməyən, insanları sevən biri kimi təsvir olunub.


Əsərdə marağımı cəlb edən epizodlardan biri Attikusun evdə olmadığı bir Bazar günü qaradərili dayə Kalpurniya xanımın uşaqları qaradərililərin toplaşdığı kilsəyə apardığı səhnə oldu. Həmin səhnədə uşaqlar, təəssüf ki, ağdərili olduqları üçün təzyiqlə üzləşirlər. Maykomb kimi qaradərililərin xoş qarşılanmadığı, qapalı, diskriminasiyaya meyilli qəsəbədə Attikus öz uşaqlarına qaradərili dayə tutmuş və onu sonuna qədər tənqiddən qorumuşdu. Qəsəbədə irqçilik üzündən qütbləşmə o dərəcədədir ki, Attikusun qaradərili müvəkkili Tom Robinsonun məhkəməsinə əvvəl ağdərililərin, sonra qaradərililərin girişinə icazə verilir. Qaradərililər ikinci sinif kimi münasibət görürlər. Alabama ştatının bu qəsəbəsində ikinci dərəcəli insan sayılan təkcə qaradərililər yox, həm də qadınlardır. Məhkəmədəki andlı iclasçıların qadınlardan təşkil olunmasının qəbuledilməz olması bunu sübut edir. Skout ve düşünür ki, andlı iclasçı kürsüsündə tanıdıqları bəzi qadınlar otursa, Tom Robinson üçün hər şey yaxşı ola bilər.


Bir uşaqlıq bütün irqçiliyə qarşı

Əsərin əsas hadisələri - vəkil Attikus və onun qaradərili müvəkkili Tom Robinsonun başına gələn irqçi nifrəti onların üzərindən deyil, uşaqların dili və gözündən anlatmasını bəyəndim. Belə olanda hadisələrə quru baxışdan çox, uşaqların məsum dünyasından nəzər yetirmək mümkün olur, empatiya qurmaq asanlaşır.

Məsələn, uşaqlar arasında keçən belə maraqlı videolardan birində Cem Maykombdakı irqçiliyi kürən (qızılı saçlı) insanlar üzərindən təsvir edir. Cem deyir ki, ona qalsa kürənlər nə rəngli olduqları üçün ağdərililər tərəfindən, nə də ağdərili olduqları üçün qaradərililər tərəfindən qəbul edilir. İnsanların dəri və saç rənginə görə ayrı-seçkiliyə məruz qalmasının yersiz və mənasız olduğunu bundan daha yaxşı örnəklə izah etmək olmazdı. Bu örnək isə bir uşağın dilindən verilə bilərdi.


The Radley's House, An Illustration by Rosie Faragher

Əsərdə mənə daxilən çox təsir edən replikalardan biri Skoutun dilindən deyilən bu sözlər oldu:

“Attikus Tom Robinsonu xilas etmək üçün azad insanların istifadə edə biləcəyi hər vasitəyə baş vurmuşdu, amma insanların ürəyindəki gizli məhkəmələrində Tomun, ümumiyyətlə, məhkəmə işi mövcud deyildi, Mayella xanım ağzını açıb qışqırdığı an Tom artıq ölmüşdü”.

Bir uşağın deyə bilməyəcəyi qədər dərin məna var bu sözlərdə. Əslində əsərdə sonu əvvəlcədən bəlli olan bir məhkəmə işindən danışılırdı. Qərəz və nifrəti rəsm edən bu sözlər məndə dərin izlər buraxdı, kim olduğumuzu bir də düşünməyə vadar etdi. Tom Robinsonun mübarizəsinin bəzi insanlar tərəfindən ovçudan hissiyyatsız və plansızcasına qaçan bülbüllərə bənzətən metafora dəhşətli idi.


