top of page

Təbii Hüquqdan Pozitivizmə: R.Dworkin Köhnə Düşmənləri Necə Barışdırdı?

Updated: Apr 11, 2020

Ali məktəb illərindən məndə heyranlıq oyandıran, amma kifayət qədər dərin biliklərə sahib olmadığımı düşündüyüm hüquq fəlsəfəsinə yenidən qayıtdım. Oxuyub tamamladığım Raymond Wacksın müəllifi olduğu Hüquq Fəlsəfəsinə Qısa bir Giriş əsəri yaxşı bir başlanğıc oldu. Düşündüm ki, bu kitabdan öyrəndiklərimi qeydə alıb bloqumda oxucularımla paylaşım. Hüquq fəlsəfəsinə birlikdə qayıdaq, düşünək, düşündürək!


1. Elm Harada Bitir, Fəlsəfə Harada Başlayır?


Hüququn fəlsəfəsini anlamazdan əvvəl, hüquq elmi və fəlsəfəsi arasındakı fərqi ortaya qoymaq lazımdır. Bu müqayisə isə bəzən qarışdırılan elm və fəlsəfənin müqayisəsindən fərqlənmir. Belə ki, elmin mövzusu hadisələridir; bir hadisə müşahidə edilir və elm onu izah etməyə çalışır. Fəlsəfədə isə bu anlayışlardır. Fəlsəfə ''hüquq nədir'', ''təbii hüquq nəzəriyyəsi nə demək istəyir'' kimi təməl suallara cavab axtarır, hadisələri izah etməyə çalışmır. İkinci fərq isə odur ki, elm təcrübə və müşahidə ilə izah edir, fəlsəfə isə məntiqin köməyilə. Fəlsəfədəki anlayışlar heç bir halda müşahidə edilə bilməz. Hüquq fəlsəfəsini hüquq antropologiyası və ya hüquq tarixi kimi elmlərdən fərqləndirən budur. Qısaca, elm və fəlsəfənin əvvəl mövzusu, sonra metodu onları bir-birindən ayırır.


2. Kilsədə Doğulub İnqilablarda Böyüyən Uşaq: Təbii Hüquq Doktrinası


Hüquq fəlsəfəsində təbii hüquq nəzəriyyəsinin yeri haradır? Təbii hüquq insan ağlı tərəfindən asanlıqla kəşf edilə bildiyi üçün təbiidir. Maraqlıdır ki, təbii hüquq doktrinasını ortaya atan orta əsrlərdə Avropada başlıca güc və hakimiyyət mənbəyi sayılan katolik kilsəsi olub. Katolik kilsəsinin hökmranlığı dövründə Müqəddəs Avqustin ədalətli olmayan dövlətin hakimiyyətini tanımır, ədaləti əsas meyar kimi qəbul edirdi. Tomas Akvinat isə təbii və ilahi hüququ insani (insan tərəfindən yaradılan pozitiv) hüququn mənbəyi kimi qəbul edirdi. Tomas Akvinat təbii hüquq deyərkən, Tanrı tərəfindən insan ağlına yerləşdirilən əbədi hüququ, ilahi hüququ deyərkən isə yazılı ilahi mətnləri nəzərdə tuturdu.


Thomas Aquinas, Italian fresco / Photo by Sylvio Sorcini

Təbii hüquq nəzəriyyəsinin ortaya çıxmasına təkan verən qüvvə kilsə ilə kral hakimiyyətləri arasındakı mübarizədə kilsənin qalib gəlmək istəyi idi. Ona görə də, təbii hüquqlara dair irəli sürülən erkən fikirlər həmin çağın dövlətlərinə qarşı yönəlmişdi, bir növ silah kimi istifadə olunmuşdu. Sonradan Hüqo Qrotsi, maraqlıdır ki, təbii hüquqla Tanrının iradəsi arasındakı bağı qoparmış, pis və ya yanlış olan şeylərin tanrısız da belə olacağını müdafiə etmişdi.


Təbii hüquq nəzəriyyəsinin davamçılarından Tomas Hobbs deyir ki, insan eqoist varlıqdır, hətta etdiyi yaxşılıqlarla da öz eqosunu tətmin etməyə çalışır. Ona görə də, sərhədsiz təbii hüquqlar zərərlidir, əvvəlcə sülh təmin edilməlidir (birinci qanun). Yalnız sülhdən sonra intizamı yaratmaq üçün insanlar bir-birilərinə hüquq və azadlıqlarını güzəştə getməli, ''müqavilə'' bağlamalıdır (ikinci qanun). Yenə də insan müqaviləyə sadiq olmaya bilər, buna görə də müqaviləni pozanlar cəzalandırılmalıdır. Bu cəzanı isə siyasi hakimiyyət verməlidir. (üçüncü qanun) Hobbs əxlaqı da həmin müqavilədə görürdü.

Təbii hüququn əsas tətbiq edildiyi yer II Dünya Müharibəsindən sonra nasistlərin mühakimə olduğu tribunallar idi. Nürnberq tribunalında pozitiv hüquq artıq əhəmiyyətsiz idi, çünki nasistlərin etdikləri pozitiv hüququ pozmurdu... Təbii hüquq lazım idi. Tribunal məhz bu səbəbdən üzünü təbii hüquq doktrinasına tərəf çevirmişdi.


Nürnberq Hərbi Tribunalı

3. Pozitivizmin Doğuşu və R.Dworkinin Fikirləri

Təbii hüquqa layiqli rəqib olmuş pozitivizmin baniləri J. Bentham ve J.Austinin ardıcıllarından olan H.Kelzen hər bir normanın arxasındakı güc təhdidini belə izah edir: bir oğru da, vergi müfəttişi də sizdən pul tələb edir, hər ikisində tələb eynidir, subyektiv iradədir. Amma norma birincini qadağan edərkən, ikinciyə icazə verir, hətta obyektivləşdirir.


