top of page

Orijinal Doktorantura Tədqiqat Mövzusunu Necə Seçməli?

Updated: Feb 25, 2022

Son illər müxtəlif səbəblərdən doktorantura təhsili almaq istəyənlərin sayı artıb. Doktorantura ali təhsilin son pilləsi, bu dərəcəni alan şəxs isə artıq elmdə müəyyən bir səviyyəyə çatmış hesab olunur. Girişdə bunu ona görə qeyd etdim ki, magistratura dərəcəsindən doktoranturaya keçid edən insanlar çox vaxt doktoranturanın əhəmiyyətini və məqsədini başa düşməkdə çətinlik çəkirlər. Doktoranturanın magistraturanın daha uzun versiyası olduğunu, sadəcə 50 səhifə yerinə 200-300 səhifəlik geniş bir iş yazmalı olduqlarını düşünürlər. Söhbət sadəcə işin həcmindən, vərəq sayından getmir.


Bu yazımda doktorantura dissertasiya mövzusunu seçərkən diqqət edilməli və qismən də tədqiqat planını hazırlayarkən nəzərə alınmalı məqamlardan bəhs edəcəyəm. Şəxsi təcrübəm hüquqi araşdırmalarla məhdud olsa da, başqa sahələr üçün də faydalı ola bilər.

 

Əvvəl magistratura işi yazmış biri üçün doktorantura işi yazmaq asan görünə bilər. Həqiqətən, akademik yazı qaydaları ilə magistraturada tanış olmuş və öz içində tutarlı bir elmi iş ortaya qoymuş biri üçün doktorantura, yazı qaydaları baxımından yeni deyil. Əsas fərq bu işlərin ortaya qoyduğu nəticələri və əhatə dairələrindədir.


Əksər universitetlərdə magistraturada çox yüksək keyfiyyətli dissertasiya tələb olunmur. Misal üçün, magistrantdan tələb olunmur ki, elmə yeni bir nəzəriyyə gətirsin və ya mövcud bir nəzəriyyəni əvvəllər tətbiq edilməmiş dərəcədə yeni bir formada və ya yeni bir problemə tətbiq edərək öz sahəsində elmə töhfə versin. Magistrantdan tələb olunan öz araşdırma sahəsindəki nəzəri və praktiki problemləri öyrənmək, onları sistemli analiz etmək və problemlərin həlli üçün ya bir həll yolu tapmaq, ya da mövcud həll yollarından birini seçməkdir. Ona görə, magistrantın irəli sürdüyü həll yolu doktorantdan tələb olunduğu ölçüdə yeni olmaya da bilər.

Üstəlik, magistratura işində mövzu daha spesifik olur (olmalıdır). Doktorantura işində isə mövzunun spesifikliyi ilə bağlı bir gözlənti olmasa da, adətən, geniş subyektlər dairəsini və müxtəlif yurisdiksiyaları əhatə edən mövzulara üstünlük verilir. Misal üçün, "ağıllı müqavilələr alğı-satqı müqaviləsi kimi" (müqavilənin mahiyyətini öncədən bir növ müqaviləyə spesifikləşdirən bir mövzu) yerinə, "ağıllı müqavilələrin hüquqi mahiyyəti" (müqavilənin mahiyyəti problemlərini müxtəlif aspektləri ilə araşdıran bir mövzu) doktorantura üçün daha uyğun ola bilər.


Bu müqayisə ona görə vacibdir ki, doktorant hələ tədqiqat mövzusu seçərkən bilməlidir ki, ondan bu sahədə əvvəl deyilməmiş bir şey demək ya da yeni bir yanaşma irəli sürmək gözlənilir. Məsələn, mənim araşdırma mövzumda bağlı fikirlərimi paylaşdığım professor həmişə məndən avtomatik olaraq eyni sualı soruşur: “Ədəbiyyatlarda bu yanaşmanı sizin kimi ya da başqa cür irəli sürən kimlər var?” Çünki əgər varsa, mənim doktorantura dissertasiyamın orijinallığı sual altında qalır və mən orijinallıq üçün bir çarə tapmalıyam.


Mövzu seçimini yeni-yeni ortaya çıxan problemlər və ya əvvəllər də mövcud olan, lakin, məsələn, texnologiyanın təsiri ilə daha da şiddətlənən problemlər arasından seçmək məqsədəuyğundur. Çünki belə mövzularla bağlı elmi yanaşma (adətən) hələ cavan olduğundan, yenilik gətirmək nisbətən asandır. Hərçənd, diqqətli olmaq lazımdır ki, mövzu üzrə elmi ədəbiyyatın kasadlığı araşdırmanın keyfiyyətinə mənfi təsir göstərməsin. Bu problemin öhdəsindən araşdırmanın əhatə dairəsini bir az genişləndirməklə gəlmək olar. Hər bir halda, arxanızı əminliklə söykəyə biləcəyiniz elmi ədəbiyyatın olması arzuolunandır.

Mövzu tapmaq üçün ən optimal vasitələr maraqlı olduğunuz sahə üzrə ən son elmi məqalələrə baxmaq ya da magistrantsınızsa, iştirak etdiyiniz dərslərdə müəllimlərə qulaq verməkdir. Bir çox hallarda, müəllimlər mühazirələrdə toxunduqları sahə üzrə daha çox araşdırmaya ehtiyac olduğuna dair işarələr verir. Elmi məqalələrin də, adətən, nəticə hissəsində hansı məsələlərlə bağlı qaranlıq məqamların qaldığını və daha çox araşdırmaya ehtiyac olduğunu bildirən cümlələrə rast gəlmək olur. Magistrantsınızsa, magistratura işinizi yazarkən ya da dərslərlə bağlı materialları oxuyarkən seçici gözlə oxumaq, oxuduqlarınızdan araşdırma mövzusu çıxarmağa çalışmaq vacibdir. Seçdiyiniz mövzunun orijinallığını sonrakı oxularınızla təmin edə bilərsiniz.


