Vuhan Korona Virusu (2019-nCoV) və TRIPs Sazişi: Patent Hüququ Ölümümüzə Səbəb Ola Bilərmi?
2020-ci ilin elə ilk günlərindən bütün dünyanı yeni bir virus təhdidi ağuşuna aldı. Vuhan Korona virusu adı ilə tanınan virusun nə qədər qorxulu olması bu yazının mövzusundan uzaqdır. Ancaq əminliklə demək olar ki, Korona virusundan daha təhlükəli bir şey var - virusa qarşı hazırlanan dərmanların həddən artıq baha olması, daha dəqiq desək, patent hüququ.
1. Patent hüququ və məcburi lisenziya
Əqli mülkiyyət hüququnu öyrənən hüquqşünas və ya tələbə əvvəlcə hüququ bilməli, sonra bildiklərini unutmalıdır. Unutmalıdır, ona görə ki, hüququn digər sahələrinə nisbətən olduqca özünəməxsus, müasir və daima dəyişən bir sahədən söhbət gedir. Əqli mülkiyyət hüququnun çərçivəsi o qədər genişdir ki, hüququn əsrlərdir yerləşmiş prinsip və qaydalarına ayaq uydurmur.
Bu yazıda əqli mülkiyyət hüququnun bir qolu olan patent hüququndan və məcburi lisenziyadan bəhs edəcəyik. Patent hüququ ixtiraçının ixtira üzərindəki hüququnu qoruyur. Bir ixtiraçı ixtirasına patent aldıqdan sonra həmin sənəd ixtiraçını təbii inhisarla “mükafatlandırır”. İxtiraçı patentini özü istifadə edərək məhsul istehsal edib sata və ya lisenziya müqaviləsi ilə istifadə hüququnu başqa şəxslərə verə bilər. Məcburi lisenziya əslində mülki hüququn bir çox prinsipindən fərqli xüsusiyyətlər göstərir. Xüsusən, mülki hüquqda qorunan müqavilə azadlığından. Məlumdur ki, müqavilə tərəflərin sərbəst iradə ifadəsi formasında qurulur. Heç kim iradəsi ziddinə müqaviləyə tərəf olmağa məcbur edilə bilməz. Belə ki, milli hüquqlarda, o cümlədən, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 339-cu maddəsində tərəflərdən birinin iradə muxtariyyətini zədələyərək bağlanan əqdlər etibarsız sayılmışdır.

Məcburi lisenziya, adından məlum olduğu kimi, patent sahibinin sərbəst iradəsi olmadan, müstəsna hallarda bağlanan müqavilədir. Məcburi lisenziya müxtəlif əsaslarla verilsə də, bütün əsasların mərkəzində bir meyar dayanır – ictimai maraq. Patent hüququ ilə mühafizə olunan obyektlər elm və texnologiyanın inkişafına xidmət edən irəliləyişlər olur. Bir çox hallarda əczaçılıq sənayesində ixtira olunan, hamımızın istifadə etdiyi dərmanların tərkibi, şübhəsiz, patentlə qorunur. Belə olanda dövlətlər patent hüququnun sahibinə bəxş etdiyi müddətli inhisarın qarşısını məcburi lisenziya ilə alır. Dövlət patent sahibinin əqli mülkiyyət hüququndan, iradəsindən asılı olmayaraq, ictimai maraqlar naminə hər kəsin faydalanmasını təmin edir, müqavilə azadlığı prinsipini bir kənara qoyaraq, patent sahibini lisenziya verməyə “məcbur edir”. Yoxsa patent sahibi öz istəyinə görə lisenziya verməkdə, istədiyi qiyməti müəyyənləşdirməkdə sərbəstdir. Bahalı lisenziya qiymətləri həmin ixtiralarla istehsal olunan məhsulların da qiymətinə ciddi təsir göstərir.
