"Metaverse" və Əqli Mülkiyyət Hüququ: Nəyi Sorğulamalıyıq?
Burada bloq yazanda, adətən, öncədən araşdırma edir, müxtəlif mənbələrdən öyrəndiyim bilikləri tənqid süzgəcindən keçirərək öz fikirlərimlə birlikdə sizlərlə paylaşıram. Amma son günlərdə çoxumuzun eşitdiyi və müxtəlif reaksiyalar göstərdiyi bir fenomen var ki, fikirlərimi ön hazırlıqsız, ilkin formada təqdim etmək istədim. Beləliklə, Metaverse! Bu fenomenə əqli mülkiyyət hüququ tərəfindən yanaşmaq, tədqiqatçı kimi məni düşündürən (daha doğrusu, narahat edən) bir məsələni işıqlandırmaq istəyirəm.
“Metaverse” deyəndə, istifadəçilərin üçölçülü platformada avatarları vasitəsilə ünsiyyət qura biləcəyi virtual məkan başa düşülür. Sadə dildə desək, hazırda çoxumuzun ikiölçülü formatda istifadə etdiyi sosial şəbəkə modelinin üçölçülü, reala daha yaxın forması. Bu virtual məkan üçün istifadəçilər virtual və ya artırılmış gerçəklik gözlüklərindən, qulaqlıqlarından savayı, ağıllı telefonlardan, dizüstü kompüterlərdən və oyun konsollarından istifadə edə biləcəklər. Başqa sözlə, hazırda daha çox cəmiyyətin böyük hissəsinə maddi baxımdan çatımlı olmayan virtual və artırılmış gerçəklik gözlükləri vasitəsilə istifadə oluna bilən bir-birindən ayrı virtual məkanların (oyunların, iş yerlərinin, incəsənət məkanlarının) hər kəsin asan çıxışı olan texnologiyalara inteqrasiyası nəzərdə tutulur. Bu inteqrasiya baş tutarsa, həmin fərqli virtual məkanlara da eyni platformadan, Metaverse-dən çıxış əldə etmək mümkün olacaq. Ən azından, hazırda qurulmağa çalışılan model bizə bunu deyir. Sosial şəbəkədə dostunuzla mesaj qutusu vasitəsilə ikiölçülü ekranlarınızdan ünsiyyət qurursunuzsa, Metaverse bu ekranı ortadan qaldıraraq, sizi dostunuzun yanına aparır və siz onun avatarı ilə “üz-üzə”, ekransız ünsiyyət qurursunuz.

Metaverse-i yaxşı anlamaq üçün, fikrimcə, ən yaxın örnək Second Life kimi çoxtərəfli virtual oyunlardır ki, bu oyunlarda siz virtual reallıq texnologiyası sayəsində oyunun içərisində şəxsən iştirak edib, müxtəlif missiyaları yerinə yetirə, gerçək həyatda yaratdığınız əsərləri, dizayn nümunələrini oyuna köçürə, hətta oyunun içərisində bunları yarada bilərsiniz. Yaradıcılıq demişkən, burada Metaverse ilə bağlı səsləndirilən informasiya təhlükəsizliyi, sosial şəbəkə aludəçiliyinə töhfəsi kimi spekulasiya və narahatlıqdan yazmayacağam. Mövzumuz əqli mülkiyyətdir.
Əqli mülkiyyət hüququnun alt-institutları yaradıcı fəaliyyətin nəticələrini qorumaq üçün var, ona görə də ilk sual aydındır: Metaverse-dəki əsərin sahibi kimdir? Bu sualın cavabı, əsəri yaradan müəllif, Metaverse platformasının özü və ya təmsilçisi və sair iştirakçılar ola bilər. Əslində, məqsəd suala cavab vermək yox, həmin suala cavab verə biləcək mövcud mexanizmlərə işarə etmək və xüsusilə, bu sualın yaranmasına gətirib çıxaran narahatlığı ifadə etməkdir.
Narahatlıq ondan ibarətdir ki, Metaverse və ya alternativ platformalar, onsuz da, kifayət qədər institusionallaşmış əqli mülkiyyət hüququnu daha da mürəkkəbləşdirəcək və əsər ilə hüquq sahibliyi arasındakı vasitəçilərin sayını daha da artıracaq. Müqayisə etsək, real dünyada əsər sahibi əsəri meydana gətirdikdən sonra, hüquq sahibliyi özlüyündən yaranır, bunun üçün hər hansı qeydiyyat və ya rəsmi elanlara ehtiyac duyulmur. Müəlliflik hüququnun mövcud sistemi, demək olar ki, bütün ölkələrdə eynidir və yaxın gələcəkdə dəyişəcəyi güman olunmur. Əsər ilə hüquq sahibliyi arasında heç bir vasitəçi yoxdur (hazırda). Bəzi ölkələrdə, musiqi, sinematoqrafiya və multimedia əsələri üçün məcburi qeydiyyat sistemi tətbiq olunsa da, belə qeydiyyat hüquqyaradıcı təsir doğurmur, sadəcə artıq meydana gəlmiş hüquq sahibliyinin qeydiyyatının tutulmasına və mümkün mübahisələrdə əsər sahibliyi üçün sübut əhəmiyyəti daşıyır. Əmtəə nişanı, patent və sənaye nümunələri üçün isə, adətən, qeydiyyat sistemi tətbiq olunur və rəsmi qeydiyyat hüquqyaradıcı təsir doğurur. İstisnaları olmaqla birlikdə, ilk ixtiraçı və ya əmtəə nişanını ilk istifadə edən yox, onu ilk qeydiyyatdan keçirən hüquq sahibi olur. Burada ixtiraçı və ya nişanın sahibi ilə hüquq sahibliyi arasında bir vasitəçi olur və bu işi ixtisaslaşmış dövlət orqanları (patent agentlikləri) yerinə yetirir. Bəs Metaverse-də meydana gətirilən əsər və ixtiralar üçün vəziyyət necə olacaq?

