Yaponiyada Təhsil: MEXT Tədqiqat Təqaüd Proqramını Necə Qazandım?
Updated: Jun 6, 2020
2019-cu ilin yaz-yay aylarında Yaponiyada təhsil almaq üçün tam təqaüd proqramı olan MEXT proqramına müraciət etdim və təqaüdü qazandım. Qərara aldım ki, bu təcrübəmi sizlərlə bölüşmək lazımdır. Bu dəfə təqaüdün verildiyi ixtisaslar, dil tələbi, tədqiqat mövzusunun əhəmiyyəti və müsahibə mərhələsinə dair tövsiyələrimdən yazmışam. Ümid edirəm ki, faydalı olacaq.
Özüm haqqında qısaca məlumat verim. Dövlət İdarəçilik Akademiyasının “Hüquqşünaslıq” ixtisası üzrə bakalavr (2016), Marmara Universitetinin “Özel Hukuk” ixtisası üzrə magistratura məzunuyam (2018). Tədqiqat sahəm əqli mülkiyyət hüququ, o cümlədən, məlumat bazalarının mühafizəsi və əmtəə nişanı hüququdur.
Bu bloqda təqaüd proqramının detalları haqqında məlumat verməyəcəm. Ona görə ki, Yaponiyanın Azərbaycandakı Səfirliyi tərəfindən artıq belə bir bələdçi hazırlanıb. Həmin sənədi buradan yükləyib oxuya bilərsiniz.
Mən bu yazıda təqaüd proqramında uğurlu olmaq üçün bəzi məsləhətlərimi verməyi planlaşdırıram. Tövsiyə edirəm ki, əvvəlcə linkini əlavə etdiyim sənədə göz gəzdirib, sonra bu yazını oxumağa davam edəsiniz.

1. Təqaüd üçün heç bir ixtisas məhdudiyyəti yoxdur.
Tədqiqat təqaüd proqramına bakalavr dərəcəsinə sahib olan ya da sonuncu kursda oxuyan bütün tələbələr müraciət edə bilərlər. Başqa sözlə, bu proqramda mühəndislikdən iqtisadiyyat, tibb və hüquqşünaslığa qədər bütün ixtisaslardan tələbələrlə yarışmalı olursunuz. Əsas amil isə öz sahənizə yaxşı bələd olmağınız, müraciət ərzində təqdim etdiyiniz “Tədqiqat layihəsindəki” (Research proposal) mövzunu müdafiə edə bilməyiniz və Yaponiyada təhsil üçün düzgün ifadə edilmiş motivasiyasınızdır. Təqaüd proqramı olduqca rəqabətlidir və son illərdə Azərbaycandan hər il 3 nəfərin qazandığını qeyd etmək lazımdır.
2. İngilis və ya yapon dilindən birini akademik səviyyədə bilməyiniz kifayətdir.
Bir çoxları düşünə bilər ki, bu proqramı qazansam da, yapon dilini öyrənə ya da bu dildə təhsil ala bilmərəm. Təqaüd proqramını qazanmaq və təhsil almaq üçün yapon dili şərt deyil. Əgər təhsil alacağınız universitet və proqram ingilis dilindədirsə, akademik ingilis dili bacarığınız kifayətdir. Mən heç bir yapon dili biliyim olmadan təqaüdü qazandığım üçün yapon dili bilməyin üstünlük sayılıb sayılmadığı mövzusunda fikir bildirə bilməyəcəm. İngilis dili səviyyəniz üçün isə əlinizdəki dil sertifikatlarından çox, Səfirliyin keçirəcəyi imtahanın nəticəsi həlledici olacaq. Hər bir halda proqramı araşdırmaçı tələbə kimi qazandığınız halda, magistratura və ya doktoranturaya qəbul olana qədər universitetdə təqaüd proqramı çərçivəsində yapon dilini öyrənə bilərsiniz.
3. Tədqiqat sahəniz və mövzunuz haqqında yaxşı araşdırma etməlisiniz.
Təqaüdü qazanmaq üçün ən vacib sənəd sizin tədqiqat layihənizdir. Ümumiyyətlə, Azərbaycanda magistratura və doktorantura proqramlarının düzgün anlaşılmadığını düşünürəm. Magistratura və doktorantura təhsili alan tələbədən gözlənilən həmin diplomları CV-sinə əlavə etməyi, beləcə yaxşı iş tapmaq şansını artırmağı yox, akademik sahədə fəaliyyət göstərməyi, tədqiqat aparıb nəticələrini yayımlamağı, bir sözlə, öz sahəsində elmin inkişafına töhfə verməkdir. Bu mənada Yaponiyanın sizin tədqiqatınızın aparılması üçün ideal ölkə olduğu üçün yox, Yaponiyada yaşamaq, təqaüd almaq, işləmək kimi sırf maddi gözləntilərlə müraciət edirsinizsə, uğursuz olacağınızı əvvəlcədən qəbul etməlisiniz.

