MÜASİR İNCƏSƏNƏT: NƏYİ VƏ NECƏ QORUMALI?
Bu yazıda müasir dövrdə əqli mülkiyyət hüququna daxil olan, amma təbiəti etibarilə mübahisə doğuran bir incəsənət növündən bəhs edəcəyəm: müasir incəsənət (contemporary art). Müasir incəsənət əqli mülkiyyət hüququnda qoruna bilərmi? Yoxsa bu növ əsərlər üçün alternativ mexanizmlər düşünmək lazımdır? Əlbəttə, fərqli mexanizmlərdən istifadə incəsənət obyektlərinin əqli mülkiyyət hüququ çərçivəsində qorunmasını istisna etmir, belə demək olarsa, tamamlayıcı xarakter daşıyır. Bu yazı incəsənət və hüquq kontekstində ikincidir. Bir müasir incəsənət nümunəsini müəlliflik hüququ baxımından nəzərdən keçirdiyim digər yazımı buradan oxuya bilərsiniz.
Əvvəla, müasir incəsənət deyəndə müasir dövrdə yaradılan aktual incəsənət başa düşülsə də, bu termini bir dövr kimi yox, incəsənət növü kimi oxumalıyıq. Müasir (modern) dövrdə yaradılan hər bir sənət nümunəsi müasir (contemporary) incəsənət sayılmadığı kimi, bütün müasir incəsənət nümunələri də müasir dövrdə yaradılmayıb. Müasir incəsənəti başa düşmək üçün ingilis dilində belə bir sözdən istifadə edilir: gentrification. Bu söz bir obyektə yeni və yaxşı düşünülmüş elementləri əlavə edərək onun təbiətinin dəyişdirilməsini ifadə edir. Xüsusilə, kasıb şəhər həyatının zadəganların yerləşməsi və yeni investisiyaların gəlməsi ilə inkişaf etməsi, şəhərin xarakterinin dəyişməsi prosesi məhz bu sözlə ifadə edilir. Müasir incəsənətdə isə bu proses bir əşyanın, binanın və sair obyektin incə toxunuşlarla yeni bir məna ifadə etməsində özünü göstərir. Fərqli formada təqdim olunmuş ev əşyaları, meyvə və tərəvəzlər, hətta incəsənət muzeyinin özü müasir incəsənət nümunəsi sayıla bilər. Üzük bir zinət əşyası olsa da, müasir incəsənətdə fərqli elementlərlə birlikdə yeni bir mənaya bürünə bilər. Bəs müasir incəsənəti ənənəvi incəsənətdən nə ayrırır?

Ənənəvi incəsənətdə portret önəmlidir. Rəssam qarşısındakı mənzərəni mümkün olduğu qədər gerçəyə yaxın təsvir etməyə çalışır. Da Vinçi “Mona Liza” əsərini yaradarkən nə düşünürdü? Yəqin ki, ya qarşısındakını ya da ağlındakı ideyanı olduğu kimi təsvir etmək istəyirdi. Gerçəyə nə qədər yaxın olsa, ənənəvi incəsənət nümunəsi o qədər təsirli və yaddaqalan ola bilərdi.
Ənənəvi incəsənət axımlarına qarşı 19-cu əsrin sonu və 20-ci əsrin əvvəllərindən etibarən müasir incəsənət ortaya çıxdı. Sənətkarlar mövcud olan obyektin gerçəyə yaxın portretini yaratmaqdan çox onun üzərində işləyərək dəyişdirməyə, yeni məna yükləməyə çalışırdılar. Bunun səbəbi nə idi? Baxmayaraq ki, müasir incəsənətin yayılmasında dünya müharibələrinin gətirdiyi psixoloji durumun, nihilist cərəyanların rolu az olmayıb, əsl səbəbkar başqadır – fotoaparat. Fotoaparatların ortaya çıxması və gündəlik həyatımıza bu qədər daxil olması ilə ənənəvi incəsənətin gerçəyi təsvir etmək arzusu “çin oldu”. Bu gün yüksək keyfiyyətli kameralarla portret adi bir şeyə çevrilib, sulu boya və fırça ilə zəhmət çəkməyə ehtiyac yoxdur. Fotoaparatın linzası rəssamın fırçasından daha dəqiqdir. Beləliklə, incəsənət gerçəyi olduğu kimi təsvir etmə arzusundan bir qədər uzaqlaşaraq müasir incəsənəti dünyaya gətirdi. Müasir incəsənət dünyasında incəsənət nümunəsinin özü adi obyektdən fərqlənmir, onu incəsənət nümunəsi edən arxasındakı mənadır. Özlüyündə adi əşya və ya əşyalardan ibarət olan sənət nümunəsini əqli mülkiyyət hüququ necə qoruya bilər?

Əqli mülkiyyət hüququ yaradıcı fəaliyyətin məhsulunu əsər kimi qorumaq üçün konkret şərtlər müəyyən edir. Orijinallıq müəlliflik hüququnun əsas şərtidir. Ənənəvi incəsənət nümunələrində orijinallığı aşkar etmək, müəlliflik hüququnu tanımaq daha asan idi, nəinki müasir incəsənətdə. Da Vinçi “Mona Liza”-da bir şəxsi təsvir etsə də, izləyici tabloda təsvir olunanın həqiqi simasını yox, portretini görünür. Portret rəssamın işidir, gerçəyə nə qədər yaxın olsa da, onun eynisi ola bilməz. Ona görə də, ənənəvi incəsənətdə rəssamın dəst-xəttini hiss etmək daha asandır. Müasir incəsənətdə isə təqdim olunan bir portret yox, meyvə, divar və ya metal armaturdur. Meyvə özlüyündə orijinal deyil, amma rəssam meyvəyə bir forma verib ona müəyyən elementlər əlavə edir və bizə bir mesaj verir. Ənənəvi incəsənətdən fərqli olaraq, burada mesaj bizə tablodan əks olunmur, onu oxumaq üçün əsərə tamaşa etmək, düşünmək, müzakirə etmək, əsər haqqında məlumatları, rəssamın fikirlərini oxumaq lazımdır. Bəs orijinallıq haradadır? Prosesdə. Müasir incəsənətdə rəssamın əsərə qatdığı orijinallığı təsbit etmək üçün əsərin özünə fokuslanmaq azdır; əsərin arxa planına keçmək, hazırlanma prosesində rəssamın etdiyi əlavələrə fikir vermək lazımdır.

Bu yazının məqsədi müasir incəsənətin incəsənət sayılıb-sayılmadığı, hər gün məşhurlaşan əsərlərə ödənilən məbləğlərin əsərin real dəyərini əks etdirib-etdirmədiyini mübahisə etmək deyil. İncəsənət zövq məsələsidir, hüquq isə daha konkret çərçivədə hərəkət edir. Müasir incəsənət növləri də müəlliflik hüququ çərçivəsində qoruna bilər. Lakin müasir incəsənətdə orijinallıq nəticədə yox, prosesdə gizlidir. Xülasə, səhnəni izləyərək rejissoru başa düşə bilməzsiniz. Müasir incəsənət sizi pərdənin arxasına dəvət edir. Buyurun!
Əziz oxucu,
Bloqumuzu oxuduğunuz üçün təşəkkür edirik. Yazını bəyənməyi, fikirlərinizi və suallarınızı şərh bölməsində bildirməyinizi və sosial şəbəkə hesablarınızda paylaşmağınızı xahiş edirik. Bizi Facebook hesabımızdan izləməyi unutmayın.