Kitabda xüsusilə diqqətimi çəkən ali məktəbdəki fəlsəfə tədrisindən adını xatırlamadığım və onun haqqında yazmaq ehtiyacı duyduğum XX əsrin filosofu Ronald Dvorkinin (Dworkin) fikirləri oldu. Dvorkindən əvvəl pozitivizm, əxlaqı hüququn bir tərkib hissəsi kimi görmürdü. Hətta Cozef Raz (Joseph Raz) əxlaqa ehtiyac duymadan da hüququn insan davranışını tənzimləyə biləcəyini müdafiə edirdi. Pozitivizmi yenidən yazan Dvorkin irəli sürür ki, hüquq hər şeyi tənzimləyə bilməz. Əvvəl-axır elə vəziyyət yaranır ki, hakim yeni qayda müəyyən etməli olur. Hakim isə bu halda əxlaqa - yaxşı olana istinad edir. Kitabda verilən misallar bu mənada çox uğurludur.

Bir misalda miras sahibi öz iradəsi ilə vərəsə müəyyən edir, amma vərəsə mirası daha tez əldə etmək üçün onu öldürür. Bu halda vərəsənin mirasa haqqı olub-olmaması məsələsini müzakirə etsək, qanunda bu halı tənzimləyən bir qayda olmadığını görərik. 1899-cu ildə Nyu-York məhkəməsi bu işi bir prinsip tətbiq edərək həll etmişdi: heç kim öz xətasından qazanc əldə edə bilməz (Riggs Palmerə qarşı). Dvorkin, ona görə də, əxlaqın əslində təfsir yolu ilə hüququn içində olduğunu, əxlaqdan tamamilə arınmış hüququn mövcud olmadığını düşünür.


‘Yes, they would plunder this orphan…’; by Honoré Daumier

Onda belə bir sual ortaya çıxır: pozitivist baxımdan münasibəti tənzimləyən norma varsa, amma həmin norma əsas prinsiplərə ziddirsə, yəni hakim normanı tətbiq edərək əxlaqa zidd nəticəyə səbəb olacaqsa, nə etməli? Dvorkin deyir ki, bu halda ''basdırılmış xəta'' mövcuddur və belə xətaların sərhədi hakimin əli ilə məhdudlaşdırılmalıdır. Ümumi hüquq (common law) sistemi timsalında hakim əvvəlki presedentin bənzər yox, eyni işlərə tətbiq edilməli olduğunu qeyd edə və öz baxış bucağı ilə uzlaşmayan, əxlaqa ziddi qaydanın tətbiqindən yayına bilər.


4. R.Dvorkinə Tənqidi Yanaşmamız: Qitə Hüququnda Hakimin Hüquq Yaratma Sərbəstliyi


Ümumilikdə, Dvorkinin təbii hüququn müsbət elementlərini pozitivizmə gətirməsi, pozitivist nəzəriyyəyə şərh yolu ilə yeni nəfəs gətirməsi təqdirəlayiqdir. Ümumi hüquq sistemində hakimlərə tanınan sərbəstlik və yazılı qanunlardan çox, onların şərhindən meydana gələn presedentlərə olan etimad sistemində bu yanaşma rahatlıqla özünə yer edə bilər. Dvorkinin haqlı olaraq qeyd etdiyi kimi, hakim presedenti tətbiq edə və ya etməyə bilər və ya qanuna yeni bir şərh verərək tamamilə unikal bir qərar yarada bilər. Bu qərarın presedentə çevrilməsi isə sonrakı işlərdə hakimlərin əvvəlki qərara istinadından asılıdır.


Halbuki, Qitə hüququnda yazılı qanunların şərhində hakimlərə belə bir sərbəstlik tanınmadığı unutulmamalıdır. Doğrudur, bir çox Qitə hüquq sisteminə sahib ölkələrdə, o cümlədən, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 11-ci maddəsinin ikinci bəndində hüququn analogiyasına icazə verilir və bu halda ədalət, insaf və mənəviyyat tələblərinin nəzərə alınacağından bəhs edilir. Yenə də unutmaq olmaz ki, hüququn analogiyası sadəcə qanunun analogiyasını izləyən ikinci mərhələdir və bu mərhələdə belə hakimə mütləq sərbəstlik tanınmayıb. Qanun hakimin əməl etməli olduğu mülki qanunvericilik prinsiplərini müəyyən edib və sadəcə o prinsipləri tətbiq edərkən ədalət, insaf və mənəviyyata söykənməsinə imkan verib.

Bu baxımdan nə ümumi hüquq sisteminə xas olan hakimin hüquq yaradıcı səlahiyyətlərinə istinadən Dvorkinin “basdırılmış xətaları” bütün hüquqa şamil edilməli, nə də həmin sərbəstlik Qitə hüququndan gözlənilməlidir.


 

Mənbə:

1. Raymond Wacks, Hukuk Felsefesine Kısa Bir Giriş, Çeviren: Engin Arıkan, 4. bs., İstanbul, Tekin Yayınları, 2015.

 

Əziz oxucu,

Bloqumuzu oxuduğunuz üçün təşəkkür edirik. Yazını bəyənməyi, fikirlərinizi və suallarınızı şərh bölməsində bildirməyinizi və sosial şəbəkə hesablarınızda paylaşmağınızı xahiş edirik. Bizi Facebook hesabımızdan izləməyi unutmayın.

74 views0 comments
bottom of page