Metaverse virtual məkan olduğu üçün, istifadəçilərin o məkanda yaratdığı və ya oraya köçürdükləri əsərləri üzərində müəlliflik və sair hüquqları sual doğurur. Virtual oyunlarla bağlı təcrübə göstərir ki, belə məkanlarda istifadəçi ilə məkan sahibi arasında bağlanan İstifadə Şərtləri və Qaydaları hüquq sahibliyi məsələsinə də toxunur. Bəli, söhbət, çoxumuzun Playstore, Apple Store və ya internetdən endirdiyimiz tətbiqetmələr üçün oxumadan razılaşdığımız müqavilələrdən gedir. Bənzər sistemin Metaverse-ə gətirilməsi ya da ən azından, təklif edilməsi mümkün olduğundan müzakirə etməyə dəyər. Misal üçün, "Second Life" oyununun İstifadəçi Şərtləri və Qaydalarının 5-ci bəndində, istifadəçilərə oyuna inteqrasiya etdikləri orijinal məzmunu istifadə etməyə icazə verilir və görünür, Second Life, həmin məzmun üzərində müəlliflik hüququnun olduğu iddia etmir, istifadəçilərin hüquqlarını tanıyır. Eyni sistem Metaverse-də qəbul edilə və ya edilməyə bilər. Belə müqavilələrdə, Metaverse, virtual məkanda yaradılan əsərlər üzərində hüquq sahibliyini istifadəçiyə qəbul etdirə bilər, istifadəçiyə isə yalnız istifadə hüququ verə bilər.
Metaverse-ə kənardan inteqrasiya edilən, başqa sözlə, real dünyada artıq hüquq sahibliyi yaranmış əsərlərin taleyi haqqında, nisbətən, ümidli olsaq da, sırf Metaverse-in daxilində, virtual məkanın təqdim etdiyi (və əlbəttə, müəlliflik hüququ ilə qorunan) elementlərdən, məsələn, geyim aksesuarlarından, xüsusi növ parçalardan və sair meydana gətirilən orijinal əsərlərin taleyi o qədər aydın olmaya bilər. Metaverse virtual məkanı, əsər sahibi ilə hüquq sahibliyi arasında vasitəçiyə çevrilə bilər ki, real dünyada belə vasitəçilər müəlliflik kontekstində yoxdur. Çünki real dünyada müəllifin istifadə etdiyi ləvazimatlar, ilhamlandığı şeylər təbii olaraq mövcuddur. Əlinə bir kağız, bir qələm alıb şeir yazan şair kağız və ya qələm sahibinin şeir üzərində hüquq iddia edəcəyindən narahat olmur. Metaverse-də isə həmin kağız və qələm bir yana, yazdığınız şeirin fontu, ölçüsü və digər xüsusiyyətləri virtual məkana aid olur. Metaverse virtual məkanının hazırkı sosial şəbəkələrdən fərqli olaraq, mərkəzsiz bir məkan olacağı irəli sürülsə də, bu konseptdən nəyin başa düşüldüyü hələ ki, aydın deyil. İndiki halda, belə bir virtual məkanın öncədən müəyyən olunmuş qaydalar olmadan fəaliyyət göstərməsi, virtual oyunlardakı kimi prodüserlərin heç nəyə hüquq iddia etməyəcəyi isə real görünmür.

Xülasə, müəlliflik hüququnda əsər ilə hüquq sahibliyi arasında vasitəçilərin sayı 0-dan 1-ə yüksəlirsə, patent və qeydiyyat tələb edən digər əqli mülkiyyət rejimlərində say 1-dən 2-yə yüksələ bilər. Hesab edirəm ki, əqli mülkiyyət hüquqçularını bu gün düşündürməli olan sual da hüquq sahibliyinin kimdə olmasından çox, hüquq sahibliyi ilə əsər sahibi arasındakı vasitəçilərin sayının artmasının əqli mülkiyyət hüququnun təməl məqsədləri ilə nə qədər uzlaşdığı olmalıdır.
Əziz oxucu,
Bloqumuzu oxuduğunuz üçün təşəkkür edirik. Bu cür yazılar oxumaq istəyirsinizsə, fikirlərinizi və suallarınızı saytda şərh bölməsində bildirməyinizi və sosial şəbəkə hesablarınızda paylaşmağınızı xahiş edirik. Bizi Facebook hesabımızdan izləyərək və paylaşaraq təşəkkürünüzü bildirə bilərsiniz.