Uşaqların gözündən irqçiliyi izləmək isə hərdən çox ağır idi. Ən təsirli səhnələrdən biri gecənin bir vaxtı uşaqların Attikusu Tomun saxlanıldığı həbsxananın önündə tapmağı və ona bir qrup irqçi tərəfindən edilən təzyiqləri görməyi oldu. Bu səhnədən öyrənirik ki, Attikus Tom üçün sadəcə onun hüquqlarını müdafiə edən vəkili deyil, həm də sözün əsl mənasında onu qoruyan dostudur. Həbsxananın önündə bir sipər kimi oturub, nifrət dolu irqçilərin Toma zərər vurmasına mane olur. Irqçilərin getməsindən sonra Tomun pəncərədən boylanması və Attikusun onu sakitləşdirməsi təsirli idi.


Aaron Sorkin's Broadway Adaptation of To Kill a Mockingbird

Skoutun məktəbdə müəllim və şagirdlərlə Hitleri və onun yəhudilərə etdiklərini müzakirə etdiyi epizod da üzərində düşünülməyə layiqdir. Sinifdə yəhudiləri müdafiə edən düşüncələr, təəssüf ki, onların ağdərili olması ilə assossasiya olunur. Müəllim isə Amerikadakı demokratiya ilə qürrələnir, bərabər hüquqlardan ağız dolusu danışır. Müəllimin bu hərəkəti Skoutu təəccübləndirir, çünki Tomun məhkəməsindən sonra Skout, müəllimin bir xanımla söhbətində qaradərililərə qarşı qərəz və qorxu dolu sözlərini eşitmişdi. Təhsil sistemində belə irqçi və qərəzli insanların müəllimlik etməsi sadəcə qorxuncdur.


Xüsusi məqamlar: Ku Klux Klan və Modern İrqçilik

Əsərdəki bir epizodda söhbət irqçilikdən düşəndə, uşaqlara deyirlər ki, artıq Ku Kluks Klan kimi təhlükəli irqçi qruplaşmalar yoxdur, Maykomb əvvəlki kimi təhlükəli bir yer deyil. Bu cümlə qismən doğrudur, bəli, Ku Kluks Klan kimi irqçiliyi sistematik şəkildə təbliğ edən və qaradərililərə qarşı mübarizə aparan qruplaşmalar yoxdur. Lakin əslində irqçilik individual səviyyədə qalıb və bəlkə də, belə daha da təhlükəlidir. Maykomb qəsəbəsindəki əksər insanlar qaradərililəri sevmir, onlara nifrət edir və ikinci dərəcəli insan kimi görür. Bir çoxu isə Skoutun müəllimi kimi ikiüzlülük edir. Bu cür irqçiliyə qarşı mübarizə aparmaq isə qat-qat daha çətindir.


"Ku Klux Klan"

Əsər mənə nə öyrətdi?

Əsərin başından sonuna qədər Skoutun necə böyüdüyünü görmək xoş idi. Əsəri bitirməyimə bir neçə səhifə qalana qədər mən hələ də kitabın ilk 70 səhifəsindəki hadisələrin niyə danışıldığını düşünürdüm. Çünki həmin səhifələr Skout və Cemin qonşuları Radley ailəsinə qarşı qorxu və qərəzlərinə həsr olunmuşdu. Sonlarda isə hər şeyi başa düşdüm. O səhifələrdə uşaqlar Radley ailəsini tanımadan qorxurdular. Əsl təhlükə isə Toma böhtan atan başqa insanlar idi. Tanımadığımız, bilmədiyimiz şeydən qorxuruq. Ona görə də, heç kəsi tanımadan mühakimə etmək olmaz - cinsinə, dininə, dərisinin rənginə ya da düşüncələrinə görə. Əsərin mesajı, məncə, bax budur.



Əziz oxucu,

Bloqumuzu oxuduğunuz üçün təşəkkür edirik. Bəyəndinizsə, paylaşımı bəyənməyi, fikirlərinizi və suallarınızı şərh bölməsində bildirməyinizi və sosial şəbəkə hesablarınızda paylaşmağınızı xahiş edirik.

0 views

© 2019 by LeGalaxy Azerbaijan. Proudly created with Wix.com