Usedsoft v. Oracle İşi: “İkinci Əl” Kompüter Proqramlarını Sata Bilərik?

2012-ci ildə Avropa Birliyi Ədalət Məhkəməsi (bundan sonra – Məhkəmə) Usedsoft Oracle-a qarşı məhkəmə işində maraqlı və mübahisəli bir mövqe ortaya qoydu. Belə ki, “ikinci əl” kompüter proqramı lisenziyalarının satışını Məhkəmə proqram üzərində hüquq sahibinin surətçıxarma və yaymaq hüququnun ilk satışdan sonra tükəndiyini qəbul etdi. Bəs bu nə deməkdir? Bu dəfəki bloq yazımda kompüter proqramlarından, lisenziya müqavilələrindən və “ikinci əl” proqramların satışından danışacağam.


Kompüter Proqramı Nədir və Necə Qorunur?


Kompüter proqramı, onun ilkin mətni və obyekt kodu əksər ölkələrdə, o cümlədən, Azərbaycanda “Müəlliflik və Əlaqəli Hüquqlar Haqqında” Qanunun 6-cı maddəsinin 1-ci və 2-ci bəndinə əsasən, əsər kimi mühafizə olunur. Kompüter proqramını yaradan şəxs əsər sahibi hesab olunur və proqram üzərində şəxsi və əmlak hüquqlarına sahib olur. Əmlak hüquqlarına surətçıxarma, yaymaq, kirayə vermək, yenidən işləmək və qanunda sayılan digər hüquqlar daxildir. Proqramçı bu hüquqları müstəsna və ya qeyri-müstəsna lisenziya ilə digər şəxslərə verə və ya vərəsəlik qaydasında ötürə bilər.


Mühafizə olunan əsərlər arasında kompüter proqramları xüsusi yerə sahibdir. Belə ki, Qanunun 24-cü maddəsinə əsasən, kompüter proqramını lisenziya qaydasında alan istifadəçi şəxsi istifadə və ehtiyat üçün nüsxəsini çıxara bilər, proqramda texniki vasitələrinin fəaliyyəti üçün lazım olan qədər dəyişikliklər edə bilər. İstifadəçinin bu hüququ müəlliflik hüququnda internetin sayəsində tanış olduğumuz kompüter proqramları və məlumat bazaları üçün xarakterikdir.



Praktikada Microsoft kimi nəhəng şirkətlər Proqram Lisenziya Şərtlərində proqramın yalnız bir versiyasını (ya 32-bit ya da 64-bitlik versiyanı) kompüterə yükləməyə icazə verir. Ehtiyat nüsxənin isə proqramın kompüterə yenidən yazılmasından başqa məqsədlər üçün (məsələn, üçüncü şəxsə satılması məqsədilə) istifadəsi lisenziya müqavilələrində qadağan olunur. Qeyri-müstəsna lisenziya ilə verilən proqramı istifadəçi üçüncü şəxsə satmaq istəyərsə, lisenziyanı və proqramı üçüncü şəxsə güzəşt etməli və nüsxəni kompüterdən silməlidir.


Proqramın surətinin çıxarılması ilə əlaqədar qanunvericilik istifadəçiyə müəyyən sərbəstlik tanıyır, praktikada sahibkar qanunsuz yayılmanın qarşısını almaq üçün lisenziya müqavilələrinə xüsusi şərtlər əlavə edir. Yaymaq hüququ ilə bağlı vəziyyət isə surətçıxarma hüququndakı kimi asan deyil.


Kompüter Proqramını Yaymaq Hüququ


Kompüter proqramının istifadəçisi qanunun və lisenziya müqaviləsinin icazə verdiyi ölçüdə onun surətini çıxara bilər, lakin yaya bilməz. Çünki proqramın nüsxələrini yaymaq surətçıxarma kimi proqramçının müstəsna hüququdur və proqramın istifadəçiyə çatmasına xidmət edir. Bunun sayəsində şirkətlər nüsxələrin satışını həyata keçirə bilir, gəlir əldə edirlər. Ancaq burada bir istisnanı xatırlamalıyıq. Əqli mülkiyyət hüququna xas olan “ilk satışda hüququn tükənməsi” doktrinasına görə, əsərin müəyyən nüsxələrinin mülkiyyətin keçməsi yolu ilə ölkə daxilində ilk satış və ya paylanmasından sonra həmin nüsxələrin təkrar paylanması yaymaq hüququnu pozmur. Əşyalar üzərində cisimləşmiş əqli mülkiyyət obyektlərində bu doktrina kifayət qədər əhəmiyyətlidir. Bu doktrina olmasa, aldığımız telefonu “ikinci əl” telefon kimi satanda hüquq sahibinin əqli mülkiyyətdən irəli gələn iddiaları ilə qarşılaşa bilərdik.


