İfaçılıq Sənəti: Müəlliflik Hüququnun Fövqündə Hansı Dünyalar Var?
Keçmişdə insanlar yaradıcılığı yalnız tanrıya aid edirdi. Kainatın yaradıcısı kimi, hər şeyi yaratma qüvvəsi və hüququ tanrıya məxsus idi; rəssamlar, memarlar və digər sənətkarlar tanrının yaradıcılığını sadəcə icra edə bilərdilər. Sənətkarlar bir kilsədəki rahib timsalında yaradılanı təmsil edirdilər. Muzeylər kilsələri, rəssamlar isə tanrını təmsil edirdi. Muzey kuratorlarına təşəkkür etmək lazımdır ki, onların sayəsində biz tanrının yaratdıqlarına baxa bilirik. Kuratorlar sanki kilsə rahibləri idilər. Ona görə də, həmin dövrdə ifaçılıq sənəti xüsusi önəmə sahib idi; müəyyən bir zaman və məkan daxilində bir dəfə icra olunurdu və icra edən və izləyən üçün xüsusi olaraq qalırdı. Yaradıcılıq nümunəsini - ifaçılıq sənətini bir daha görmək üçün gərək sənətkar onu bir də icra edəydi. İfaçılıq sənəti (ing. performance art) ötən əsrin 60-cı illərində Amerika Birləşmiş Ştatlarında (ABŞ) ortaya çıxan və şair, musiqiçi və ya başqa sənətkarların canlı bədii ifalarını (hadisələri) təsvir edən termindir.

Bu gün bu anlayışdan qismən uzaqlaşmışıq. İfaçılıq sənəti də daxil olmaqla, bütün sənət növlərini, o cümlədən, canlı ifaları qeydə almaq, canlı yayımlamaqdan əlavə daşıyıcı materiallara yazmaq mümkündür. Sevimli bəstəkarının canlı ifasını filarmoniyaya gedib izləyə bilməyən izləyəci bilir ki, canlı ifanın təkrarına baxa bilər. Video yazılar və səs də elə keyfiyyətdədir ki, canlı ifadan fərqlənmir. Video-yazı ifaçılıq sənətini nisbətən adiləşdirib, hər kəsə çatımlı vəziyyətə gətirib. Bununla belə, asan çatımlılıq mexaniki çoxaltmanın da asanlaşması deməkdir ki, ifaçılıq sənətindən izinsiz istifadə və yayma halları qaçılmaz ola bilər. Bunun qarşısını necə almaq olar?
Hüquqi aspektdən baxsaq, ifaçılıq sənəti də digər incəsənət nümunələri kimi müəlliflik hüququnun obyekti kimi qorunur, bir şərtlə ki, sənətkarın ifası (icrası) fiksasiya olunsun, başqa sözlə, fikir çərçivəsindən çıxaraq müəyyən bir cihaz üzərində qeydə alınsın. Əksər hallarda, müəllif, hüququnu qoruması üçün onu yayım kanallarına və ya başqa təşkilatlara güzəşt edir. Yayım kanalları ifaçılıq sənətinin ərsəyə gəlməsində fiksasiya mərhələsində (canlı yayımın təşkili kimi) əmək sərf etdiyi üçün ifaçıların, hüquqları onlara güzəştə getməsi təəccüblü deyil. Fiksasiya edilən obyektləri qorumaq üçün hüquq kömək edə bilər. Müəlliflik hüququ müəllifin kimliyini və əsərin mühafizəsi qaydalarını aydın şəkildə tənzimləyir. Bəs ifaçılıq sənəti qeydə alınmadığı halda necə qorunmalıdır?

İfaçı icra etdiyi sənət nümunəsini canlı yayımlamaya bilər. Yayımlanmayan nümunə izinsiz çoxaldıla bilməz, ona görə də müəllif - ifaçı hüquq pozuntularından narahat deyil. Lakin ifaçını narahat edən vacib bir məsələ var - daimi gəlir. Əgər ifaçılıq sənəti canlı yayımlanmırsa, telekanalla müəllif müqaviləsindən söhbət gedə bilməz. Telekanal, ifaçılıq sənətinin heç bir mərhələsində iştirak etmədiyi üçün fayda götürmür və müəllifə qonorar ödəmir. İfaçının isə növbəti səhnələrə çıxmaq, yeni əsərlər yaratması üçün qonorara ehtiyacı var. Təcrübədə bu məsələ necə həll olunur? Maraqlıdır ki, hüququn müdaxilə edə bilmədiyi bu cür hallarda özünəməxsus ticari münasibətlər hərəkətə keçir. Bəzən isə sadəcə dövlət dəstəyi.
Avropa və ABŞ-dakı təcrübəni fərqləndirmək lazımdır. Avropada, o cümlədən, Azərbaycanda sənətkarlar dövlət dəstəyi ala bilirlər və telekanallarla və sair yayım orqanları ilə işləməyən sınətkarlar da dövlətdən aldıqları qonorarla konsertlərdə ifa edir, yeni əsərlər yaradırlar. ABŞ-da isə özəl sektor daha aktivdir ki, buna himayəçilik (ing. patronage) modeli deyilir. Özəl fondlar müəyyən sənətkarlara ömürlük dəstək verir (ing. endowed in perpetuity), əvəzində konsertlərdə və afişalarda adlarını göstərir və (və ya) vergidən azadolmalardan faydalanırlar. Əslində, himayəçilik modeli ABŞ-ın icad etdiyi bir model deyil; müəlliflik hüququ dünya ölkələrində tanınmadığı və ya sistemli şəkildə mühafizə olunmadığı dövrdə, məsələn, Cozef Haydn (Joseph Haydn) əsərlərini Macar şahzadə Esterhazinin (Prince Esterhazy) himayəçiliyi ilə yaradırdı. Şahzadə, Haydna qonorardan əlavə, əsərlərini icra etmək üçün konsert zalı da təşkil edirdi. Himayəçilər sənətkarlarla auditoriya arasında körpü rolunu oynayır, yuxarıdakı misalımızdakı kuratorlar kimi insanları yaradanlarla görüşdürürdülər.

Əqli mülkiyyət hüquqlarının qorunmasında hüquq digərləri ilə birlikdə sadəcə bir mexanizmdir. Gündəlik münasibətlərin hamısı qanunun müəyyən etdiyi çərçivədə formalaşmır, qanunun qadağan etmədiyi, ancaq həm də proqnozlaşdıra bilmədiyi fərqli cildlərdə qarşımıza çıxır. Bu münasibətləri aşkarlamaq, başa düşmək, qanun yaradıcılığı prosesini məhz bu yöndə qurmaq lazımdır.
Əziz oxucu,
Bloqumuzu oxuduğunuz üçün təşəkkür edirik. Yazını bəyənməyi, fikirlərinizi və suallarınızı şərh bölməsində bildirməyinizi və sosial şəbəkə hesablarınızda paylaşmağınızı xahiş edirik. Bizi Facebook hesabımızdan izləməyi unutmayın.