top of page

Youtube-da "Cover" Mahnı Paylaşımı Hüquq Pozuntusu Ola Bilərmi?

Youtube kimi istifadəçilərin sərbəst şəkildə video çəkib paylaşa bildiyi nəhəng bir platformanın ortaya çıxması ilə, demək olar ki, hər kəs müxtəlif məzmunlar yaratmağa və paylaşmağa başladı. Bu məzmunlar arasında, xüsusilə, fərqli aranjeman və improvizasiyalarla “cover” mahnılar gözə çarpır. Lakin bilməliyik ki, zəruri razılıq alınmazsa, “cover” mahnı hüquq pozuntusu təşkil edə bilər. Mahnını “cover” edərək paylaşan şəxs bir anda özünü məhkəmə qarşısında görə bilər. Niyə? Çünki hər mahnının müəllifi var. Bu bloqda Youtube-da paylaşılan "cover" mahnıların hüquqi mahiyyətini izah edib hüquq pozuntusundan yayınmaq üçün mövcud lisenziya rejimlərindən danışacağıq.


Mahnılar Əsər Kimi: Müəllifin Şəxsi və Əmlak Hüquqları


“Cover” mahnı deyəndə hər hansı musiqi əsərini fərqli formada ifa etmək nəzərdə tutulur. “Cover” müstəqil bir ifa olsa da, hər bir “cover” müəlliflik hüququ ilə qorunan bir musiqi əsərindən yaranır. Musiqi əsəri müəlliflik hüququnda əsər kimi qorunur. Azərbaycan Respublikasının Müəlliflik Hüququ və Əlaqəli Hüquqları Haqqında Qanununun 6-cı maddəsində mətnli və ya mətnsiz musiqi əsərləri müəlliflik hüququnun obyektləri arasında sayılıb. Musiqi əsərləri qeydiyyata alına bilər ki, bu qeydiyyat hüququn yaranması üçün deyil, mübahisə zamanı isbat üçün əhəmiyyətlidir.

Mətnli musiqi əsərində, əksər hallarda, ən az iki müəllif olur: mahnının sözlərinin (şair) və musiqisinin müəllifləri (bəstəkar). Bu halda mətnli musiqi əsəri şərikli əsər sayılır və mahnı üzərində şair və bəstəkarın şərikli müəlliflik hüququ yaranır. Müəlliflik hüququ müəllifə şəxsi və əmlak hüquqları verir. Bu yazının mövzusu baxımından, müəllifin əsəri kütləvi ifa etmək, yenidən işləmək (aranjeman) hüququ və yaymaq hüququ yada düşür. Başqa sözlə, müəllifin (hüquq sahibinin) icazəsi olmadan musiqi əsərini yaymaq, aranjeman etmək, kütləvi ifa etmək qadağandır.

Praktikada çox vaxt mahnı ərsəyə gətiriləndən sonra müəlliflər əsər üzərindəki hüquqlarını prodüserə müəlliflik müqaviləsi əsasında verirlər. Beləcə, mahnını “cover” edən şəxs həm hüquq sahibi olan prodüserdən, həm də əsərin şərikli müəlliflərindən icazə almalı (və ya lisenziya haqqı ödəməli) olur. İcazə alınarsa, şəxsin ifası sayəsində mahnı "cover"i üzərində ifaçı kimi əlaqəli hüquqları yaranır. Mahnının sözləri və musiqisi üzərində şair və bəstəkarın hüquqları yarandığı kimi, "cover" üzərində sizin əlaqəli hüquqlarınız yaranır. Beləcə, "cover"izi razılığınız olmadan çoxaldan, yayan və kütləvi nümayiş etdirən şəxslərə qarşı iddia qaldıra bilərsiniz.



"Cover" Mahnılar Üçün Hansı Lisenziya Rejimləri Mövcuddur?


