Təqliddən Yaradıcılığa: Akademik Yazının Bəlası Olan Qüsursuzluq Xəstəliyi
Bloqu mütəmadi izləyənlər bilir ki, artıq uzun müddətdir Hovard S. Bekerin “Sosial Elmi İşçilər üçün Yazmaq: Tezis, Kitab və ya Məqaləyə Necə Başlamalı və Bitirməli?” adlı kitabını oxuyur və öyrəndiyim şeyləri şəxs mövqeyimlə birlikdə oxucularla paylaşıram. Birinci, ikinci və üçüncüdən sonra eyni mövzuda dördüncü yazı olan bu bloqda akademik yazı yazmazdan əvvəl ədəbiyyatlarla işləmək və qüsursuzluq arzusu haqqında yazacağam. Yazıları bəyəndiyiniz təqdirdə, paylaşmağı, oxuyub-oxutmağı unutmayın!
YEDDİNCİ HİSSƏ
Yazının Üzərində İşləmək Yoxsa Dərc Etmək: Bax Sual Budur!
Yeddinci hissə mənim də çətinlik çəkdiyim bir mövzu ilə başlayır. Yazını bitirdikdən sonra qarşımıza çıxan o sual; dərc etmək yoxsa üzərində işləyib daha yaxşısını yazmaq? Bu sual o qədər dərindir ki, yazının keyfiyyətindən yazıçının xarakterinə qədər bir sıra amillər cavaba təsir edir. Əgər mükəmməliyyətçi (maksimalist) təbiətə sahibsinizsə, həmişə yazının daha yaxşısını yaza biləcəyinizi düşünəcək və yazını mümkün qədər təxirə salacaqsınız. Bu dilemmanı proqramçı və marketinq mütəxəssisi arasındakı anlaşmazlıq nümunəsində izah etmək olar. Mühəndis həmişə bir az da vaxt istəyib proqramdakı qüsurları aradan qaldırmaq, daha yığcam və anlaşılan bir proqram yaratmaq istəyir. Marketinq mütəxəssisləri isə müştərini və ehtiyaclarını düşünür. Əgər proqram müştərinin istədiyi keyfiyyətdədirsə, deməli, hazırdır. Əsərin hazır olub-olmadığını yazıçının subyektiv düşüncələri yox, obyektiv meyarlar müəyyən edir ki, bu meyarlar müştərilərin gözləntiləri ilə formalaşır. Yazdığınız məqalə, diplom işi ya da bloq yazısı da elədir. Hər bir yazını yazdıqca inkişaf etdirmək olar. Yeni-yeni oxucularla tanış etmək, rəy alıb yazını başdan yazmaq da olar. Lakin buna gərək varmı?

Mənim mükəmməliyyətçi təbiətim yazını dərhal yayımlamağa imkan vermir. Bəzi yazıları nöqtə-vergül xətalarına qədər üç-dörd dəfə, hərdən daha çox yoxlamaq istəyirəm. Bəlkə, ona görə bu vebsaytı yaradıb öyrəndiklərimi dərhal paylaşaraq orta yolu tapmağa çalışıram. Beker isə səbirsiz olduğunu, yazısının qarşılığında layiq olduğu təqdiri eşitməyə tələsdiyini etiraf edir. Buna görə də hazır yazını həddən artıq gözlətməyi xoşlamır. Deyəsən, ən vacibi bu “hədd”i müəyyən etməkdir. Bəs necə? Dəyişməz qaydamız – orta yolu tapmaq. Nə yazının üstünə çox əsib onu illərlə bir kənara atmaq, nə də yazını bitirən kimi yoxlamadan və həmyaşıdlarınızdan, müəlliminizdən rəy almadan yayımlamaq lazımdır. Unutmayaq ki, hər yazı qüsurludur və bir fikri ifadə etməyin sonsuz sayda yolu var. Tək doğru yol yoxdur! Bu dediyimi yazının “Giriş” bölməsində ilişib qalan, o mükəmməl başlanğıc cümləsini dəfələrlə yazıb-pozan insanlar yaxşı anlayar. Bekerin bu yerdə xatırlatdığı bir cümlə xoşuma gəldi: Suya girmədən üzməyi öyrənə bilməzsiniz! Hələ də üzməyi öyrənməmiş biri kimi, deyəsən, bu tövsiyəni hərfi mənada başa düşməliyəm.
Yazını bitirdikdən sonra onu dərc etməkdən çəkindirən şey qüsurlarınız ya da daha yaxşısınızı yazmaq ehtimalıdırsa, bunları unudun. Yazınınızı peşəkar və qeyri-peşəkar oxuculara oxutduqdan və səhvlərinizin üzərində işlədikdən sonra onu dərc etmək haqqında düşünün. Xüsusilə, hüquqda bəzi yazıların vaxtı keçdikcə köhnəlir, çünki hüquq dinamik, dəyişkəndir, yeni qanunlar köhnələri əvəz edir. Qanuna əlavə edilmiş yeni bir maddə haqqında yazdığınız yazınızı o ərəfələrdə dərc etməyib illərlə saxlasanız, o maddənin artıq qanundan çıxarıldığını ya da dəyişdirildiyini görə bilərsiniz. Bu halda yaşayacağınız kədəri təsəvvür etmək istəmirəm. Ona görə də, hüquqi mövzuda yazı yazırsınızsa, hüquq kimi dinamik olun.
