Yaponiyada Adət Hüququnun Qələbəsi: Bəs Yazılı Qanun Kim Üçündür?
Yaponiyada Kyushu Universitetində aldığım dərslərin birində söhbət Yapon Mülki Məcəlləsinin bir maddəsindən düşdü ki, maddənin dili məndə təəccüb doğurdu. Əslində Yaponiyanın mədəniyyəti və sosial strukturunu bilən birinə həmin maddə adi gələ bilər. Amma cəmiyyətdəki, demək olar ki, hər növ münasibətin hüquq norması ilə tənzimləndiyi yurisdiksiyalarda formalaşan hüquq düşüncəsində həmin norma sadəcə qeyri-adidir. Maddə ilə ilk dəfə tanış olanda professora bu maddənin, Azərbaycan daxil olmaqla, Kontinental hüquq sistemi ölkələrindəki qanun və adətin qarşılıqlı əlaqəsindən çox uzaq düşdüyünü desəm də, yapon professor maddənin kifayət qədər normal olduğunu vurğulamışdı, maddə ona qəribə gəlməmişdi.
Bu yazımda Yapon Mülki Məcəlləsinin 92-ci maddəsindən yazmaq, onu Azərbaycan Respublikasının Mülki Məcəlləsinin bənzər maddələri ilə müqayisə etmək istəyirəm. Almaniya və Fransa başda olmaqla, Kontinental hüquq sisteminin təsiri ilə hazırlanmış Yapon Mülki Məcəlləsindəki həmin maddənin Yapon mədəniyyətini necə əks etdirdiyini vurğulamaq istəyirəm. Xoş oxumalar!
Hər bir hüquqşünas kimi maddənin mətni ilə başlayaq:
"İctimai qayda ilə əlaqədar olmayan hər hansı qanun və ya qaydalardakı bir maddə ilə ziddiyyət təşkil edən bir adət hüququ varsa, hüquqi aktın tərəfləri adətə bağlı qalmaqda niyyətlidirsə, həmin adət üstün hüquqi qüvvəyə malikdir."
Maddənin mətnində iki dəfə işlənən şərt budaq cümləsi çətinlik yarada bilər. Sadə dildə belə izah etmək olar: tərəflər arasındakı münasibətə tətbiq oluna biləcək bir adət və bir hüquq norması varsa, həmin adət, hüquq normasına üstün gəlir və tətbiq olunur, bir şərtlə ki, tərəflər həmin adətin tətbiqinə niyyətli olsun. Lakin hüquq norması ictimai qayda ilə bağlıdırsa, adət yox, hüquq norması tətbiq olunur. 92-ci maddə ona görə maraqlıdır ki, Mülki Məcəllə adət qaydalarının hüquq normaları üzərində üstünlüyünü müəyyən edir və bu üstünlük qanunun təfsirində yox, birbaşa tətbiqində öz əksini tapır.

Azərbaycan Respublikasının Mülki Məcəlləsində də işgüzar adətlərlə hüquq normalarının münasibəti nəzərdə tutulub, amma fərqli qaydada. Müqayisə Yapon Mülki Məcəlləsindəki maddənin təsirini daha yaxşı göstərəcək. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 10-cu maddəsinin 2-ci bəndinə əsasən, "qanunvericiliyə və ya müqaviləyə zidd olan işgüzar adətlər tətbiq edilmir". Məcəllənin 11-ci maddəsinin 1-ci bəndinə əsasən, "mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir". Buradan aydın olur ki, qanuna zidd olan heç bir işgüzar adət Azərbaycanda tətbiq oluna bilməz. Halbuki, Yapon Mülki Məcəlləsi buna açıq-aşkar icazə verir. Azərbaycanda qanunvericilikdəki boşluğu doldurarkən isə, işgüzar adət yalnız uyğun qanunvericilik norması və ya müqavilə yoxdursa, tətbiq oluna bilər. Başqa sözlə, Azərbaycanda işgüzar adət, ictimai qayda ilə bağlı olub-olmamasına baxmayaraq, qanun və müqavilədən sonra gəlir. Yaponiyada isə bu, ictimai qayda ilə əlaqədar olan münasibətlərlə məhduddur.
Burada maraqlı bir sual ortaya çıxır. Yapon Mülki Məcəlləsindəki anlayışı əsas götürsək, qanun sadəcə ictimai qayda ilə əlaqədar olan, adətlər isə yerdə qalan bütün münasibətlər üçündür? Burada Yaponiyanın 19-cu əsrdəki hüquq tarixinə qısa nəzər yetirmək lazımdır.