Bu günümüzün reallığıdır ki, belə mövzular çox vaxt internet və sair texnologiyalarla bağlı olur. Məsələn, elektron müqavilələr haqqında yazan bir məqalənin nəticə hissəsində blok zəncirində qurulan ağıllı müqavilələrə toxunula bilər və bu müqavilələrin hüquqi mahiyyəti ilə bağlı elmi yanaşmaya ehtiyac olduğu haqqında sizə fikir verə bilər. Bundan başqa, sosial elmlər sahəsində doktorant olmaq istəyirsinizsə, başqa araşdırma metodları haqqında da öyrənməyinizi tövsiyə edərdim. Mövzunuz yeni olmasa belə, metodunuz öz sahənizdə çox və ya heç tətbiq olunmayan, amma tətbiq olunsa, fərqli bir yanaşma gətirəcəyinə inandığınız bir metoddursa, bu, faydalı ola bilər.


Mövzunuzu seçdikdən sonra da iş bitmir. Bir çox tələbə orada səhv edir ki, mövzunu müəyyən etdikdən qısa müddət sonra tədqiqat planını yazıb işi bitmiş hesab edirlər. Halbuki, tədqiqat planını yaza bilmək üçün öz mövzunuzla bağlı elmi ədəbiyyatlara mümkün qədər hakim olmalı, oxumalı və mövzunuzdakı ən son durumdan, elmi yanaşmanın gəldiyi ən son nöqtədən, həll edilmiş və (və ya) yeni ortaya çıxan problemlərdən xəbərdar olmalısınız. Əlbəttə, tədqiqat planı mərhələsində hər şeyi oxuyub mövzunuz haqqında kamilləşməyiniz gözlənilmir. Amma elə bir ön araşdırma etməlisiniz ki, nəticəsində ortaya qoyduğunuz tezis (yanaşmanız) və araşdırma suallarınız sonradan araşdırmanı aparanda dəyişikliyə uğramasın.



Fərz edək ki, siz ön araşdırmanı tez-bazar edərək belə bir tezislə çıxış etmisiniz:


“Ağıllı müqavilələrin hüquqi mahiyyəti tərəflərin müqavilədə müəyyən qaydada təyin edilməlidir, çünki ağıllı müqavilənin hüquqi mahiyyətini əvvəlcədən qanunla təyin edilməsi bu müqavilələrin dəyişkən təbiətinə uyğun deyil”.


Yenə fərz edək ki, ağıllı müqavilələrlə bağlı elmi ədəbiyyat, əksinə, hüquqi mahiyyətin bu və ya digər formada öncədən qanunla müəyyən edilməsini dəstəkləyir və bu yöndə tövsiyələr verir. Bu halda, xoşbəxtsiniz ki, sizin tezisiniz orijinal bir fikri dəstəkləyir – siz yeni bir yanaşma qoyursunuz və bunu əsaslandırırsınız. Bura qədər hər şey yaxşdır. Bunu uğuru qeyd etmək üçün özünüzə yaxşı bir isti şokolad hazırlaya bilərsiniz - demək istəyərdim, amma tələsmək olmaz. Mümkündür ki, doktoranturaya başladıqdan sonra araşdırma etdikcə, oxuduqca və ya empirik araşdırma varsa, təcrübədən məlumat topladıqca agah olacaqsınız ki, əslində praktikada ağıllı müqavilənin tərəfləri belə qaydalar müəyyən etmirlər, çünki ağıllı müqavilə kodla yazıldığından bu səmərəsizdir (misal olduğunu unutmayaq). Elmi cəhətdən müdafiə edib əsaslandırsanız da, nəticənin praktiki baxımdan heç bir əhəmiyyəti olmayacaq və gedişatda da, orijinallıqla əlaqədar olmasa da, sırf nəzəri xarakterli araşdırmadır deyə əngəllərlə üzləşəcəksiniz.


Əgər bəxtiniz gətiribsə, bu faktla doktoranturanızın birinci ilindəcə tez qarşılacaqsınız. Əks halda, yanlış tezis və araşdırma sualları üçün puç edilmiş aylar ya da illərdən söhbət gedir. Çünki araşdırmadakı tezisinizin dəyişdirilməsi, araşdırma suallarınızın yenisi ilə əvəz edilməsi ciddi problemdir. Bunlara yol verməmək üçün tədqiqat planı mərhələsində, o cümlədən, planı bitirdikdən sonra doktoranturaya başlayana qədər ön araşdırmaya davam etmək, mümkünsə, öz sahəsinizdəki fərqli professor və tədqiqatçılar qarşısında planınızı müdafiə etməyiniz, plandakı tezisiniz və suallarınızı götür-qoy etməyiniz məsləhətlidir.


Bu dəfə, əsas etibarilə, doktorantura işində orijinallıq şərtindən yazdım. Əlbəttə ki, doktorantura işi sadəcə bundan ibarət deyil. Tədqiqat tezisiniz və suallarınız qədər önəmli bir məsələ var – metodologiya. Bu barədə isə növbəti yazıda yazacağam.

 

Əziz oxucu,


Bloqumuzu oxuduğunuz üçün təşəkkür edirik. Bu cür yazılar oxumaq istəyirsinizsə, fikirlərinizi suallarınızı saytda şərh bölməsində bildirməyinizi sosial şəbəkə hesablarınızda paylaşmağınızı xahiş edirik. Bizi Facebook hesabımızdan izləyərək və paylaşaraq təşəkkürünüzü bildirə bilərsiniz.

198 views0 comments
bottom of page