top of page

Mayak və Dəniz: Əqli Mülkiyyət Nədir və Onu Niyə Qorumalıyıq?

Əqli mülkiyyət nədir və onu niyə qorumaq lazımdır? Təxminən 2 il əvvəl Edx onlayn təhsil platformasında Pennsilvaniya Universitetinin bir kursunu götürmüşdüm. Kursun mövzusu əqli mülkiyyət hüquqları, daha dəqiq desək, müəlliflik, patent və əmtəə nişanları haqqında idi. Amerikan hüququ üzərində qurulsa da, kursun nəzəri-fəlsəfi hissəsini bəyəndim. Düşündüm ki, əqli mülkiyyətin nə olduğunu kursdakı “mayak misalı” üzərindən bloqda qısa bir yazı ilə izah edim.


Ümumiyyətlə, əqli mülkiyyət əqli fəaliyyətin məhsullarını əhatə edən termindir; buraya ədəbi və incəsənət əsərləri, dizaynlar, sənaye nümunələri, faydalı modellər, ixtiralar, əmtəə nişanları və coğrafi göstəricilər və sair ünsürlər daxildir. Saydığım siyahı qapalı dairə təşkil etmir, yəni elm və texnologiyanın inkişafı ilə yeni növ əqli mülkiyyət nümunələri ortaya çıxa bilər. Çoxumuzun tanış olduğu əmtəə nişanları (brendlər), patent və dizayndan başqa, əqli mülkiyyətin bəzi mübahisəli növləri də var, məsələn, bioloji və süni genlər. Əqli mülkiyyət bizə nə üçün lazımdır?



Əqli mülkiyyət dənizin üzərinə işıq saçan mayaka bənzədilə bilər. Mayakdan gələn işıq, xüsusilə, qaranlıq gecələrdə dənizdə üzən gəmiçilər və sərnişinlər üçün həyati önəm daşıyır. Elə bu mayak kimi əqli mülkiyyət də “ictimai mülkiyyət” xarakteri daşıyır, ona görə də, bəşəriyyət ona lazım olan heç bir əqli mülkiyyətdən məhrum edilməməlidir. Beləcə, əqli mülkiyyət məhsullarının rəqibsiz və müstəsna xarakter daşıdığı qəbul edilir. Lakin bizim hekayəmizdə mayakın bir sahibi var və o, qarşılığında heç nə əldə etməsə. hər kəsin mayakın işığından istifadə etməsindən narahat ola bilər. Əqli mülkiyyət məhsulları göydən hazır şəkildə düşmür, onların meydana gətirilməsi ixtiraçı və ya müəllifin zəhmətli fəaliyyətinin nəticəsidir. Bəs bu zəhməti necə qarşılamaq olar? Mayakın sahibi onu sahildən götürüb öz evinə qoya bilməz, çünki birincisi, mayakın yeri onun evi deyil, sahildir; ikincisi, mayak sahibi də yaxşı bilir ki, o mayak hər kəs üçündür və sadəcə istifadə olunsa, ona gəlir gətirə bilər. Mayak sahibinin marağı isə ədəbiyyatlarda iqtisadi stimul adlandırılır.



Artıq bizə aydın oldu ki, əqli mülkiyyətin sahibi ondan gəlir əldə etmək istəyir. Mayak sahibi istəsə, gəmilər üçün əhəmiyyət daşıyan mayakın işığını söndürə bilər, çünkü mayak onundur. İnhisarçı hüquqları ona imkan verir. Amma o bu inhisarından istifadə etməyəcək. Digər tərəfdən, mayakın əhəmiyyətindən xəbərdar olan dövlət imkan verməz ki, mayakın taleyini onun sahibi həll etsin. Mayakın işığının söndürülməsi gəmiçilərin, sərnişinlərin, bütövlükdə, bəşəriyyətin taleyi deməkdir. Dövlət bu məsələyə qol qoyur, gəmiçilərin mayakın işığından istifadə edə bilməsi üçün hüquqi mexanizmlər hazırlayır. Hüquqi mexanizmlərdə mayak sahibinin hüquqları tanınır, mühafizə edilir və ona bunun qarşılığında istifadəçilər tərəfindən müəyyən məbləğ ödənilir.


Yazıya bir az fəlsəfə əlavə etsək, soruşa bilərik ki, iqtisadi stimul olmasaydı, mayak sahibi başqa stimulla işinə davam edib yeni mayaklar, hətta, bəlkə də, mayakı geridə qoyacaq ən son naviqasiya sistemi qurmaq haqqında düşünərdimi? İxtiraçılar üçün bu suala asanlıqla “bəli” cavabını vermək olmur, amma ədəbi və incəsənət əsərlərinin müəllifləri, yəqin, yenə yazıb-yaradardılar. Çünkü belə əsərlər çox vaxt maddi gözləntilərlə yaradılmayan ruhun ifadəsidir.

Ona görə də, əqli mülkiyyətin mühafizəsi önəmlidir, amma mühafizə iqtisadi stimul üçün tək yol deyil. Patent sahibini daha yaradıcı, praktiki və büdcəyə uyğun innovasiya üçün çalışmağa inandırmaq istəyiriksə, ona əqli mülkiyyətinin qorunacağı və saxta məhsullara qarşı hüquq-müdafiə mexanizmlərinin mövcud olacağı barəsində təminat verməliyik.


Mənbə:

1) World Intellectual Property Organization, What is Intellectual Property?, Online, Accessed on 30 April 2020.

2) Nancy Gallini & Suzanne Scotchmer, “Intellectual Property: When Is It the Best Incentive System?”, Innovation Policy and the Economy, Vol: II, Editors: Adam B. Jaffe, Josh Lerner & Scott Stern, January 2002, p.51.

 

Əziz oxucu,

Bloqumuzu oxuduğunuz üçün təşəkkür edirik. Yazını bəyənməyi, fikirlərinizi və suallarınızı şərh bölməsində bildirməyinizi və sosial şəbəkə hesablarınızda paylaşmağınızı xahiş edirik. Bizi Facebook hesabımızdan izləməyi unutmayın

69 views0 comments
bottom of page