SƏKKİZİNCİ HİSSƏ
Ədəbiyyatları Oxumaq: Təqlidçiliklə Yaradıcılıq Arasındaki İncə Xətt
Hər tələbə kimi bir mövzu haqqında yazmazdan əvvəl, yazılmış ədəbiyyatlar mənim də gözümdə böyüyür. Bu qədər qalın kitabları kim oxuyacaq, qeyd götürəcək, müqayisə edəcək?! Ən yaxşısı, heç əl dəyməmiş bir mövzunu götürüb, əsasən, öz fikirlərimdən ibarət bir yazı yazmaq deyil? Yox, deyil! Hərçənd elmi kəşfləri, ixtiraları görəndə elə bilirik ki, alim birdən-birə inqilabi bir kəşfə imza atdı, amma elmdə hər bir irəliləyiş on illər, əsrlər boyunca çəkilən zəhmətin, aparılan araşdırmaların məntiqi nəticəsidir. Nyutonun yaratdığı riyaziyyat (calculus) olmasaydı, Eynsteyn etdiyi kəşfləri daha gec edərdi, bəlkə, buna ömrü yetməzdi. Ona görə də, elmin düsturunu izləmək, daha öncə yazılmış ədəbiyyatları oxumaq və yaradıcı fikirlərimizi “onların çiyinlərində yüksəltmək” lazımdır.

Ədəbiyyatlarla işləyərkən diqqətli olub orta yolu tutmalısınız. Ədəbiyyatları oxumaq və onların izindən getmək təqlidçilik demək deyil və sizin akademik fəaliyyətiniz əvvəllər yazılmış işləri təkrarlamaqdan ibarət olmamalıdır. Bekerlə bu hissədə razılaşıram ki, yaxşı yazı üslubuna sahib olan bir yazıçının əsərindən faydalanmaq, onun kimi yazmağa çalışmaq olar, amma burada sadəcə üslubi cəhətdən faydalanmağın altından xətt çəkmək lazımdır. Bəzi yazıçılar uğurlu olmaq üçün ya da aid olduğu məktəbə işarə etmək üçün müəyyən klassiklərin adlarını çəkir, digərlərini unudur ya da bir kənara atır. Akademik ədəbiyyat içərisində belə ayrı-seçkilik də yolverilməzdir. Mövzunuzla əlaqədar nəsə demiş hər bir yazıçını, klassik və müasirləri oxumaq, süzgəcdən keçirmək, yazınızda bunlara yer verməklə bərabər, şəxsi yanaşmanı bu fikirlərin köməyi ilə əsaslandırmaq lazımdır.
Ədəbiyyatlardan çox istifadə edib şəxsi yanaşmanı ortaya qoymamağın bir neçə səbəbi ola bilər. Mənə orijinal yazıdan çox kolleksiyanı xatırladan belə yazı “üslubunun” səbəbləri arasında bizim cəmiyyətimiz üçün aktual olanı, məncə, səhv etmək qorxusudur. Klassik əsərləri oxuyan insan özünü akademik yazı yazmağa layiq bilmir, nə qədər etsə də, o əsərlərin səviyyəsinə çata bilməyəcəyini dərk edir, mükəmməl deyilsə, yazacağı yazını dərc etmək haqqında düşünmür. Halbuki, heç birimiz yazıda xətalara yol verməkdən sığortalanmamışıq. Hətta məqaləmizdə, kitabımızda ortaya qoyduğumuz yanaşmamız səhv ola bilər və ya bir müddət sonra başqa bir yanaşma əksini isbat edərək bizimkini kölgədə qoya bilər. Bəs elm belə inkişaf eləmir? Elmin izlədiyi mexanizm də bundan artıq deyil; yanlışları təsbit edərək doğrunu tapmaq. Doktorantura dərs dövründə bir professorun bizə dediyi və arada qaynayan cümləsi xoşuma gəlmişdi. Cümlənin məğzi bundan ibarət idi ki, akademik mühit səhv etməyin məqbul sayıldığı, faydalı olduğu yeganə yerdir, çünki səhv edərək sizdən sonrakıların səhvlərinin qarşısını alırsınız. Sələfləriniz sizin yanaşmanızla vaxt itirmir və həqiqətə daha da yaxınlaşır. Odur ki, mövzu üzrə əvvəlki yazıları, fikirləri oxumaq, onlardan maksimum faydalanmaq və şəxsi mövqeyinizi ortaya qoymaq lazımdır.
Bu yazımda kitabdan oxuduğum hissəyə dair öyrəndiklərimi və fikirlərimi sizlərlə paylaşdım. İstəyirəm ki, kitabı oxuduqca, yeni yazılarla qarşınızda olum. Əgər bu kitab və blog sizə maraqlıdırsa, zəhmət olmasa, şərhdə bildirin. Oxuduğunuz üçün təşəkkür edirəm.Bizi Facebook hesabımızdan izləməyi unutmayın.