2. TRIPs Sazişində Məcburi Lisenziya və İctimai Sağlamlıq
Buna baxmayaraq, dövlətlər məcburi lisenziyanın verilə biləcəyi əsasların qapalı dairəsini (numerus clausus) qanunvericilikdə müəyyən edir. Ümumdünya Ticarət Təşkilatının Müqaviləsinə əlavələrdən biri 1994 tarixli Ticarətlə Əlaqədar Əqli Mülkiyyət Hüquqları Müqaviləsinin (bundan sonra - TRIPs) 21-ci maddəsində dövlətlərə lisenziya qaydalarını müəyyən etməkdə sərbəstlik verilib. Yenə də verilən məcburi lisenziyalar, bir qayda olaraq, lisenziyaların daxili bazarda istifadəsini nəzərdə tuturdu (TRIPs 31(f)). Başqa sözlə, Fransada qeydiyyata alınmış patent hüququ olan patent sahibindən yalnız Fransadakı digər şirkətlərə məhkəmə qaydasında məcburi lisenziya alına bilərdi. Lakin TRIPs Müqaviləsinə 6 dekabr 2005-ci ildə əlavə edilən Protokolla əczaçılıq sənayesindəki patentlərin məcburi lisenziya qaydasında xarici bazara ixracatı mümkün oldu (TRIPs 31-bis). Protokol, nəhayət, 23 yanvar 2017-ci ildə qüvvəyə mindi.

Protokolun qüvvəyə minməsinə qədər, misal üçün, HIV/AIDS xəstəliyinin müalicəsi üçün lazım olan dərmanların patentinə patent sahibi ictimai sağlamlıq üçün ən yaxşı halda daxili bazarda məcburi lisenziya verməli olurdu. Tutaq ki, ABŞ-da qeydiyyata alınan patent sahibini ABŞ məhkəmələri məcburi lisenziyaya “məcbur edirdi”. Patent sahibinin faktiki inhisarı zəiflədiyindən, lisenziya alan alternativ istehsalçılar daxili bazara eyni keyfiyyətdə dərmanları çıxardıqca dərmanların qiyməti daxili bazarda düşürdü. Ancaq inkişafda olan ölkələrə ixracat üçün belə lisenziyalar alına bilmirdi və patent sahibi olan böyük dərman şirkətləri bu dərmanları çox baha qiymətə üçüncü dünya ölkələrinə satırdılar. Yeni tənzimləmə sayəsində isə əczaçılıq məhsullarının məcburi lisenziya ilə ixracatı artıq mümkündür.
3. İctimai Sağlamlıq yoxsa Patent Hüququ: Qızğın Mübarizə?
2005-ci ildə TRIPs Sazişində bu əlavəyə gedilməsi heç də asan olmamışdı. Qlobal dərman şirkətləri və bu şirkətlərin əsas himayəçisi ABŞ ictimai sağlamlığın patent hüququnun önünə keçməməsi üçün lobbiçilik aparırdı. Lobbiçilik yalnız Ümumdünya Ticarət Təşkilatı qarşısında deyil, BMT İnsan Haqları Kommissiyası qarşısında da aparılır, ictimai sağlamlığın əhəmiyyəti mübahisələndirilirdi. Burada maraqlı nüans inkişafda olan üçüncü dünya ölkələrinin əqli mülkiyyət hüququnun yaratdığı imkanlar çərçivəsində apardığı mübarizə idi. Bu ölkələr mübarizədə hüquqa uyğun bir çıxış yolu tapmışdılar – hüquqların tükənməsi prinsipi.
Belə ki, əqli mülkiyyət hüququna hakim olan “hüquqların tükənməsi” prinsipə görə, hüquq sahibləri patentli və ya əmtəə nişanlı məhsulları bazara çıxardıqdan sonra həmin məhsulların sonradan alğı-satqısına qarşı hüquqlarını irəli sürə bilməzlər. Əslində gündəlik həyatda hamımız bu prinsipdən faydalanırıq. Məsələn, həm patent, həm də əmtəə nişanı qorunan “Samsung” brendli bir telefonu həqiqi istehsalçısından aldıqdan sonra, onu başqa şəxslərə sata bilərik. Çünki Samsung-un öz əmtəə nişanı və yaxud patentləri üzərində hüquqları mühafizə olunsa da, məhsul üzərində hüquqları tükənir. Beləcə, aldığımız orijinal “Samsung” telefonunu üçüncü şəxslərə satarkən “Samsung” şirkətinin heç bir hüququ pozulmur. “Samsung” öz hüquqlarını saxta istehsalçılara və ya əmtəə nişanını qanunsuz istifadə edib satış həyata keçirən şəxslərə qarşı irəli sürə bilər ki, bu başqa yazının mövzusudur. Lakin əqli mülkiyyət hüququ orijinal satıcıdan məhsul alan alıcının sonrakı satışlarında tükənir.

