top of page

Thomas More - Utopia: İdeal Cəmiyyət Mövcud Ola Bilərmi?

Updated: Mar 21, 2020

Yeni yaratdığım saytımda yazacağım bloqlarımdan bir qismi oxuduğum kitablar haqqında söhbət formatında olacaq. Məqsədim oxucularla, xüsusilə, klassik əsərlərə qayıtmaq, təkcə mütaliə yox, həm də mükalimə etməkdir. Fəlsəfəyə olan marağımı maraq çərçivəsindən çıxarıb paylaşmaq, paylaşdıqca öyrənməkdir.


1. Tomas Mor və Utopia


"Renessans" (intibah) - "yenidən doğuş" deməkdir. İntibaha qədər bu doğuş artıq bir dəfə gerçəkləşmişdi. Antik Yunanıstanın miras qoyduğu mədəniyyətlə insan həqiqətə yaxınlaşmışdı. Lakin yaxşı şeylər, deyəsən, tez çatır ki, ilkin doğuş unuduldu. Erkən orta əsrlərdə mütləqiyyətin və kilsənin hakimiyyətinin təsiri ilə "ikinci bir doğuşa" ehtiyac var idi. Bütün Avropada yavaş-yavaş yayılmağa başlayan intibah Tomas Mor kimi dahilərin çiyinlərində yüksəlmişdir. Bu dəfəki yazımda sizlərə orta əsrlərin humanizm cərəyanın öncüllərindən və böyük siyasi xadim və mütəfəkkirlərindən olan Tomas Mor (ing. Thomas More) tərəfindən 1516-cı ildə latın dilində qələmə alınmış Utopiya əsərindən söz açacam. Əsərin hər hissəsinə yox, bir oxucu kimi məndə maraq oyadan tərəflərindən yazacam.

Tomas Mor 1478-ci ildə Londonda sonradan aristokratlığa yüksələn bir burjua ailəsində dünyaya gəlmiş, hüquq təhsili almışdır. İngiltərə siyasi həyatda vacib vəzifələrdə çalışan Tomas Mor katolik idi, təhsil aldığı müddətdə bir müddət monastırda yaşamışdı. Onun inancına bağlılığı Kral VIII Henry ilə münaqişəsinə və haqqında oxunan ölüm hökmünə səbəb olmuşdu. Xüsusi mülkiyyətin və pulun, qızılın, gümüşün olmadığı "xoşbəxt insanlar ölkəsinin" yerləşdiyi bir adadan bəhs edən Utopiya əsəri onun şah əsəri sayılır.


Əsərin böyük qismini səyyah Rafaelin dilindən dinləyirik. Rafael Ameriqo de Vespuççinin səfər yoldaşı olmuş, ancaq səfər sonrasında onunla qayıtmayıb bir neçə yoldaşla dünyanı gəzməyə davam edib. Müxtəlif millət, dövlət və idarəetmə formaları ilə yaxından tanış olub. Rafaeli Tomas Morla isə Morun dostu Peter Giles tanış edir. Lakin, əsərdə Morun özünün də dialoqlarda iştirak etməsi, məndə öncə bu ölkənin gerçəkliyi haqqında şübhə yaratdı. Görəsən, Utopiya gerçəkdə mövcud idimi, həqiqətən, Tomas Morun dünyanı gəzib görən dostu Utopiyaya getmişdimi yoxsa bunlar tamamilə təxəyyül məhsuludur? Yəqin ki, Mor bu dialoqlar vasitəsilə öz dünyasını Rafaelin hekayəsində yaradır, fikirlərini Rafaelin dilindən səsləndirir. Beləliklə, katolik kilsəsinə bağlılığını itirməyən, reformasiyaya qarşı çıxan humanist Mor özünü həmin dövrün azad fikrə olan təqiblərindən qorumağa çalışırdı.


2. Tomas Mor və Rafaelin Saray Həyatı Haqqında Düşüncələri


Dialoqlarının birində Mor Rafaelin yüksək zəkasına heyran qalıb soruşur ki, nə üçün sarayların birində kralın naziri kimi işləməyi, xalqa daha yaxşı xidmət etməyi düşünmür? Rafael isə kralın başının savaşlarla qarışdığından, onun kimi düşünən insanlara ehtiyac duymadığından şikayətlənir. Rafael düşünür ki, sərvətini artırmaqdan başqa heç nə haqqında düşünməyən krala onun kimisi lazım deyil, dedikləri qulaq ardına vurulacaq. Rafael qorxur ki, kralı əhatə edən dəlilər içində o da dəli olacaq. Rafaelin qorxusunu yumşaltmaq istəyən Mor düşünür ki, dəyişikliyi birdən yox, yavaş-yavaş həyata keçirmək, dikinə yox yanakı yaxınlaşmaq lazımdır. Əsərdə ən çox diqqətimi çəkən dialoqlardan biri olduğunu etiraf etməliyəm, çünki aydındır ki, bu gün aktual olan “çıxıb getmək yoxsa qalıb mübarizə aparmaq?” sualı və “dəyərsizləşdirilmək qorxusu” təxminən 500 il əvvəlin mütəfəkkirlərini də narahat edirmiş. Mor əsərdə Rafaeli kralın yanında xidmət etməyə inandırmağa çalışır. Əslində isə bunun bir dialoqdan çox monoloq xarakteri daşıdığı aşkardır. Ona görə ki, Mor özü uzun müddət XVI əsr İngiltərəsində çox yüksək vəzifələrdə çalışmış, sonra istefa etmişdi. Mor həmişə insanlardan uzaq, hətta zindanlardan darısqal otaqlarda ömrünü keçirməyə razı idi. Bunu etmək üçün gəncliyində bir müddət monastırda yaşamışdı.



