top of page

Pandemiyanın Qazananı - ZOOM: İnteraktiv Tədris üçün Tövsiyələr

Pandemiya başlayandan bəri bəzilərimizə tanış olan “Zoom” kimi video-konfrans proqramlarını daha aktiv istifadə edirik. Belə proqramları müsahibə, məktəb və universitetlərdə tədris və biznes toplantıları kimi bir çox məqsədlərlə istifadə etmək mümkündür. Müşahidələrimə əsasən, Azərbaycanda və dünyada pandemiyadan sonra bu proqram, xüsusilə, tədris üçün geniş istifadə olundu. Buna baxmayaraq, onlayn tədrislə yeni tanışlığımız və məsələnin texniki tərəflərinə yad olmağımız səbəbindən onun bütün imkanlarını bilmirik. Ona görə də, “Zoom” proqramında həm tələbə kimi, həm də bir sıra təlimçilik fəaliyyətlərim sayəsində öyrəndiyim bəzi taktikaları paylaşmaq istədim. Əsasən, mühazirə formatında yox, interaktiv müzakirə və mühazirə kimi hibrid formalı tədris metodlarına üstünlük verən şəxslər üçün bu bloq yazısı faydalı ola bilər.


Rəngli Prezentasiyalar və “Sadədən Mürəkkəbə”


“Zoom” proqramı kompüterinizin ekranını iştirakçılarla paylaşmağınıza icazə verir. (“Share Screen”) Onlayn təlim və ya dərsi prezentasiya ilə keçmək, mümkün olduğu qədər prezentasiyalardakı mətni qısa, vizual hissələri isə bol etmək iştirakçılarda maraq yaradır. İştirakçı üçün maraqlı təlimlərdə belə kompüterin qabağında saatlarla oturmaq yorucudur və bu yorğunluğu təlimçi mümkün qədər az, mövzu barədə lakonik danışaraq, sual-cavab formatlı müzakirəni təşviq edərək unutdura bilər. Bunların bir yolu da slaydlardan keçir. Sinif otağında slayd göstərmək üçün bəzən texniki maneələrlə üzləşsək də, ən azından “Zoom” kimi proqramlarda bunu etmək üçün bir-iki düyməyə sıxmaq kifayətdir. Slaydlar həm də ona görə tövsiyə olunur ki, iştirakçılardan kiminsə internet rabitəsi zəiflədikdə, təlimçini eşidə bilməsə də, ekranı izləyə bilsin və mövzudan geri qalmasın. Yoxsa mövzunun vacib məqamlarını qaçırdıqdan sonra qalanı iştirakçı üçün sadəcə yük olur.



Bu, sırf onlayn təlimlər üçün xarakterik olmasa da, əvvəlcə sadə anlayışları və terminologiyanı izah etmək, iştirakçıların sualının qalmadığından əmin olduqdan sonra mövzunun özəyinə keçmək məqsədəuyğundur. Hibrid formatda əvvəlcə mövzu haqqında məlumat vermək (qısa mühazirə), daha sonra internaktiv müzakirə aparmaq istəyirsinizsə, “sadədən mürəkkəbə” metodu kömək edə bilər. İştirakçılar ilk hissədə öyrəndikləri sadə bilikləri mürəkkəb sual və kazuslara tətbiq edərkən istər-istəməz müzakirə etməli olacaqlar.


Birlikdən Qüvvət Doğar: İki Təlimçi ilə Müzakirə


İnsan resurslarınızın imkan verirsə, interaktiv müzakirəni iki təlimçi ilə aparmağınız tövsiyə olunur. Bu, həm kompüter qarşısında ən az bir-iki saat oturacaq təlimçilərin iş yükünü bölüşdürməyə, həm də iştirakçıların fərqli simalar görərək mühazirəyə yox, müzakirəyə köklənməsinə kömək edə bilər. Texniki cəhətdən iki təlimçili müzakirələr ona görə əlverişlidir ki, bir təlimçi danışanda digəri moderatorluq edə, iştirakçıların sualı olub-olmadığını yoxlaya, “Zoom” proqramındakı çatda (“Chat”) gedən müzakirəni canlı söhbətə inteqrasiya edə bilər. Bunun bir neçə aydın səbəbi var. Birincisi, slaydları açıq qoyaraq müzakirə aparanda təlimçi çatı və iştirakçıları görməyə bilər. Vacib suallar çatda yazılanda ani reaksiya olmasa itib-bata bilir. İkincisi, Azərbaycanda tələbələr, adətən, sual verməkdən, fikir bildirməkdən çəkinirlər. Belə tələbələr “Zoom”-un funksiyalarından xəbərdardırsa, əl qaldırır (“Raise Hand”) ya da çatda sualını, fikrini qeyd edir. Hər iki halda danışan təlimçi bunları görməyə bilər. İkinci təlimçi bu mənada köməyinizə çata , auditoriyaya nəzarət edə bilər. Bəzən iştirakçılar təlim müddətində çatda yazaraq mənbə (məsələn, məhkəmə qərarının adı, linki və s.) xahiş edirlər ki, bunu da operativ qaydada cavablandırmaq olar.