Youtube-da paylaşılan ifalarda müəlliflər və ya hüquq sahibləri şikayət edərsə, Youtube sizin əsərə çıxışı bloklaya bilər və ya təkrarlanan pozuntu varsa, hesabınızı bağlaya bilər. Əvvəla, mahnının “cover” formasında ifası onun yayılması demək deyil, burada kütləvi ifadan söhbət gedə bilər. Ona görə də, müəllifin yayma hüququnu bir kənara qoya bilərik. Praktikada prodüserlər bunun üçün mexaniki lisenziya (mechanical license) verirlər ki, bu lisenziyaya uyğun olaraq, mahnı “cover”indən əldə edilən gəlirdən müəyyən bir hissə prodüserə verilir. Azərbaycan müəlliflik hüququ kontekstindən yanaşsaq, prodüserdən əlavə, müəllifə də qonorar verilməlidir. Amma mexaniki lisenziya vizual elementlərlə müşayiət olunan, yəni video formatında olan “cover” mahnıları əhatə etmir. Youtube-dakı kimi video ilə birlikdə paylaşılan bu tip “cover” mahnılar üçün prodüserdən sinxronizasiya lisenziyası (sync license) alınmalıdır. Bu lisenziyaları almaq çətin olmasa da, prodüserlərin və ya müəlliflərin iradəsindən asılı ola bilər. Narahat olmayın, burada Youtube sizin köməyinizə çatır.


Bəzi prodüserlər Youtube ilə bağladığı müqavilə əsasında, Youtube-un sizin “cover” mahnılarınız sayəsində əldə etdiyi reklam gəlirlərindən qonorar əldə edir. Platformanın istifadə etdiyi Content ID sistemi sayəsində paylaşdığınız video materialda müəlliflik hüququ ilə qorunan əsərlərin olub-olmadığı aşkarlanır. Əgər siz mahnını paylaşanda əlinizdəki lisenziyanı qeyd etməmisinizsə, Youtube özü hüquq sahibinin yerinə paylaşımınıza qarşı iddia (claim) qaldırır və videodan əldə edilən reklam gəlirinin bir hissəsini hüquq sahibinə verir. Belə olanda ödəməli olduğunuz qonorarı Youtube prodüserə ödədiyi üçün sizin nəsə ödəməyinizə gərək qalmır.


Razılıq Alınmayan "Cover"in Başına Nə Gəlir?


Prodüser və ya müəlliflər “cover” üçün ödənəcək qonorarı qəbul edə və ya etməyə bilər. Əgər onlar sizinlə ya da Youtube ilə heç bir danışığa getməyərək mahnının “cover”inə razı deyilsə, videonuza qarşı bəzi tədbirlər görə bilər. Belə ki, videonun səsi kəsilə bilər, müəyyən ərazidə və ya cihazlardan videoya çıxış məhdudlaşdırıla bilər və ya ümumiyyətlə, videoya çıxış əngəllənə bilər.


Bəzi müəlliflər və hüquq sahibləri “cover” mahnıları şikayət etmirlər. Bunun bir neçə səbəbi ola bilər; müəllif və ya ifaçı fanatların “cover” mahnılarını platformadan çıxararaq onları itirmək istəmir. Çünki mahnının "cover" edilməsi, fanatın o mahnıya olan rəğbətini göstərir və paylaşım silinərsə, bu fanatın müəllifə qəzəblənməsinə səbəb ola bilər. Etik məsələlərdən daha aktual səbəb isə “cover” mahnıların əslində orijinal mahnıya marağı artırmasıdır. Elə “cover” mahnılar olur ki, orijinalından daha çox sevilir, dinlənilir. Yenə də orijinal mahnı bu məşhurluqdan az-çox nəsiblənir, baxış və dinləmə sayı çoxalır. “Cover” mahnılar yeni müğənni və ya ifaçıların tanınması üçün yaxşı başlanğıc olsa da, hər bir halda hüquqi çərçivəni bilmək və hüquq pozuntularından yayınmaq üçün ehtiyatlı olmaq lazımdır.


Mənbə:

1. Jane Haskins, Esq., “Posting Cover Songs on Youtube? What You Need to Know?”, Legal Zoom, Accessed via here, 15 June 2020.

2. Chris Robley, “Posting Cover Songs on Youtube: Music Video Licensing Explained”, DIY Musician, July 19, 2017, Accessed via here, 17 June 2020.

 

Əziz oxucu,

Bloqumuzu oxuduğunuz üçün təşəkkür edirik. Bəyəndinizsə, paylaşımı bəyənməyi, fikirlərinizi və suallarınızı şərh bölməsində bildirməyinizi və sosial şəbəkə hesablarınızda paylaşmağınızı xahiş edirik. Bizi Facebook hesabımızdan izləməyi unutmayın.

74 views0 comments
bottom of page