Tədqiqat mövzunuz sizin akademik keçmişinizə uyğun olmalıdır. Yaxşı olar ki, bənzər mövzularda yayımlanmış məqaləniz və yaxud diplom işiniz olsun. Müsahibə mərhələsində jüriyə sübut etməlisiniz ki, sizin akademik keçmişiniz və bacarıqlarınız bu işi aparmağa imkan verir və Yaponiya sizin tədqiqatınız üçün adekvat ölkədir. İş təcrübəniz, qatıldığınız praktiki yönümlü təlimlər və ya könüllülük fəaliyyətləriniz ikinci, mən deyərdim ki, üçüncü, dördüncü plandadır. Mövzunuzun Azərbaycan üçün aktuallığına önəm verin.
4. "3S Qaydası": Müsahibədə səbirli, səlis və səmimi olun.
Bu qaydanı heç bir yerdən oxumamışam, lakin uzun müddətdir müsahibələrdə istifadə etdiyim metoda çevrilib. Müsahibə təcrübəniz varsa, həyəcanın öhdəsindən, yəqin ki, gələ bilirsiniz ya da öz metodlarınızı formalaşdırmısınız. Ancaq tədqiqat proqramı üçün müsahibədə siz gələcəyin akademiki kimi davranmalısınız.
Səbirli olmaq odur ki, sizə verilən sualları yaxşıca, sona qədər dinləyib həddindən artıq uzun cavablar verməyin, jürinin sözünü kəsməyin, imkan olsa, sualı eşitdikcə cavablarınızı bir dəftərçədə qısa qeyd edin. Yaponların etik davranışa nə qədər ciddi yanaşdığını deməyə, yəqin ki, lüzum yoxdur. :)
Səlislik, ingilis dilində (və ya yapon dilində müsahibəyə girəcəksinizsə, bu dildə) düzgün, akademik səviyyədə danışmaq, mövzudan, sualdan yayınmadan cavabınızı açıqlamaqdır.
Səmimi olun, yəni jüri ilə gülərüzlü söhbət edin, yaxşı tərəflərinizi (bacarıqlarınızı) önə çıxarın, amma qətiyyən yalan deməyin. Müsahibə mərhələsində mənə verilən ən çətin sual "Nəyə görə Avropa yox, Yaponiya?" sualı oldu. Hesab edirəm ki, suala səmimi cavab verməsəydim, təqaüdü qazanma şansım az olardı.
5. Yaponiya universitetlərindən əvvəlcədən qəbul və ya razılıq almağınıza gərək yoxdur.
MEXT Tədqiqat Təqaüd Proqramı üç mərhələdə həyata keçirilir:
I. Səfirlik mərhələsi
II. Universitetlərdən qəbul mərhələsi
III. MEXT tərəfindən təsdiq və yerləşdirilmə mərhələsi

Səfirliyə sənədlərinizi təqdim edib ingilis dili imtahanı və müsahibədə iştirak etdikdən sonra, əgər Səfirlik mərhələsini keçmisinizsə, universitetlərlə əlaqə saxlamalı olacaqsınız. Həmin ana qədər isə sizdən heç bir qəbul məktubu tələb olunmur. Ancaq tövsiyə edirəm ki, bu mərhələyə gələnə qədər, hətta müsahibədən bir-iki ay əvvəl universitetləri və oxumaq istəyəcəyiniz fakültələri, təxminən, araşdırıb planlarınızı müəyyən edəsiniz. Müsahibə mərhələsində sizin Yaponiya təhsil sistemi, sizdən tələb olunanlar və sizin qazana biləcəkləriniz haqqında məlumatlı olmağınız sizin üstünlüyünüz ola bilər.
Yazımı oxuduğunuz üçün təşəkkür edir, bildiklərimi az da olsa paylaşa bildiyimə ümid edirəm. Yazını oxuduqdan sonra sual və şərhlərinizi, zəhmət olmasa, şərh bölməsində qeyd edin. Həmin suallardan hərəkət edərək yeni yazılar yazmağa çalışacağam.