Van Der Berg (2018) qeyd edir ki, Yapon Mülki Məcəlləsində adət qaydalarının qorunub saxlanılması Yaponiyanın Meici dövründə (1868-1912) başladığı məcəllələşdirmə motivi ilə bağlıdır. Avropadan fərqli olaraq, Yaponiyadakı məcəllələşdirmədəki məqsəd, birinci növbədə milli səviyyədə hüquqi birlik yaradaraq dövlət quruculuğuna töhfə vermək yox, həmin dövrlərdə Yaponiyanı müxtəlif vasitələrlə vassal halına salmağa çalışan Qərb ölkələrinə Yaponiyanın da vahid sivil hüquq sisteminin olduğunu göstərmək idi. Ona görə də, Yaponiya məcəllələşdirməyə getsə də, həmin dövrə qədər mübahisələrin həllində əvəzolunmaz rolu olan adət-ənənələri tamamilə tərk etməmək naminə belə bir qayda gətirdi.
Həqiqətən də, Yapon Mülki Məcəlləsinin 92-ci maddəsi bir çox adət normasının ictimai münasibətlərdə xüsusi rol oynamasına kömək edir, çünki bu maddə təcrübədə kifayət qədər geniş təfsir və tətbiq olunur. Geniş təfsir özünü onda göstərir ki, əgər bir işdə tətbiq oluna biləcək adət normaları varsa, tərəflər həmin adətlərin tətbiqini açıq-aşkar razılaşdırmasalar belə, yapon hakimlər tərəflərin belə bir niyyəti olduğunu güman edərək mülki qanunvericilik yerinə adətləri tətbiq edə bilir. Bu qayda adət hüququnu Yaponiya mülki hüququnun birbaşa mənbələri arasında yenidən daxil edir. Hətta adətlər mülki qanunvericiliklə ziddiyyət təşkil etsə belə, hakim yazılı hüququn yerinə, adəti tətbiq edə bilir. Eyni ssenarinin Azərbaycanda və yaxud bənzər qatı yazılı qanunların "aliliyini" qəbul edən Kontinental hüquq sistemi ölkələrində başverməsini təsəvvür etmək belə mümkün deyil. Sözsüz, Yapon Mülki Məcəlləsinin açdığı qapının ardında yapon hakimlərin səyləri və adət normalarının mülki qanunvericilikdən üstün şəkildə tətbiqində maraqlı olmaları vurğulanmalıdır. Hər halda, yazılı qanunlara sadiq qalan Kontinental hüquq sisteminin fəlsəfəsini tamamilə qəbul etmiş, ənənəvi yapon hüquq sisteminin və adət-ənənələrin əhəmiyyətini unutmuş hakimlərin çəkici ilə bu normanı bugünkü təsirinə nail olmaq olmazdı.

Yapon Mülki Məcəlləsinin bu günə qədər qoruduğu sistem yapon cəmiyyətinin strukturu və ənənələrinə cavab verir. Ənənəvi Yaponiyada, xüsusilə, Meici erasından əvvəlki dövrdə, yazılı hüquq mövcud olsa da, qanunlar adət hüquqlarını əvəzedici yox, tamamlayıcı funksiya daşıyırdı. Adətlər ölkənin ayrı-ayrı bölgələrində bir-birindən fərqlənirdi. Ancaq bu müxtəliflik cəmiyyətin ehtiyaclarına uyğun gəlirdi, çünki qüvvədə olan sistem Qərb ölkələrindəki kimi hüququn subyekti kimi fərdi yox, ailə və icmaları görürdü. Şübhəsiz, icma torpaqlarının idarə olunmasında ayrı-ayrı ailə və icmaların ehtiyacları və aralarında çıxan mübahisələrin xarakteri ölkənin bölgələrinə görə fərqlənir, adət normaları öz işini görürdü.

Bu gün adət normalarının hüquqa münasibətdə nə dərəcədə geniş tətbiq olunduğu, ən əsası, yapon cəmiyyətində ticari münasibətlərdə belə bir ehtiyacın tez-tez yaranıb-yaranmadığı mübahisəlidir. Yenə də, Yaponiyada yaşadıqca, "sərt" hüququn bir çox mövzuda ikinci dərəcəli olduğu, yaponların sosial normalar sayəsində öz ictimai münasibətlərini kifayət qədər yaxşı bir şəkildə tənzimlədiyini hiss edirsən.
Hesab edirəm ki, yazılı qanunların əhəmiyyəti danılmaz olsa da, ictimai qaydaya zidd olmadıqca, yazılı olmayan normaların - adətlərin qanunun yerinə tətbiqinə izin verməlidir. Texnologiyanın da sayəsində, insan münasibətləri mürəkkəbləşdikcə, yaxın gələcəkdə "sərt" qanunların öz yerini "yumşaq", daha elastik tənzimləmə mexanizmlərinə verəcəyini, qanunların isə daha çox bu adətlər uğursuz olduğu halda hüququn ümumi prinsipləri çərçivəsində müdaxilə edən, ikinci dərəcəli, daha ümumi və gec dəyişən vasitəyə çevriləcəyini düşünürəm. Hər şeydən əvvəl isə, cəmiyyət buna hazırlanmalı və maariflənməlidir.
Ədəbiyyat:
Azərbaycan Respublikasının Mülki Məcəlləsi. Bakı, 2000.
Yaponiya Mülki Məcəlləsi. 78 Nömrəli Düzəliş Aktı. 2006.
Peter Van Der Berg. (2018). Politics of Codification in Meiji Japan (1868-1912): Comparative Perspective of Position of Customary Law in Japanese Civil Code. 65 Osaka University Law Review 69.
Əziz oxucu,
Bloqumuzu oxuduğunuz üçün təşəkkür edirik. Bu cür yazılar oxumaq istəyirsinizsə, fikirlərinizi və suallarınızı saytda şərh bölməsində bildirməyinizi və sosial şəbəkə hesablarınızda paylaşmağınızı xahiş edirik. Bizi Facebook hesabımızdan izləməyi unutmayın.