top of page

Metodologiya Haqqında Doğru Bilinən Yanlışlar

Tədqiqat işini ən az bir dəfə yazmış və hazırda yazan tədqiqatçıların qorxulu yuxusu metodologiya nədir və düzgün tədqiqat metodologiyası necə seçilməlidir?


Təcrübəmdə qarşılaşdığım tələbələr bu terminlə qarşılaşanda araşdırma metodları ilə bağlı bəzi kitablardan oxuduqları metod adlarının arasında itib-batırlar və ya başa düşməsələr də, tədqiqat işində bunlardan bir neçəsini istifadə edəcəyini vəd edirlər. Analiz, sintez, müqayisəli tədqiqat və sair kimi elmi sözləri istifadə etmək tədqiqat planını rəngləndirsə də, tələbənin beynində elmi əsərləri oxuyub öz sözü ilə ifadə etmək olur. Bəs tədqiqat bu cür aparılmalıdır? Metodologiya necə seçilməli və əməl edilməlidir? Təcrübəm, əsasən, hüquqi tədqiqatla məhdud olduğundan, ola bilsin, bu yazı daha çox sosial elmlər sahəsində araşdırma aparanlara faydalı olsun. Yenə də hər kəsə faydalı olması diləyilə!


Tədqiqat planından və mövzu seçimindən ötən yazıda bəhs etmişdim. Seçilən tədqiqat mövzusu, xüsusilə, əsas tədqiqat sualınız “nə?” sualına cavab verirsə, metodologiya “necə?” sualına cavab axtarır. Araşdırmanızda qarşınıza qoyduğunuz məqsədə necə çatacaqsınız, yəni sualınıza necə cavab verəcəksiniz? Əvvəla, tələbələrin ən çox etdiyi səhvdən başlasaq, metodologiya istifadə edəcəyiniz materiallar, kitablar, hüquqi tədqiqatda məhkəmə işləri, xəbərlər, qəzetlər və sair deyil. Bunlar mənbələrdir və tədqiqat planının sonunda, onsuz da, mənbələrinizi sıralayırsınız. Metodologiyada sadəcə bunları qeyd etmək səhvdir. Metodologiya hissəsində həmin materialları necə istifadə edəcəyinizi detalları ilə izah etməlisiniz. Misal üçün, xəbər saytlarından topladığınız xəbərlər mənbədir, amma siz bu xəbərlərdən məlumatları necə toplayacaqsınız, necə sistemləşdirəcəksiniz, sistemli məlumatları necə analiz edəcəksiniz, məsələn, hansısa analiz proqramlarından istifadə edəcəksinizmi və ən əsası analiz nəticəsində gəldiyiniz nəticə sualınıza necə cavab verəcək? Bu, sizin metodologiyanızdır. Ona görə, aydındır ki, hər bir tədqiqat sualınızın bir metodologiyası da ola bilər və ya bir metodologiya ilə bir neçə suala cavab verməyi hədəfləyə bilərsiniz. Tədqiqat planınızda metodologiyanızı müəyyən edən tədqiqat suallarınızdır.



Hüquqi məzmunlu tədqiqat planlarında bəzi tələbələr metodologiyanı “məhkəmə işlərinin təhlili”, “elmi ədəbiyyatları oxumaq” və ya “müxtəlif ölkələrin təcrübəsini öyrənmək” kimi ifadə edirlər və bu yanlışdır. Metodologiyanız məhkəmə işlərini necə təhlil edəcəyinizi və sonda təhlilin sualınıza necə cavab verəcəyini göstərməlidir. Fərz edək ki, tədqiqat sualınız belədir:


Azərbaycanda kompyuter proqramları patent hüququ ilə mühafizə olunur?


Burada metodologiya kimi “məhkəmə işləri təhlil ediləcək” demək kifayət deyil, çünki bu, özlüyündə heç nə ifadə etmir. Metodologiyada hazırlıqsız olan tələbələr iş icraata gələndə çox vaxt sadəcə məhkəmə işini təsvir edir, bəlkə, bəzi hissələrini tənqid edir, daha sonra digər məhkəmə işinə keçir və eyni ssenari davam edir. Əslində isə metodologiya əvvəlcədən izah etməlidir ki, konkret nümunəmizdə hansı növ nəticə əldə olunsa, proqramın patent kimi qorunduğu nəticəsinə gəlinəcək, hansı növ nəticədə isə əksinə. Tədqiqat sualına “bəli” cavabını nə vaxt verəcəksiniz, “xeyr” cavabını nə vaxt. Konkret bu tədqiqat sualında patentin mühafizə olunması necə başa düşüləcək və məhkəmə işindəki hansı növ izahat və ya nəticələr məhkəmənin proqramı qoruyub-qorumadığı haqqında ideya verəcək. Məhkəmə işlərinə induktiv yanaşaraq orada müzakirə olunan spesifik problemlərdən proqramın patent kimi qoruna bilməsinə dair ümumi nəticə çıxaracaqsınız, yoxsa proqramın patent kimi qorunduğunu güman etdiyiniz bir məhkəmə işinə deduktiv yanaşaraq oradan spesifik (məsələn, proqramın qorunub-qorunmadığı hallara dair) nəticələr çıxaracaqsınız?


