top of page

Kimdir Müqəssir: Mən, Müəllim, Universitet? Akademik Yazı Problemi Və Həll Yolları

Updated: Jun 17, 2020

Bu yaxınlarda oxumağa başladığım maraqlı və bir o qədər də faydalı bir kitabdan yazmaq istəyirəm; Hovard Bekerin (Howard S. Becker) müəllifi olduğu “Sosial Elmi İşçilər üçün Yazı: Dissertasiya, Kitab və ya Məqalənizə Necə Başlamalı və Bitirməli?”. Kitabın ingiliscə türkcə versiyaları üçün linki əlavə edirəm.

Kitabda sosial elmlərdə (o cümlədən, hüquqda) yazı yazmağın çətinliyi, doğru bildiyimiz yanlışlar və yanlış olduğunu bildiyimiz, ancaq haqqında dərindən düşünmədiyimiz məsələlərdən danışılır. Kitab o qədər axıcıdır ki, ilk hissələri yorulmadan oxudum.

Oxumaqla kifayətlənmədim, düşündüm ki, bu kitabdan öyrəndiklərimi yazım, oxucularla bölüşüm. Hazırda 3-cü hissəsini oxuduğum kitabın öyrətdiklərini elə hissələr şəklində paylaşmaq istədim. Bu hissələrdə soruşulan sualın məğzi eynidir; niyə yaza bilmirik? Akademik yazı yazmağa mane olan nədir?

BİRİNCİ HİSSƏ


1.1. Keyfiyyətdən Kəmiyyətə: Kapitalizmin Korladığı Kitabxanalar

Yazıçı kitaba sistemi tənqidlə başlayır. Qeyd edir ki, bu gün universitetlər akademik mərkəzdən çox, biznes müəssisələrinə çevrilib. Hər il tərtib olunan universitet reytinqləri, bu reytinqlərin hazırlanmasında nəzərə alınan kriteriyalar universitetləri məcbur edir ki, daha yaxşı göstərici üçün çoxlu məqalə dərc etsinlər. Universitetlərin məqalə nəşriyyatını təşviq etməsi əslində müsbət amildir. Amma, burada olduqca ciddi bir fərq var. Fikir verdinizsə, əvvəlki cümlələrdə “məqalə” sözünü təsvir etmək üçün “çoxlu” sayından istifadə etdim. Məqalələlərin keyfiyyəti haqqında heç nə demədim; çünki reytinqlər üçün bu maraqlı deyil. Dünyanın böyük universitetləri arasında bu yarış ab-havası o dərəcədə qızışıb ki, məşhur universitetlər öz elmi işçilərinə, akademiklərinə öhdəlik qoyur ki, misal üçün, 2020-ci ildə bu qədər məqalə çap etdirməlisən və ya məqalənə bu qədər istinad edilməlidir, yoxsa işini itirəcəksən. Yazılan məqalələrin keyfiyyəti isə sonrakı məsələdir. Nəticədə hər il minlərlə jurnal işıq üzü görür və ad olur ki, filan professorun “n” qədər məqaləsi yayımlanıb.

Kapitalist sistemin brendi olan azad rəqabət akademik fəaliyyətin keyfiyyətinə mənfi təsir edir. Problem isə rəqabətdə deyil, ölçüdədir. Bu ölçülər isə, təəssüf ki, xüsusən, son illərdə həyatımızın hər sahəsində tətbiq olunmağa başlayan məlumat analizi sistemləri ilə kəmiyyət yönümlü formalaşıb. İerarxik quruluşu ilə bilinən universitet idarəçiliyini tora salan bu sistem, əlbəttə ki, tələbəyə verilən tədrisə və qiymətləndirməyə təsir edir. Necə ki, müəllimləri idarəçilik rəqəmlərlə qiymətləndirir, idarəçi və müəllimlər tələbələri də bu mükafat-cəza mexanizminə sürükləyirlər. Tələbələr yazı kimi həm düşüncə, həm də ifadə tələb edən qarışıq, çətin, lakin kifayət qədər əhəmiyyətli şeyi görmədən, öyrənmədən, idarəçilik üçün daha asan və az resurs tələb edən qiymətləndirmə üsulları məzun olurlar. Vacib olan yaxşı qiymət almaqdır. Yazmaq vaxtı gələndə isə, xüsusilə, magistratura və doktorantura səviyyəsində dəhşətə qapılırlar.