Əgər bütün bunlara təlim zamanı vaxtınız yoxdursa, “Zoom” imkan verir ki, görüşdən sonra görüşün video-yazısı kompüterinizə yazılsın (“Record Meeting”). Bu video-yazı ilə birlikdə çat ayrı bir fayl kimi qovluğa əlavə olunur. Həmin sualları təlimdən sonra çatdan oxuyaraq, iştirakçılara e-mail yazaraq lazımi materialları göndərə bilərsiniz. Video-yazı xüsusiyyətindən istifadə etmək üçün mütləq görüşü yaradanda görüşün kompüterə yazılmasına icazə verməlisiniz, əks halda, nə görüşü yaza biləcəksiniz, nə də çat kompüterinizə yüklənəcək. (“Automatically Record Meeting on the Local Computer”)


İnsan resurslarınız əvvəlki paraqrafda yazılanları etməyə imkan vermirsə, yaxşı olar ki, iştirakçılara təlimdən əvvəl bəzi texniki məsələləri izah edəsiniz, xüsusilə, sualı olan tələbələrin ya əl qaldıraraq, ya da səslərini açaraq (“Unmute”) suallarını verə biləcəyini bildirəsiniz. Bu tədbirlə yanaşı, auditoriyadan kimisə öz köməkçiniz təyin edə və auditoriya ilə aranızda “körpü” yaratmağını xahiş edə bilərsiniz.

Hər bir halda, “Zoom”-da slaydları tam ekranda açaraq danışanda belə çatı eyni ekranda kiçik pəncərədə açmaq mümkündür. Düzdür, belə olanda təlimçinin slaydının bir hissəsini çat örtəcək, amma çatı slaydın boş hissəsinə yerləşdirmək mümkündürsə, bu metodu uğurlu saymaq olar. Təlimçi mövzunu slaydlarla danışarkən bir yandan çatı izləyə bilir.


İştirakçılarla Daimi Ünsiyyət və Fikirlərə Hörmət


İstər onlayn, istər üz-üzə təlimlərdə, dərslərdə iştirakçıların fikirlərinin dəyərli olduğunu hiss etdirmək lazımdır. Təlimçi elə ilk dəqiqələrdən o mesajı verməlidir ki, orada mikrofon təkcə təlimçi üçün işləməyəcək. Sözü olan hər kəs əl qaldıraraq və ya uyğun bir məqamda (məsələn, təlimçi slayddan slayda keçərkən) səsini açaraq bunu edə bilər. Qatıldığım əksər onlayn ya da üz-üzə görüşlərdə sual-cavab hissəsi sona saxlanılıb, təlim quru mühazirə kimi keçib. Sualı olan insan isə ya sona qədər qalmır, sonda o sual yaddan çıxır, ya da onda soruşmağa həvəs qalmır. Ona görə nə haqda danışdığınıza baxmayaraq, izləyici danışmaq istəyəndə susmaq və sualları cavablandırmaq lazımdır. Çatdakı suallar üçün eynisini demək olar. Çünki izləyicidə sual yarandısa, onu cavablandırmadan davam edəndə sonrakı müzakirəni izləmək onun üçün çətin olur. İnteraktiv müzakirə formatında təlimdirsə, izləyici hər zaman danışa bilməlidir. Siz mövzu haqda nə qədər məlumat versəniz də, izləyici sualına aldığı cavabı heç vaxt unutmayacaq, onun üçün sadəcə bilgi yox, biliyə çevriləcək.


“Zoom” kimi platformalarda interaktivlik üçün tematik oyunlardan və hüquqi mövzulu təlimdirsə, kazuslardan istifadə uğurlu ola bilər. “Zoom” imkan verir ki, iştirakçıları ayrı-ayrı otaqlarda qruplara böləsiniz (“Breakout Rooms”) və sizin əvvəlcədən müəyyən etdiyiniz məhdud vaxt çərçivəsində iştirakçılar öz aralarında müzakirə aparsınlar. Vaxt bitdikdə isə iştirakçılar avtomatik qaydada əvvəlki ümumi otağa yanınıza qayıdırlar. Hərçənd, bu xüsusiyyəti istifadə etmək üçün “premium” versiyanı müvafiq məbləğ müqabilində almaq lazımdır. Əgər sizin “Zoom” proqramınızda yoxdursa, qrup müzakirələrinə getmədən iştirakçıları bir-bir danışdıraraq da interaktivliyi təşviq edə bilərsiniz. Hər bir halda bu xüsusiyyət də faydalıdır.


Görünür, yaxın illərdə onlayn təhsilə öyrəşməli olacağıq, ona görə də, bu sahədə bir-birimizdən öyrənməliyik. Bu bloq yazısında "Zoom"-la olan təcrübələrimin mənə öyrətdiklərini sizlərlə paylaşdım. Unutmayaq ki, təhsil üçün yer, məkan və ya imkanlar əngəl təşkil etməməlidir.


Oxuyaq, öyrənək, öyrəndikcə paylaşaq!

 

Əziz oxucu,

Bloqumuzu oxuduğunuz üçün təşəkkür edirik. Yazını bəyənməyi, fikirlərinizi və suallarınızı şərh bölməsində bildirməyinizi və sosial şəbəkə hesablarınızda paylaşmağınızı xahiş edirik. Bizi Facebook hesabımızdan izləməyi unutmayın.

36 views0 comments
bottom of page