Böyük dərman şirkətlərinin xarici bazara məcburi lisenziya verməkdən imtina etmələrinə qarşı mübarizə üsulu da belə oldu. Çox vaxt inkişaf etmiş ölkələrdəki tükənmiş hüquqlardan istifadə edən inkişafda olan ölkələr paralel idxala əl atırdı. Məsələn, ABŞ-da məcburi lisenziya almış, ona görə də eyni tərkibli dərmanı daha ucuz qiymətə satan şirkətdən alınmış məhsullar inkişafda olan ölkələrdə ucuz qiymətə satılırdı. Bu təcrübənin qarşısını almaq isə, demək olar ki, mümkün deyildi. Çünki “hüquqların beynəlxalq tükənməsi” prinsipi qəbul edildiyindən artıq hüquqları ilk satışdan sonra tükənən patent sahibləri bu hüquqlarını orijinal məhsullara qarşı irəli sürə bilmirdilər. Dərman şirkətlərinin güzəştə getmələrinin səbəblərindən biri məhz bu oldu. Ya onlar məcburi lisenziya verərək lisenziya haqqı ilə kifayətlənməli, ya da paralel idxal qarşısında çarə axtarmalı idilər. İkinci seçim olduqca qəliz görünürdü. Digər tərəfdən, patent hüquqlarını qeydiyyata almayan üçüncü dünya ölkələrində hüquq-müdafiə mexanizmləri də əlverişsiz olurdu.
Hesab edirik ki, xüsusilə, qlobal səviyyədə tüğyan edən və bəşəriyyəti təhdid altına alan xəstəliklərə qarşı mübarizədə TRIPs 31-bis maddəsinin rolu danılmazdır. Bu gün ciddi təhdidə çevrilən 2019-nCoV və ya Vuhan Korona virusu kimi xəstəliklərin müalicəsi üçün ixtira olunan dərman tərkiblərinin patentlə mühafizəsi və patent hüququnun təbii inhisarına göz yumulması yanlış olardı. Bu cür patentlər ictimai və ya qlobal sağlamlıq naminə məcburi lisenziyaya tabe tutulmalı, ixracat məqsədilə də xarici şirkətlərə patent hüququ lisenziya ilə verilməlidir. Əks halda, qlobal səhiyyənin məhv olduğu bir planetdə bir dərman şirkətinin patent hüquqları heç kimə lazım olmayacaq.
Qeyd edək ki, Patent haqqında Azərbaycan Respublikasının Qanununun 20-ci maddəsinə 20 oktyabr 2009-cu ildə edilən dəyişikliyə əsasən, ixrac edilən patentləşmiş əczaçılıq məhsullarına məcburi lisenziya qaydaları müəyyən edilib. Mənbə:
1. Anselm Kamperman Sanders, "Compulsory Licensing and Public Health", Maastricht Journal of European and Comparative Law, Vol:11, No:4, 2004, pp. 337-346.
2. Başak Bak, "İlaçta Zorunlu Patent Lisansı", Ankara Barosu Dergisi, No:3, 2011, pp. 105-126.
3. Brin Anderson, "Better Access to Medicines: Why Countries Are Getting "Tripped up" and Not Ratifying Article 31-bis", Journal of Law, Technology and the Internet, Vol:1, No:2, 2010, pp. 166-182.
Əziz oxucu,
Bloqumuzu oxuduğunuz üçün təşəkkür edirik. Bəyəndinizsə, paylaşımı bəyənməyi, fikirlərinizi və suallarınızı şərh bölməsində bildirməyinizi və sosial şəbəkə hesablarınızda paylaşmağınızı xahiş edirik.