3. Utopiyada Ölüm Cəzası


Əsərdə ölüm cəzası ilə bağlı vacib dialoqlar var. Rafaelin ingilis Kardinal Con Mortonla (ing. John Morton) olan söhbətində oğurluğa görə ölüm cəzasının tətbiqinə qarşı gətirdiyi arqument maraq doğurur. Rafael düşünür ki, qanunverici hər kəs üçün bərabər təhlükəsizliyi təmin etmədikcə, insanları əməllərinə görə mühakimə edə bilməz. Rafael daha da irəli gedərək insanların qanunun əli ilə bir-birilərini öldürmək haqqını özlərinə qazandırmalarını tənqid edir və əlavə edir ki, ''summum jus summum injuria'', yəni “həddindən artıq hüquq həddindən artıq haqsızlığa (ədalətsizliyə) səbəb olur”. Mor burada insanların oxuyub başa düşə bilməyəcəkləri saysız-hesabsız qanunlara görə mühakimə olunmasını ədalətsiz hesab edir. Rafaelin fikrincə, ideal cəza ictimai fayda ilə uzlaşan cəzadır. Yoxsa oğurluq edənlə adam öldürənə eyni cəza verən, ölüm hökmünə izn verən qanunverici hansı məqsədinə çatmış olur? Utopiyada ölüm cəzasının sonuncu cəzalandırma üsulu kimi tətbiq olunduğunu, cinayət törətmiş insanların kölələşdirildiyini və xalqın mənafeyi üçün işlədildiyini öyrənirik. Morun ölüm cəzasına dair fikirlərinin onun katolik dininə olan bağlılığından da təsirləndiyinə şübhə yoxdur.


4. Utopiyada bəzi insan haqları və azadlıqlar


Utopiyada diqqətimi çəkən məsələlərdən biri qurultaylar xaricində insanların toplaşıb dövlət idarəetmə məsələlərini müzakirə etməsinin qadağan edilməsi, hətta ölüm cəzası ilə cəzalandırılmasıdır. Bu cəzanın məqsədi əsərdə səlahiyyətli şəxslərin xalqla söhbətləşərək onları qiyama çağırmasının qarşısını almaq kimi göstərilib. Bütün siyasi idarəetməyə dair müzakirələr yalnız qurultayda, seçilmişlərin iştirakı ilə aparılmalı idi. Beləcə, dövlətə qarşı gizli sövdələşmələrin qarşısı alınacaqdı. Ancaq aydındır ki, Utopiyadakı nizam həm də sərbəst toplaşma azadlığının tanınmaması, ən ağır cəza ilə cəzalandırılması üzərində qurulub. Qiyam təhlükəsi olsa da, belə bir cəza cəmiyyətdə siyasi şüurun formalaşmasına birbaşa zərbə vurur. Idarəçilik sistemi səlahiyyətli şəxslərin təmsilçiliyi ilə ideal olmadıqca, belə bir sistem güc tətbiqi üzərində qurulmuşdur. Əslində Utopiyanın iddia etdiyi məhz ideal idarəçilikdir. Bu ideal dövləti Utopiyalılar elə qurublar ki, heç bir səlahiyyət sahibi o səlahiyyəti bir ildən çox əlində tuta bilmir. Ümumiyyətlə, Utopiyada daimi rotasiya sistemi həyatın hər sahəsinə nüfuz edib; hər ailə evini müəyyən müddət sonra dəyişir, beləcə, xüsusi mülkiyyət hissinin formalaşmasının qarşısı alınır.

Xüsusi mülkiyyəti olmayan Utopiyalı ailələr qruplar halında günorta və axşam yeməklərini xalq evlərində birlikdə yeyir, kəndlərdə yaşayanları çıxmaqla, heç kim evində yemək bişirmir. Birlik ideyasının lap uşaq yaşlarından insanlara aşılanması, birlikdə yeyib, birlikdə içmək, əylənmək vərdişlərinin öyrətilməsi ilə hər bir Utopiyalının ailəsi, əslində, bioloji valideynlər və ailə üzvlərindən daha genişdir, demək olar.


