top of page

Xidmətin Görünüşü Və Hissiyyatı Əmtəə Nişanı Kimi Qoruna Bilər?

Updated: Jul 27, 2020

Əqli mülkiyyət hüququnun son illərdə ən sürətlə inkişaf edən sub-institutlarından biri əmtəə nişanı hüququdur. XXI əsrdə sahibkarlar ənənəvi əmtəə nişanlarından istifadə etməyə davam etsə də, müştəri ilə daha yaxın ünsiyyət qurmaq üçün digər üsullara da müraciət edirlər. Beləcə söz, rəqəm, şəkil, loqo və ya sloqan kimi ənənəvi, gözlə görə bildiyimiz nişanlardan başqa qeyri-ənənəvi nişanlardan istifadə aktuallaşıb. Əslində bu trend hələ XX əsrin ortalarından ABŞ bazarında başlayıb, 1985 və 1995-ci illərdən sonra yurisprudensiya və presedent hüququnun “razılığını” aldıqdan sonra yayılıb. Sahibkar qeyri-ənənəvi nişanların izindən ona görə gedir ki, bu nişanlar müştərinin bütün hissiyyat orqanlarına müraciət edir, sadəcə gözə yox, qulağa, buruna, dəriyə xitab edir, müştəriyə yaddaqalan təcrübə yaşadır. Bu cür nişanlara rəng, səs, qoxu, təmas nişanları, məhsulun və ya xidmətin forması, qablaşdırılması və ya dizaynı kimi məhsul və ya xidməti eyniləşdirən, onu rəqiblərdən fərqləndirən xüsusiyyətlər aiddir. Bu gün müştəri məhsulu sırf loqo və ya digər işarələrlə deyil, həm də məhsulun qoxusu, mağazanın dizaynı, müşayiət edən musiqi ilə tanıyır. Halbuki bu cür fərqləndirici xüsusiyyətlər güclü investisiya tələb edir. Lakin investisiya yeganə əngəl deyil; qeyri-ənənəvi nişanlar bir çox ölkədə hələ də əmtəə nişanı kimi qeydiyyata alınmır.


Bu dəfəki bloqda bütün qeyri-ənənəvi nişanlardan yox, məhsulun və ya xidmətin görünüş və hissiyyatından (look & feel) yazacağıq. Amerikan hüququnda buna həm də “kommersiya libası” (trade dress) deyilir. Yazı boyunca nədən bəhs etdiyimizi anlamaq üçün Apple şirkətinin mağazalarının dizaynını gözünüzün önünə gətirə bilərsiniz. Belə mağazaların birində olan şəxs istər-istəməz mağazanın interyer dizaynını digərlərindən ayıra bilər və ya dizaynın müştəriyə təqdim etdiyi rahatlığı, məhsulların düzülüşünü, masaların yaxınlığını və s. xatırlaya bilər. Bu, kommersiya libasıdır.



Amerikan hüququ kommersiya libasını əqli mülkiyyət hüququnun obyekti kimi tanınsa da, Avropa Birliyində kommersiya libasının mühafizəsi çətinliklə üzləşib. Məhsulun xarici görünüşü onun qablaşdırılması və forması şəklində qorunsa da, xidmətin xarici görünüşü adlanan kommersiya libasının qorunması mübahisəlidir. Mövzumuzu elə Apple şirkətinin nümunəsində bir şirkətin təklif etdiyi xidmətin, biznesinin xarici görüşününün qorunmasının mümkünlüyü ilə məhdudlaşdıracağıq.


Avropa Birliyinin Ədalət Məhkəməsi 2014-cü il tarixli Apple Store v. DPUM işində biznesin (xidmətin) ümumi imici və dekorasiyası üzərində müstəsna hüququ tanıyıb-tanımamaq mövzusunda tərəddüd etmiş, ancaq 2008/95 saylı Avropa Birliyinin Əmtəə Nişanı Direktivinin 2-ci maddəsinə əsasən, xidmətin görünüşünü dizayn nişanı kimi tanımışdı. Qeyd edək ki, Apple şirkətinin “Apple” sözü və loqosu bütün dünyada (ənənəvi) əmtəə nişanı kimi qorunsa da, mağazanın dizaynından ibarət olan nişanı şirkət ABŞ-da qeydə aldıra bilməmişdi. Avropa Birliyində isə bu, məhkəmə qaydasında reallaşa bilib. Məhkəmənin liberal yanaşmasının arxasında sözü gedən maddənin, demək olar ki, fərqləndiriciliyi olan hər şeyi əmtəə nişanı sayması dayanırdı. Bundan əlavə, mühafizə üçün Apple şirkətinə mağazanın təsviri, mebellərin düzülüşü və ölçülərini dəqiq göstərmək, bir sözlə, interyer dizaynı haqqında ciddi tələblər qoyulmurdu. Xülasə, Apple şirkətinin mağazasının dizaynının fərqləndirici və qrafik xarakteri Məhkəmənin müsbət yanaşmasına səbəb olmuşdu.



Bu gün bir sıra transmilli korporasiyalar təklif etdikləri məhsulun keyfiyyətini sadəcə məhsulun üzərindəki nişanlarla sübut etməyə çalışmır, eyni zamanda françayzinqlə dünyanın hər yerində açılan pərakəndə satış mağazalarında müştərinin rahatlığını düşünən və zövq oxşayan interyer dizayna üstünlük verirlər. Bir müddət sonra belə dizayn şirkəti rəqiblərindən fərqləndirən əlamətə çevrilir, eləcə də, müştərilər mağazanı mağazadan ayıra bilirlər. Şübhəsiz, belə olanda rəqiblər də dizaynı təqlid etməyə və müştəri toplamağa çalışır. Bu cür təqlidçiliyə qarşı ən optimal müdafiə mexanizmi isə əqli mülkiyyətdir.