Usedsoft v. Oracle İşi: İşin Halları və Tərəflərin İddiaları


Usedsoft Oracle-a qarşı iş ona görə dəyərlidir ki, Avropa Birliyi Ədalət Məhkəməsi bu doktrinanı kompüter proqramlarına tətbiq etdi, istifadə hüququnun (lisenziya sahibindən üçüncü şəxsə) təkrar verilməsini bu doktrinanın çərçivəsində qiymətləndirərək yaymaq hüququnun pozuntusunu tanımadı. Bu işdə Oracle şirkəti kompüter proqramlarını lisenziya ilə müştərilərin müddətsiz istifadəsinə verir və lisenziya müqaviləsində açıq şəkildə lisenziyanın təkrar (üçüncü şəxslərə) satışını qadağan edir. Usedsoft şirkəti Oracle müştərilərindən lisenziya açarlarını (license keys) qanuni yolla alır və “ikinci əl” proqram kimi öz müştərilərinə satır. Oracle şirkəti iddia edir ki, onun verdiyi lisenziyanı güzəşt etmək (üçüncü şəxslərə vermək) lisenziya müqaviləsində qadağan olunub. Usedsoft şirkəti isə Avropa Birliyi Kompüter Proqramları Direktivinin 4-cü maddəsinin 2-ci maddəsinə istinad edərək Oracle şirkətinin yaymaq hüququnun tükəndiyini iddia edir. Məhkəmə Usedsoftun arqumenti və əsaslandırması ilə razılaşıb.



Usedsoft v. Oracle İşi: Məhkəmənin Qərarı

Məhkəməyə görə, Oracle müştərisi kompüter proqramını endirən anda həmin proqram nüsxəsi üzərində Oracle şirkətinin yaymaq hüququ tükənib. Bununla belə, Oracle müştərisi nüsxəni üçüncü şəxslərə satarkən lisenziyasını “bölməməli”, başqa sözlə, öz lisenziyasını ləğv etməli və proqramı kompüterindən silməlidir. Maraqlıdır ki, Məhkəmə hesab edib ki, proqram nüsxəsinin təkrar satışından sonra Oracle müştərisinin həmin nüsxəni artıq istifadə edə bilməməsi üçün qabaqlayıcı texniki tədbirlər görmək Oracle şirkətinin öz məsuliyyətindədir.


Hesab edirik ki, Məhkəmə bu qərarında kompüter proqramının özünün təslim edilməsi ilə proqramı istifadə hüququnun (lisenziyanın) güzəşt edilməsinin ayrılmaz olduğunu təsbit etməkdə haqlı idi. Lakin kompüter proqramlarına dair məhkəmə işlərində proqramın digər əqli mülkiyyət obyektlərindən fərqli olaraq qeyri-maddi xarakteri nəzərdən qaçmamalıdır. Əşyanın satışında satış predmeti satıcının mülkiyyətini tərk etdiyi üçün satıcı sadəcə hüquqi baxımdan deyil, fiziki olaraq da obyekti istifadə edə bilmir. Kompüter proqramı kimi qeyri-maddi mallarda lisenziya sahibi təkcə lisenziya açarını sataraq gəlir əldə etməz, həm də qanun və ya müqavilə bunu qadağan etsə də, (faktiki olaraq) öz proqram nüsxəsini silmədən istifadə edə bilər. Ona görə də, məhkəmələr “ilk satışda hüququn tükənməsi” doktrinasını kompüter proqramları və ya məlumat bazaları kimi qeyri-maddi mallara tətbiq edərkən işin hallarından savayı, hüquq sahibinin sonrakı satışlara nəzarət üçün lazım olan texniki imkanlara nə dərəcədə sahib olduğunu qiymətləndirməlidir. Əks halda, proqram sahibi olan şirkətlər əqli mülkiyyətə qoyulan əməyin bəhrələrindən faydalana bilməz və hüququn tanıdığı mühafizə ciddi ölçüdə zəifləyə bilər.


Mənbə:


1. Aymen Masadeh, “Classification of Software Contract”, Mountbatten Journal of Legal Studies, Vol:IX, 2005, ss.43-64.

2. Mustafa Aksu, Fikir ve Sanat Eserleri Hukukunda Yayma Hakkının Tükenmesi ve Avrupa Adalet Divanının 3 Temmuz 2012 Tarihli Usedsoft/Oracle Kararının Hukukumuza Bu Açıdan Etkisi Bağlamında Değerlendirilmesi”, Ticaret ve Fikri Mülkiyet Hukuku Dergisi, No.1, 2015, ss.1-27.

3. Reto M. Hilty, Kaya Köklü & Fabian Hafenbrädl, “Software Agreements: Stocktaking and Outlook – Lessons from the UsedSoft v. Oracle Case from a Comparative Law Perspective”, International Review of Intellectual Property and Competition Law, Vol: XLIV, No:3, 2013, ss.263-292.

Əziz oxucu,

Bloqumuzu oxuduğunuz üçün təşəkkür edirik. Yazını bəyənməyi, fikirlərinizi və suallarınızı şərh bölməsində bildirməyinizi və sosial şəbəkə hesablarınızda paylaşmağınızı xahiş edirik. Bizi Facebook hesabımızdan izləməyi unutmayın

44 views

© 2019 by LeGalaxy Azerbaijan. Proudly created with Wix.com