1.2. Düşündüyünü Olduğu Kimi Yaza Bilərsən? Stephen Hawking Yazırdı.

Bəs yazmaq əslində nədir? Yazmaq çoxumuz üçün qəliz məsələdir. Bəzi insanlar yazı üçün ritual seçir və o hadisə olanda ya da ritual gerçəkləşəndə yazmağa başlayır. Yaxşı yazan insanla qarşılaşanda elə bilirik ki, bu onun üçün su içmək kimi bir şeydir; sadəcə oturur və o möhtəşəm fikirlərini kağızla qovuşdurur. Bəzi insanlar üçün isə, məsələn, mənim üçün yazı mürəkkəb, ancaq zövq aldığım bir şeydir. H. Beker kitabda çox maraqlı bir mövzuya toxunur – düşüncələrimiz və yazdıqlarımız. Düşündüyümüz kimi niyə yaza bilmirik?

Çox insan müəyyən mövzularda düşünəndə xariqələr yaradır, yeni ideyalar beynimizə sanki gur yağış kimi yağır. Yağan yağışın damlaları (bu misalda fikirlər) özlüyündə möhtəşəm olsa da, birlikdə götürəndə xeyli qarışıqdır, xaosdan ibarətdir. Yazı fərqlidir, düşündüklərimizin süzgəcdən keçirilmiş, sistemli ifadəsidir. Ona görə də, hər düşüncə unikal olsa da, hər yazı yaxşı deyil. Çünki yazanda fikirlərimizi eynilə ifadə etmirik, onları müəyyən ifadə və cümlələrdə konkretləşdiririk.

İKİNCİ HİSSƏ


2.1. “Nə Qədər Az İnsan Başa Düşsə, O Qədər Akademikdir”.

Bəs yaxşı yazmaq necə olur? H.Becker bir tələbəsinin dissertasiya işini redaktə edəndə tələbədən bir etiraf gəlir. Tələbə bəzi ifadələrini daha akademik və göstərişli səsləndiyi üçün seçib, çünki bu sözlər yazıçını zəki və intellektual göstərir. Bir çoxumuzun etdiyi amma etiraf etməkdə çətinlik çəkdiyi bu davranış akademik mühitin məişətdən uzaq olması, akademik dilin hamılıqla başa düşülməyən olması haqqında yanlış düşüncələrimizdən irəli gəlir. “Bir professor, ''tərəf, cəhət'' yerinə, ''nöqteyi-nəzər'' kimi daha ağır, hər kəsin başa düşmədiyi qəliblərdən istifadə etməlidir; yoxsa onun adi tələbədən nə fərqi oldu?!”


Bəs bu növ yazı düşüncələrimizlə nə qədər bağlıdır? Biz belə düşünürük? Əlbəttə ki, yox. Sadəcə hansısa əsərdə bu ifadələri görmüşük, ilk dəfə görəndə bilmədiyimiz ifadə olduğu üçün lüğətə baxmışıq, öyrənmişik, amma iş işdən keçib. “Bizim bilmədiyimiz bir sözü istifadə edən biri, şübhəsiz, bizdən daha savadlıdır” düşüncəsinə qapılmışıq. “Gələn dəfə biz də o sözü yazsaq, savadlı olduğumuzu göstərə bilərik” deyə düşünmüşük. Halbuki, bunlar beynimizdə yaratdığımız ideal obrazlardan başqa heç nə deyil. Yazının akademikliyini istifadə olunan dilin (terminologiya xaricində) ağırlığı yox, mövzu, arqumentlər və metodologiyası müəyyən edir.

Burada bir haşiyəyə çıxmaq lazımdır. Akademik yazıda ağır dildən qaçmaq terminologiyaya aid deyil. Xüsusilə, hüquqi məzmunlu akademik yazıda terminləri bir kənara atıb dili sadələşdirmək naminə məişətdə istifadə olunan sinonimlərdən istifadə etmək yolverilməzdir. Misal üçün, hüquqi mövzulu yazıda “pul” yerinə “borc”, “yeniyetmə” və “uşaq” yerinə, uyğun olaraq “yetkinlik yaşına çatmayan şəxs” və “azyaşlı” demək lazımdır.



2.2. Düşündüklərimizi Yoxsa Təqlid Etdiklərimizi Yazırıq?

H. Beker deyir ki, hər yazı tərzi yazıçının olduğu ya da olmaq istədiyi insanın səsidir. Yazı yazarkən, öyrəndiyimiz üslubları təqlid etməkdən başqa heç nə etmirik. Yazımız oxuduqlarımız əsasında formalaşır. Təqliddən qaçmaq üçün isə fərqli yazıçıları oxumaq, yeni stillərlə tanış olmaq lazımdır. Almaniyada hüquq məktəbinin necə köklü olduğunu, yəqin ki, eşitmisiniz. Universitetlərinin əksəriyyəti yüksək keyfiyyətli təhsil verən Almaniyada belə, müəllimimdən eşitdiyimə istinadən deyə bilərəm ki, tələbələr bakalavrı, magistraturanı və sonrakı pillələri fərqli universitetlərdə oxumağa üstünlük verirlər. Belə olanda fərqli hüquq məktəbindən bir-birindən uzaq fikirlərlə tanış olur, oxuyur, zənginləşirlər.

