İnternet Cəmiyyəti Gənc Elçilər Proqramına Niyə Qoşulmalıyam? 4 SƏBƏB
Bloqu yaxından izləyənlər bilir ki, hərdən hüquqşünaslar və digər ixtisaslardan olan gənclərin faydalana biləcəyi və özümüzün faydalandığımız bəzi imkanlar haqqında yazırıq. Bunlardan biri İnternet Cəmiyyətinin elan etdiyi Gənc Elçilər Proqramıdır. Mən bu proqramda 2019-cu ildə iştirak etmişəm və Azərbaycanı Gənc Elçi kimi Berlində İnternet İdarəçiliyi Forumunda təmsil etmişəm. Bu bloqda proqramda iştirak etmək üçün 4 səbəb haqqında yazacam.
İnternet Cəmiyyəti (Internet Society) hamıya açıq, şəffaf və istifadəçilərin nizamladığı internet uğrunda çalışan və 70 minə yaxın fərdi, 100-ə yaxın təşkilati üzvü olan qeyri-hökumət təşkilatıdır. Təşkilat interneti əhatə edən texniki, hüquqi, etik, sosial və digər mövzularda şəbəkə neytrallığı, şifrələnmə və şəxsi həyatın gizliliyi kimi dəyərlər uğrunda mübarizə aparır, əməkdaşlıq və təhsilə önəm verir. Təşkilatın İnternet İdarəçiliyi Forumu ilə birgə təklif etdiyi Gənc Elçilər Programı təhsil yönümlü proqramlardandır. Proqramın adı da əslində İnternet İdarəçiliyi Forumu Gənc Elçilər Proqramıdır. Proqramın məqsədi internetin gələcəyi olan gənc liderləri maarifləndirmək, onlara beynəlxalq arenalara çıxış imkanı verməkdir. Bəs bu proqramda niyə iştirak etməlisiniz?
1. İnternet İdarəçiliyi Forumunda İştirak İmkanı
Proqramın ən cəlbedici tərəfindən birinci başlamaq lazımdır. Qarşımıza çıxan bir çox təhsil yönümlü proqramlar iştirakçıları təlimləndirməklə kifayətlənir, onlara əldə etdikləri bilikləri tətbiq və təcrübə edəcəyi platformalara hazırlasa da, birbaşa çıxış imkanı vermir. Bu proqramın məzunları isə hər il keçirilən və dövlətlərin, qeyri-hökumət təşkilatlarının, akademiya və tədqiqat mərkəzlərinin, texniklərin yaxından iştirak etdiyi Birləşmiş Millətlər Təşkilatının İnternet İdarəçiliyi Forumunda tam təqaüdlə iştirak etmək imkanı qazanır. Proqramın məzunlarının bütün səfər və yaşayış xərclərini təşkilatçılar ödəyir.

İnternet İdarəçiliyi Forumu olduqca maraqlı bir təcrübədir. İxtisasınızdan asılı olmayaraq, internet və yeni texnologiyalarla maraqlanırsınızsa, bu cür çoxtərəfli müzakirə platformaları sizə yeni baxış bucağı qazandıra bilər. Forumda ən müxtəlif mövzular müzakirə olunur. Məsələn, siz hüquqşünassınızsa, internetdə ifadə azadlığı və ya süni intellekt və etik və hüquqi məsələlər haqqında görüşlərdə iştirak edə bilərsiniz, fikir bildirə, sual verə bilərsiniz. Bir memar ağıllı şəhərlər haqqında müzakirələrə qatıla bilər və ya bir kompüter mühəndisi blok zənciri texnologiyası kimi yeni mövzular haqqında sessiyalardan faydalana bilər. İnternet həyatın hər sahəsinə elə nüfuz edib ki, bu tortda hər kəsə pay var.
Qeyd edim ki, bu il COVID-19 pandemiyası ilə əlaqədar olaraq, İnternet İdarəçiliyi Forumu rəsmi olaraq uzaqdan (onlayn qaydada) keçiriləcək.
2. İnterneti Daha Yaxından Tanımaq Lazımdır
Gündəlik həyatımızda hamımız internetdən istifadə edirik. Elə onun sayəsində mən bildiklərimi sizlərlə paylaşıram, siz də oxuyursunuz. Amma internetin necə çalışdığını, bu nəhəng hörümçək torunun necə işlədiyini çoxumuz bilmirik. Gənc Elçilər Proqramının ilk mərhələsində iştirakçılar elektron tədrisə cəlb olunurlar. Təxminən iki ay ərzində iştirakçılar elektron materialları oxuyub, izləyib, çalışmaları edir və internetin tarixi, strukturu və internet idarəçiliyi haqqında təməl məlumatlara sahib olur. Onlayn müraciət mərhələsindən elektron tədris üçün təxminən 150 nəfər seçilir. Proqramda iştirak etmək üçün ingilis dilini səlis bilməyiniz və 18-30 yaş aralığında olmağınız gözlənilir.
Elektron tədris bu proqramın ən çətin mərhələsidir. Çünki seçilən 150 nəfərin sadəcə 50 nəfəri növbəti mərhələyə buraxılır. Uğurlu olmaq üçün elektron tədrisdə aldığınız qiymət yüksək olmalı, bundan əlavə, müzakirələrdə aktiv iştirak etməlisiniz. Tədris onlayn debatları, müzakirələri və internet idarəçiliyində bəzi məşhur şəxs və təşkilatlarla görüşləri əhatə edir. Bu tədbirlərin hamısında həm aktiv iştirak etmək, həm də təşəbbüskar olmaq vacibdir. Elektron tədrisdən aktivliyinə görə seçilən 50 nəfər yazı mərhələsinə keçir və ən yaxşı yazını göndərən təxminən 30 nəfər Gənc Elçi kimi seçilir. Tələb olunan yazı ingilis dilində olub akademik olması mütləq tələb deyil. Əlbəttə, seçim zamanı gender və coğrafi müxtəliflik kimi digər amillər də nəzərə alınır.