Bundan başqa, hansı məhkəmə işləri araşdırılacaq (xatırla: bu mənbədir) və bu işlərdə gəlinən nəticələr bir-biri ilə necə əlaqələndiriləcək? Məsələn, bir məhkəmə işində proqramın patent kimi qorunduğu, digərində qorunmadığı nəticəsinə gəlinibsə, siz bu iki nəticəni sintez edərək proqramın hansı hallarda qorunub, hansı hallarda qorunmadığı ilə bağlı öz nəticənizi təqdim edəcəksiniz, yoxsa bir və ya birdən çox işdə proqramın qorunması sizin üçün mühafizə anlamına gələcək. Göründüyü kimi, metodologiyanı hələ tədqiqata başlamadan belə detallı izah etməkdə məqsəd odur ki, sonradan analiz mərhələsində önyarğılı olmayasınız və sizə lazım olan nəticəyə nail olmaq üçün mənbələri istədiyiniz kimi analiz etməyəsiniz. Əvvəlcədən müəyyən olunan obyektiv metod sona qədər gözlənilməlidir.



Yuxarıdakı misaldan hiss olunduğu kimi, metodologiya sizi tədqiqat sualınızdan nəticənizə aparan yoldur və tədqiqat sualınızla çox yaxından əlaqəlidir. Tədqiqat suallarınız metodologiyanızı istiqamətləndirir. İstiqamətləndiyiniz yol isə güzgü kimi aydın olmalıdır. Tədqiqat planınızı oxuyan biri üçün sual yaranmamalıdır ki, tədqiqat sualınızı necə cavablandıracaqsınız. Əlbəttə, bunun üçün suala cavabı öncədən bilmək vacib deyil, amma o cavaba aparan yolu dəqiq bilməlisiniz və bu yol mənbələrin sayılması ilə məhdudlaşmamalıdır.


Hüquqi tədqiqatlarda ən çox qarşıma çıxan və yanlış təqdim və istifadə olunan digər metod isə müqayisəli metoddur. Tələbələr, adətən, bir mövzu üzrə iki ölkəni seçib hər iki ölkənin qanunvericilik və məhkəmə təcrübəsini ümumiləşdirirlər. Çox vaxt bu ölkələrdən biri vətəndaşı olduqları ölkə, digəri isə inkişaf etmiş bir ölkə (məsələn, ABŞ) ya da yurisdiksiya (məsələn, Avropa İttifaqı) olur. Amma bu iki ölkənin ayrı-ayrı araşdırılıb yan-yana qoyulduğu bir araşdırma heç kimə maraqlı deyil, hətta sonda inkişaf etmiş ölkənin təcrübəsini öz ölkənizə tətbiq etmək kimi klişe bir təkliflə çıxış etsəniz də.


Müqayisəli metodda məqsəd odur ki, seçdiyiniz ölkə və ya yurisdiksiyaları müqayisə edərək məhz o müqayisədən hansısa nəticəyə gələsiniz, məsələn, oxşarlıqlar və ya fərqliliklər tapasınız, hansısa terminin praktikada izahında oxşar nüansları tapasınız ya da hansısa neqativ bir fenomenin (məsələn, məişət zorakılığının) səbəblərində fərqlilikləri ortaya qoyub bu fərqin nədən ortaya çıxdığını izah edəsiniz. Müqayisənin məqsədi məhz oxşarlıq və fərqliliklərin aşkar edilməsi, amma bununla kifayətlənməyib bu oxşarlıq və ya fərqliliklə nəyinsə izah edilməsidir. Əks halda, sadəcə ölkə qanunvericiliyini və ədəbiyyatlardakı fikirləri tərcümə edib yazdığınız, özünüzdən heç bir təhlil aparmadığınız bir əsərin elmi dəyəri olmayacaq.



Elmi metodlar fərqlidir və aydındır ki, fərqli metodlar sizin tədqiqat sualınıza fərqli cavablar verə bilər. Xüsusilə, araşdırmanızda müsahibə, sorğu kimi metodlardan istifadə edirsinizsə, dar çərçivədə seçdiyiniz hədəf qrupunuza görə gələcəyiniz nəticələr də fərqli ola bilər. Ona görə, metodologiyalarınızı çoxşaxəli tutmaqda və sualınıza bir neçə metoddan istifadə edərək cavab verməyə çalışmaqda fayda var. Fərqli metodlarla eyni nəticələri əldə etdiyiniz araşdırmanın elmi dəyəri daha yüksək olacaq. Bununla belə, birdən çox metodologiya seçdiyiniz hallarda vacibdir ki, həmin metodların bir-biri ilə əlaqəsini də tədqiqat planınızın metodologiya hissəsində öncədən izah edəsiniz. Məsələn, yuxarıdakı patentlə bağlı sualımıza qayıtsaq, həm Patent Agentliyinin rəsmiləri ilə müsahibə aparmağı və müsahibələrdən məlumat toplayıb analiz etməyi, həm də yerli məhkəmə işlərindəki yanaşmaları təhlil etməyi düşünürsünüzsə, bu ikisinin birlikdə sualınıza necə cavab verəcəyini göstərmək lazımdır. Yəni məhkəmə işlərini necə təhlil edəcəyinizi izah etmək kifayət deyil. Eyni zamanda buradan gəldiyiniz nəticə ilə müsahibələrdən gəldiyiniz nəticə arasında necə əlaqə quracağınızı göstərmək lazımdır.


Hələlik bu qədər. LeGalaxy Azerbaijan elmi tədqiqatla bağlı yeni yazılarla qarşınızda olacaq.

 

Əziz oxucu, Bloqumuzu oxuduğunuz üçün təşəkkür edirik. Bu cür yazılar oxumaq istəyirsinizsə, fikirlərinizi suallarınızı saytda şərh bölməsində bildirməyinizi sosial şəbəkə hesablarınızda paylaşmağınızı xahiş edirik. Bizi Facebook hesabımızdan izləyərək və paylaşaraq təşəkkürünüzü bildirə bilərsiniz.

194 views0 comments
bottom of page