ÜÇÜNCÜ HİSSƏ


3.1. Özünü Tənqid: Birdən Çox Doğru Yol Var!

Kitabın üçüncü hissəsində H. Becker akademik yazıda əvvəlcədən planlanmış və dəyişməz tək doğru yolun varlığını sorğulayır. Çox insan elə bilir ki, yazı üçün əvvəlcədən seçdiyi ya da müəlliminin üstün tutduğu qayda ilə hərəkət etsə, hər şey yaxşı olacaq. “Bu yoldan sapmaq olmaz, yazılan yazını ciddi ölçüdə dəyişdirmək mümkün deyil” və s. Halbuki, H. Becker deyir ki, bir şeyi deməyin birdən çox qaydası var. Ona görə yazını dəfələrlə dəyişdirməkdən, hətta silib başdan yazmaqdan çəkinməmək lazımdır. Tələbələrin belə davranışının səbəbi tənbəllik ya da eqoizm ola bilər. Bəlkə, mən burada tədris proqramı ilə əlaqədar vaxt məhdudiyyətini əlavə edə bilərəm. Bekerə görə, tələbə öz yazısını tənqid edəcək qədər həyat təcrübəsinə sahib deyil, ona görə də, ona təlqin edilən, yaxşı qiymət üçün lazım olan o doğru yoldan sapmağı düşünmür.


3.2. Möhtəşəm Professorlara Gələn Vəhylər

Bu hissədə H. Becker yenə universitetin iyerarxik quruluşuna və tədris sisteminə qayıdır. Əslində problem müəllimlərin akademik yazma prosesinin detallarını tələbələrdən gizlətməyindən qaynaqlanır. Belə təəssürat yaranır ki, uğurlu yazı bir oturuşda yazılır, düzəlişə ehtiyac duymur. Möhtəşəm professorlar tələbələrdə əlçatmaz, doğuşdan istedadlı, ideal obraz yaradır. Tələbələr onlara dərs keçən müəllimləri yazarkən müşahidə etmirlər, çünki bu tədrisin bir parçası deyil. Bunu etmədikləri üçün elə bilirlər ki, professor üçün yazmaq artıq çox asandır, bir gün oturur və qüsursuz fikirlərini bir-iki saata yazıb jurnala ya da nəşriyyata göndərir. Çünki o bir Professordur. Əslinə qalsa, heç bir professor belə etmir. Tələbələr zənn edir ki, sinfin əlaçı tələbəsi də super güclərə sahib olduğu üçün bunu tək oturuşda edə bilir, digərləri isə edə bilmir. Bu belə deyil, heç vaxt da belə olmayıb.



Ən uğurlu yazıçılar, akademiklər yazılarını dəfələrlə yazıb pozurlar, məqalələri neçə dəfə jurnalın redaksiya heyəti tərəfindən qaytarılır, düzəldilir və s. Youtube-un hər videonun əvvəlində, ortasında bizi məruz qoyduğu reklamlarını, yəqin, görmüsünüz. Hansısa yazımda o reklamlardan yazacağım ağlıma gəlməzdi. Master Klass dərs reklamlarının birində yazıçı deyir ki, “Mən yaxşı bir yazıçı deyiləm, mən yaxşı bir redaktoram (yazını təkrar yazanam – rewriter)”. Bu reklamı məhz bu cümləsinə görə bəyənirəm. Yaxşı yazıçı olmaq yox, öz yazısına tənqidi yanaşıb onu “alt-üst edən”, tənqidlərə boğan və düzəlişdən çəkinməyən redaktor olmalıyıq.

Bəs təqsirkar kimdir? Təqsirkar universitet tədris sisteminin akademik yazıya yadlaşmasıdır. Tələbələr bu xəyallardan oyanmalı, bəhanələri və ümidsiz baxışları bir kənara qoymalı və öyrənməlidirlər. Universitet və müəllimlər onlara öyrətməlidir.

Ardı var...

 

Bu yazımda kitabdan oxuduğum hissəyə dair öyrəndiklərimi və fikirlərimi sizlərlə paylaşdım. İstəyirəm ki, kitabı oxuduqca, yeni yazılarla qarşınızda olum. Əgər bu kitab və blog sizə maraqlıdırsa, zəhmət olmasa, şərhdə mənə bildirin. Oxuduğunuz üçün təşəkkür edirəm. Bizi Facebook hesabımızdan izləməyi unutmayın.

165 views0 comments
bottom of page