3. Bu Proqram Gələcək Planlarınızı Formalaşdıra Bilər
Hesab edirəm ki, iştirak etdiyimiz hər bir proqramı planlarımı formalaşdırmaq üçün istifadə edə bilərik. Misal üçün, siyasi mövzularda ixtisaslaşmısınızsa, bu proqramdan sonra internetin və yeni texnologiyaların siyasətə təsirinə, üz tanıma texnologiyalarının hökumətlər tərəfindən istifadəsi kimi unikal mövzulara əyilə bilərsiniz. İnternet İdarəçiliyi Forumu yeni araşdırma mövzuları tapmaq üçün ideal məkandır.
Şəxsi təcrübəmdən misal versəm, bu proqrama daxil olana qədər əqli mülkiyyət hüququna və onun bir qolu olan əmtəə nişanlarına maraq göstərsəm də, bu proqram məni internet və əqli mülkiyyətin qovuşduğu sahələrə yönləndirdi. Əvvəllər, doktoranturada əmtəə nişanları ilə əlaqədar bir mövzuda yazmağı planlaşdırırdımsa, indi böyük məlumat bazalarının (big data) əqli mülkiyyət kontekstində mühafizəsi mənə daha cəlbedici gəlir. Elə proqram çərçivəsində tələb olunan yazını da bu mövzuda yazıb bir müddət sonra çap etdirmişdim.
4. Yeni Əlaqələr Qurmaq, Dostlar Qazanmaq İmkanı
Gənc Elçilər Proqramına və İnternet İdarəçiliyi Forumuna dünyanın hər yerindən gənclər və təcrübəli şəxslər qatılır. Bu proqramda sizinlə bənzər maraq dairəsinə sahib olan birdən çox insanla tanış ola bilər, sessiyalarda birlikdə iştirak edə bilərsiniz. Gənc Elçi kimi özünüzü təqdim edərək başqa təşkilatlarla kontaktlar yarada, gələcək təcrübə proqramları haqqında məlumat ala bilərsiniz.

Mən İnternet İdarəçiliyi Forumunda, xüsusilə, Almaniyada internetlə əlaqəli mövzularda fəaliyyət göstərən bəzi vətəndaş cəmiyyəti təşkilatları ilə tanış oldum, onlardan biri tərəfindən yay məktəbinə dəvət edildim. Hal-hazırda İnternet Cəmiyyətinin Gənclər üçün Xüsusi Maraq Qrupunda (Youth Observatory) Şərqi Avropa üçün Regional Direktor kimi könüllü fəaliyyət göstərirəm. Gənc Elçilər Proqramına hər birinizin müraciət etməyini tövsiyə edirəm. Unutmayın ki, hər bir proqrama sadəcə passiv şəkildə üzv ola ya da aktiv şəkildə qatılaraq öz xeyrinizə dəyişdirə bilərsiniz.
Gənc Elçilər Proqramına müraciət üçün son tarix 28 iyun 2020-ci ildir. Əlavə məlumat üçün keçiddən istifadə edə bilərsiniz. Uğurlar!
Yazımı oxuduğunuz üçün təşəkkür edir, bildiklərimi az da olsa paylaşa bildiyimizə ümid edirik. Yazını oxuduqdan sonra sual və şərhlərinizi, zəhmət olmasa, şərh bölməsində qeyd edin. Bizi Facebook hesabımızdan izləməyi unutmayın.