Utopiyada iş vaxtı 6 saatı keçmir. Güdülən başlıca məqsəd insanları lazımından çox işlətməmək, mümkün olduqca, tələbatları qədər istehsal etmək, iş vaxtını qısaltmaqdır. Beləcə, insanlar elmə və incəsənətə də vaxt ayıra bilər, bədənlərini köləlikdən xilas edə bilərlər. Başlıca amal bax budur. Katolik Morun yaratdığı bu ölkə xristiyanlıq daxil olmaqla, bir çox səmavi dinin təlqin etdiyi ölümdən sonrakı həyat üçün yaşamaq fəlsəfəsindən, maraqlıdır ki, uzaqdır. Utopiyalılar həyatın gözəlliklərindən həzz almağı da ruhun qidalanması üçün əhəmiyyətli sayırlar. Müasir dövrlə müqayisə etdikdə, məncə, insanlarda əskik olan, eyni zamanda insanların məhrum qaldıqları məhz budur - elm və incəsənətdən qopma, uzaqlaşma. Bir çox ölkədə insanlar nəinki 8 saatlıq iş rejimi ilə çalışmır, gününün təxminən yarısını işdə keçirir, belə olduqda asudə vaxtı olmayan insanlar elmdən, incəsənətdən bir qədər də şəxsi seçimləri üzündən uzaqlaşır. Şüurunu elmlə, incəsənətlə bəsləməyən insanın zaman-zaman ciddi xətalara yol verməsi təəccüb doğurmamalıdır.


Mor Utopiyalının simasında qadın və kişi arasındakı bərabərliyi bir çox məqamda dəstəkləsə də, bunun mütləq bərabərlik olmadığını, Morun, bəlkə də, dini inancından qaynaqlanan bəzi əxlaqi dəyərlərə sadiq qaldığını görmək mümkündür. Məsələn, bayram günlərində qadının ərinin ayağına qapanıb bağışlanma dilənir. Ailələrə qadın yoxsa kişi olmasından asılı olmayaraq ən yaşlı şəxsin başçılıq etməsi də bərabərlik kimi oxunmamalıdır.


5. Utopiyada Din


Utopiya sekulyar dövlətdir. Dövlətin əsasını qoyan kral Uthopus heç kimin dini inancına görə təzyiqlərə məruz qalmayacağını bir qanun kimi hər kəsə qəbul etdirə bilmişdi. Beləcə, Utopiyada ən müxtəlif dini inancda olan insanların bərabər yaşadığını, hətta eyni məbədlərdə ibadət edə bildiklərinin şahidi oluruq. Utopiyada elmə çox dəyər verilsə də, təhsilin təməlində əxlaq və ərdəmin aşılanması dayanır, tədris əxlaq keşikçiləri sayılan rahib(ə)lər tərəfindən aparılır. Baxmayaraq ki, burada dini məzmunlu təhsildən yox, cəmiyyətdə düzgün davranış qaydalarının, vətənə və xalqa sevgi kimi hislərin aşılanmasından söhbət gedir, bu təhsil sistemi də mübahisə edilə bilər.


Bu əsəri oxuyana qədər Utopiya mənim gözümdə “ideal bir cəmiyyət” idi – insanların xoşbəxt olduğu, müharibələrin, cinayətlərin olmadığı. Əsəri oxuduqdan sonra isə anladım ki, heç vaxt bütün xüsusiyyətləri ilə ideal bir cəmiyyət mövcud ola bilməz. Utopiyada ideal cəmiyyətin bir çox xüsusiyyətləri cəmlənib, amma hər bir ölkə, sistem, cəmiyyət kimi Utopiya da tənqid edilə bilər və hesab edirəm ki, edilməlidir. Belə bir ölkəni təxəyyülündə hələ XVI əsrin mühafizəkar İngiltərəsində qurmağı bacaran o şəxsə - Tomas Mora isə sadəcə heyran oldum. Bu yazını isə Utopiyanın son cümlələri ilə bitirmək istərdim:

“...Ümid edirəm ki, bir gün bu imkan əlimə düşər. Düzdür, dünya işlərini yaxşı bilən bu müdrik insanın hər sözünü qəbul edə bilmərəm, amma onu da gizlətməyəcəm ki, Utopiya dövlətinin bir çox xüsusiyyətlərini şəhərlərimizdə görmək istərdim. Bir ümiddən çox, bir arzudur bu...”

Mənbə:

1. Thomas More, Utopia, Çeviren: Sabahattin Eyüboğlu, Vedat Günyol, Mina Urgan, XXVI basım, Türkiye İş Bankası Kültür Yayınları, 2018.

2. Mina Urgan, Thomas More'un Yaşamı ve Utopia'nın İncelenmesi, XXVI basım, Türkiye İş Bankası Kültür Yayınları, 2018.

393 views0 comments
bottom of page