Avropa Birliyinin Ədalət Məhkəməsi bu mühafizəni tanısa da, bəzi maraqlı nüansları müzakirə etməyi unutmayıb. Məhkəmə Apple şirkətinin mağazasının dizaynını xidmət nişanı kimi qoruyub-qorumamaq mövzusunda yeni bir səhifə açaraq məhsulun satışı üçün verilən xidmətin əmtəə nişanı xarakterini mübahisələndirib. Digər xidmət nişanlarından fərqli olaraq, mağazanın dizaynı müştəriləri Apple məhsullarını almağa təşviq edir. Müqayisə üçün, bankçılıq xidmətində bankın loqosu əmtəə nişanı kimi qorunur və bankın təklif etdiyi xidmətlərə yönəlir. Bəs Apple müştəriləri bir telefonu Apple brendinə görə yoxsa mağazanın dizaynına görə seçir? Bir Apple müştərisi olmadığım üçün bu suala cavab vermək mənim üçün çətindir. Lakin Məhkəmə burada iki tip xidməti fərqləndirir və bildirir ki, xidmət məhsul satışının əsas hissəsini təşkil etmədikcə, xidmət nişanı kimi qoruna bilər. Məhsul ilə xidmətin arasındakı xətti aşkara çıxaran bu yanaşmaya görə, misal üçün, Apple mağazasının dizaynı mağazadaxili məhsul nümayişi üçün təşkil olunan seminar xidmətləri üçün əmtəə nişanı rolunu oynaya və qoruna bilər. Bu tip xidmətlər pərakəndə satışa yönəlsə və hətta xidmətin dəyəri satılan məhsulla ölçülsə də, Məhkəmə mağazadaxili xidməti məhsuldan müstəqil olaraq xidmət saymış və mağazanın dizaynını əmtəə nişanı kimi mühafizə etmişdir.



Apple işində maraqlı məqamlardan biri də odur ki, Məhkəmə nişanın funksionallığını, ümumiyyətlə, müzakirə etməyib. Funksionallıq qeyri-ənənəvi nişanların qeydiyyatının qarşısında əsas maneə rolunu oynayır, mala görünüşünü verən və ya texniki nailiyyət üçün əhəmiyyət daşıyan formaların əmtəə nişanı kimi mühafizə olunmasına imkan vermir. Məsələn, hamımıza tanış olan adi butulka forması əmtəə nişanı kimi qoruna bilməz, amma Coca Cola butulkasının özünəməxsus forması əmtəə nişanı kimi qorunur. Əgər adi butulka forması onu ilk dəfə hazırlayıb bazara çıxaran şəxsin əmtəə nişanı kimi qorunsa idi, rəqiblər içkini doldurub satmaq üçün alternativ butulka formaları düşünməli olardılar ki, bu da əlavə xərc və rəqabətdə məğlubiyyət deməkdir. Funksional işarələr hətta müştərinin gözündə fərqləndiricilik qazansa belə, əmtəə nişanı kimi qorunmur. Apple mağazasının dizaynının funksionallığı isə mübahisə olunmayıb, çünki Məhkəmə hesab edib ki, forma və qablaşdırılma məsələsi mallara aiddir, xidmətlərə tətbiq olunmur. Xatırladaq ki, Alman Federal Patent Məhkəməsi tamamilə zidd görüşdə olub funksionallığı xidmət nişanlarına da aid edib, funksional xidmət nişanlarının mühafizə olunmayacağına qərar verib.


Görünüş və hissiyyatın, xüsusilə, xidmətlə əlaqədar əmtəə nişanı kimi qorunması hələ ki, mübahisəli mövzudur. Sahibkarların bu cür dizaynlar üzərində hüquqlarının yarandığını qəbul etsək də, bu hüququn əmtəə nişanı hüququ kimi rəsmiləşdirilməsi nə dərəcədə doğrudur? Müştəri Apple mağazasına Apple brendinin təklif etdiyi keyfiyyətə görə daxil olur, mağazadakı xidmətin rahatlığı aydın olsa da, son məqsəd məhsul alğı-satqısı olur. Buna görə də, müvafiq qurumlar və məhkəmələr görünüş və hissiyyatın nişan kimi qorunmasına müstəsna hal kimi yanaşmalı və müştərinin gözündə dizaynın fərqləndirici olduğuna şübhə duymadıqları halda əmtəə nişanı kimi mühafizə edilməsinə qərar verməlidirlər. Avropa Birliyi Ədalət Məhkəməsinin Alman və ABŞ hüququndan fərqlənən xidmətin funksionallığı haqqında yanaşması mübahisəsiz qəbul edilməməli, funksional dizaynlar heç bir halda əmtəə nişanı kimi qorunmamalıdırlar.


Mənbə:


1)Apple Inc. v. Deutches Patent- und Markenamt, Judgment of the Court (Third Chamber), Case C-421/13, 10 July 2014.

2)Ramirez-Montes, CJ, Trade marking the look and feel of business environments in Europe, 25 Columbia Journal of European Law 1, 2-21 (2018-2019).

 

Əziz oxucu,


Bloqumuzu oxuduğunuz üçün təşəkkür edirik. Yazını bəyənməyi, fikirlərinizi və suallarınızı şərh bölməsində bildirməyinizi və sosial şəbəkə hesablarınızda paylaşmağınızı xahiş edirik. Bizi Facebook hesabımızdan izləməyi unutmayın.

50 views0 comments
bottom of page