Moda Sektorunda Əqli Mülkiyyət Hüququnun Yeri
Əqli mülkiyyət hüququ nədir? Hüquq təhsili almış, əqli mülkiyyət hüququ haqqında az-çox maraqlanmış şəxslər, yəqin ki, bu suala belə cavab verəcək: “hər kəsə qarşı irəli sürülə bilən hüquqlar”. Hüquqdan bir az uzaq olanlar “əmtəə nişanı hüququ, patent hüququ və ya müəlliflik hüququ” deyəcək. Əslində ikisi də doğrudur. Maraqlıdır ki, hüquqşünasların cavabı özündə bu hüquqların kimlərəsə qarşı irəli sürülməsini, yəni istifadəsini nəzərdə tutur. Bu hüquq varsa, deməli, onu hansısa hüquq pozuntusuna qarşı irəli sürə bilməliyik və hüquq sahibliyimizi bərpa etməliyik. Lakin bu həmişə belədir? Əlbəttə ki, xeyr.
Əqli mülkiyyət hüququ digər hüquqlar kimi bir hüquqdur, yəni hüquq sahibinin əlində bir seçim və ya alətdir. Hüquq sahibi əqli mülkiyyət hüququnu üçüncü şəxslərə qarşı irəli sürər və ya sürməz. Praktikada əksər hallarda hüquq sahibi hüququnun arxasınca gedir və məhkəməyə müraciət edərək hüquq pozuntusunun qarşısını alır və ya kompensasiya tələb edir. Amma bəzi sektorlarda hüququ belə aktiv istifadə etmək qorunan obyektlə və hüquq sahibinin mənfəəti ilə uzlaşmaya bilər. Bəzən hüquq pozuntusuna göz yummaq, əqli mülkiyyət obyektinin təqlidinə susaraq gözləmək faydalı ola bilər. Aydındır ki, söhbət moda sektorundan gedir.
Moda nədir? Çoxumuzun təsəvvür etdiyinin əksinə, moda sadəcə geyim demək deyil. Moda müəyyən zaman və məkanda cəmiyyətdə ümumi olaraq müşahidə edilən istehlakçı davranış formasıdır. Bu davranış geyimlərdə, incəsənətdə, rəqslərdə və gündəlik davranışlarımızda, qida vərdişlərimizdə əks oluna bilər. Moda dəyişkəndir, zamana və məkana görə fərqlilik göstərə bilər, bu gün moda olan bir şey sabah modadan düşə bilər və ya bir il sonra yenidən moda ola bilər. Bir davranış formasının moda sayılması üçün cəmiyyətin əksər fərdləri bunu iradi olaraq mənimsəməli, hər hansı məcburiyyət qarşısında seçimi etməməlidirlər. Məsələn, bir çox hüquq-mühafizə orqanında geyinilən formalar işçilər üçün ümumi, hətta hər gün təkrar olunan davranış forması olsa da, moda sayıla bilməz, çünki işçilər bu seçimi iş yerinin daxili qaydalarına uymaq üçün edir, moda ilə ayaqlaşmaq məqsədi güdmürlər. Bu gün geyim sektorundakı modadan yazacağam.

İki cür moda var: yüksək moda (high fashion) və sürətli moda (fast fashion). Yüksək moda tanınmış, say-seçmə dizayner və şirkətlərin istehsal etdikləri bahalı geyimlərə deyilir. Bu cür geyimlər həm geniş miqyasda istehsal olunmur, adətən, sifarişə uyğun olaraq buraxılır, həm də cəmiyyətin böyük əksəriyyətinin ödəyə bilməyəcəyi qədər bahalı olur. Sürətli moda isə yüksək modaya bənzər geyimlərin daha ucuz qiymətə və daha geniş kütlələrin istehlakı üçün istehsal olunmasıdır. Bu cür geyimlərin istehsalı üçün az zaman və ucuz əmək sərf olunduğu üçün cəmiyyətin böyük əksəriyyəti üçün əlçatan olur. Qeyd etdiyim kimi, sürətli moda çox vaxt yüksək moda dizaynerlərinin işlərini təqlid edir, başqa sözlə, onların əqli mülkiyyət hüquqlarını pozur. Bu halda gözləntimiz odur ki, yüksək modanı istehsal edən dizaynerlər öz hüquqlarının müdafiəsinə qalxsınlar və sürətli modaya qarşı mübahisə qaldırsınlar. Lakin praktikada belə olmur. Həmin dizaynerlər bir növ “Tanrı” kimi davranır, gözləyir və sürətli modanın əməllərinin nəticələrini müşahidə edir, bəzən susur, bəzən isə onları cəzalandırır. Əgər təqlid nəticəsində yüksək moda brendlərinin imicinin korlanması təhlükəsi mövcuddursa, adətən, onlar müdaxilə edir və əqli mülkiyyət hüquqlarını təqlidçilərə qarşı irəli sürürlər. Əksər hallarda, əqli mülkiyyət hüququ bu qrup üçün öz gücünü üçüncü şəxslər üzərində hiss etdirmək üçün bir vasitədən başqa bir şey deyil. Yüksək modada əqli mülkiyyət hüququ brendin qorunmasına xidmət edir.

Sürətli moda isə bir qədər fərqlidir; sürətli moda dizaynerləri də çox vaxt hüquqlarını təqlidçilərə qarşı irəli sürmür. Bazarda məşhur brendlərin hamımızın saxta olduğunu bildiyimiz çoxlu mallarına rast gəlirik. Sual yaranır ki, bu brendlər niyə saxta malları bazardan sıxışdırıb çıxarmırlar? Əslində cavab modanın təbiətində gizlidir. Yazının əvvəlində modaya tərif verərkən əlavə etdim ki, moda cəmiyyətin ümumi davranış formasıdır. Bir şeyin modaya çevrilməsi üçün onu cəmiyyətin böyük əksəriyyətinin istehlak etməsi şərtdir. Sürətli moda dizaynerləri də bunu bilir və səssizcə təqlidçiləri izləyirlər. Çünki modada təqlid brendin daha da tanınmasına və geniş istifadə olunmasına gətirib çıxarır. Bazardakı L&V çantalarının saxta olduğunu hamımız bilirik və büdcəmizə uyğun olduğu üçün onu alırıq. Lakin istehlakçı olaraq onu da bilirik ki, L&V-un orijinalı olduqca keyfiyyətlidir və əgər büdcəmiz kifayət etsə idi, şübhəsiz seçimimiz ondan yana olardı. Bu düşüncəni yaradan modadırsa, modanı yaradan L&V kimi sürətli moda dizaynerlərinin əqli mülkiyyət hüquqlarının arxasınca getməməsi, təqlidçi rəqibi bazardan çıxarmamasıdır.
Sürətli modada da əqli mülkiyyət hüquqları passiv rol oynayır və təqlidçilər özləri bilmədən sürətli moda brendinin imicinin genişlənməsinə və modanın yaranmasına xidmət edirlər. Əqli mülkiyyət hüququndan istifadə edərək onları bazardan qovmaq yerinə, sürətli moda rəqiblərdən öz “agentləri” kimi istifadə edir.
Əziz oxucu,
Bloqumuzu oxuduğunuz üçün təşəkkür edirik. Yazını bəyənməyi, fikirlərinizi və suallarınızı şərh bölməsində bildirməyinizi və sosial şəbəkə hesablarınızda paylaşmağınızı xahiş edirik. Bizi Facebook hesabımızdan izləməyi unutmayın.